12 Nisan 2013 Cuma

“Uğursuzluğu unutdurmaq üçün kuboku Lənkərana gətirməliyik” MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Sportinfo.Az-a müsahibə verib.

- Elnur, “Xəzər Lənkəran”ın ilk “altılıq”dan kənarda qalmasını təsəvvür edirdin?
- Heç vaxt. Yatsaydım da yuxuma girməzdi ki, ikinci “altılıq”da mübarizə aparacağıq. Həyatım boyu buna inanmazdım. Belə alındığı üçün inanın ki, utanıram. Heç bilmirəm ki, bu vəziyyətdə özümü necə toparlayacağam. Başqa komandada oynasaydım belə, yenə inanamazdım ki, “Xəzər Lənkəran” ilk “altılıq”dan kənarda qalacaq.
- Səncə, “Xəzər Lənkəran”ın ilk “altılıq”da kənarda qalması çempionluq mübarizəsinə marağı azaldıb?
- Buna siz özünüz qiymət verin də.  Təsəvvür edin ki, “Xəzər Lənkəran” ilk “altılıq”da olanda “Neftçi” ilə oyuna maraq nə qədər böyük idi. Hər iki komanda oyuna ciddi hazırlaşırdı. Bundan başqa, mətbuatda derbi oyununa aid maraqlı məlumatlar gedird. Bu da istər-istəməz ajiotaj yaradırdı. Digər tərfədən  bütün komandalar bura gələndə “Xəzər Lənkəran”a daha da ciddi baxırdı. Hər halda razılaşarsınız ki, bu gün azarkeş baxımından “Xəzər Lənkəran” camiəsi digər komandaları üstələyir. Mətbuat indi nədən yazacaq? “Qəbələ” və “Simurq”u çıxmaq şərti ilə qalan komandalar paytaxt klublarıdır.
- İkinci “altılıq”da mübarizə aparmaq sizin üçün ağır deyil ki?
- Nə qədər özünü oyuna kökləsən də, yenə də həvəssiz mübarizə olacaq. Belə baxanda ikinci “altılıq”  autsayderlə arada o qədər fərq var ki, mübarizənin dəyəri də yoxdur.  Şəxsən mənim üçün ikinci “altılığ”a düşmək elə audsayder olmaq kimi bir şeydir. Buna görə, öz adımdan lənkəranlı azarkeşlərdən üzr istəyirəm.
- Bu uğursuzluğu unutmaq üçün çıxış yolunu nədə görürsən?
- Yeganə məqsədimiz kubokdur. Başqa yolumuz yoxdur. Uğursuzluğu  unutdurmaq üçün  kuboku Lənkərana gətirməliyik. Bəlkə də ilk “altılıq”dan kənarda qalmağımız bizə bir dərs olar və kubokda finala çıxıb bu titulu qazanmağımıza yol aça bilər. İnanıram ki, uşaqlar toparlansa, kubokda öz sözümüzü deyə bilərik. Kişi kimi yığışıb oynamaq lazımdır. Artıq başqa şeylərə fikir verməməliyilk. Avrokuboklara ən rahat yolumuz kubokdan keçir.

Anar XANLAROV