Təsislər

                                                Stadion


Komandamız ev oyunlarını Lənkəranda, “Xəzər-Lənkəran” Mərkəzi Stadionunda keçirir. UEFA nümayəndələrinin fikrincə, bu idman arenası keçmiş SSRİ ərazisində ən yaxşılar sırasındadır. Ən yüksək standartlara cavab verən stadionumuzun rəsmi açılışı 2006-cı il avqustun 11-də gerçəkləşib. Açılış mərasiminə ölkə prezidenti İlham Əliyev Cənabları da təşrif buyurmuşdu. Açılış axşamı komandamız üçün düşərli oldu: stadionda keçirilən ilk matçda “Xəzər-Lənkəran” “Neftçi”ni məğlub etdi – 2:1.
________________________________________________________________________________

                                                 Otel 

“Xəzər Lənkəran” üçün yeni təlim-məşq mərkəzi hazırdır

“Xəzər Lənkəran” oyunlara yeni, daha müasir və beynəlxalq standartlara cavab verən təlim-məşq mərkəzində hazırlaşır. 2009-cu ilin aprel ayının 5-də Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Standard” oyunundan öncə “Xəzər Lənkəran” mərkəzi stadionunun ərazisində inşa edilmiş yeni təlim-məşq mərkəzinin açılış mərasimi keçirilib.

Təlim-məşq mərkəzinin açılış mərasimində bir sıra tanınmış şəxslər, o cümlədən “Palmali” Şirkətlər Qrupunun prezidenti və “Xəzər Lənkəran” Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimovla “Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov, Azərbaycan Dövlət Neft Şirkətinin və eyni zamanda AFFA prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları Ruhani Idarəsinin rəhbəri Allahşükür Paşazadə, Lənkəran rayonu İcra Aparatının başçısı Süleyman Mikayılov, “İSR Holdinq”in prezidenti İskəndər Xəlilov və digər mötəbər qonaqlar iştirak etmişlər. Yeni qurğu klub və komanda üzvlərinin, eləcədə qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 4 mərtəbəli binadan, böyük hovuz (30m*17m), sauna və trenajor zallarından, 60 nəfərlik yeməkxanadan ibarətdir. Binanın 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada həmçinin bilyard və tennis masaları yerləşdiriləcək ki, sakinlər boş vaxtını fəal istirahətə həsr edə bilsinlər.


Mərkəzin binasında 43 otaq olacaq - bunlardan biri prezident otağı, 14-ü lüks tipli otaq, digərləri isə adi iki nəfərlik otaqlardır. Futbolçuların sağlamlığı, fiziki hazırlığı və zədəsonrası bərpası prosesinə xüsusi diqqət ayırmaq məqsədilə mərkəzdə xüsusi avadanlıqlarla təhciz edilmiş müayinə, fizioterapiya və masaj otaqları fəaliyyət göstərəcək. Mərkəzin ərazisində yaşıllıq salınıb, süni şəlalə qurulub. Mərkəz yüksək sürətli İnternet xətti ilə də təmin edilmişdir.
_________________________________________________________________________________

                                            Tibb mərkəzi


Klubumuzun Lənkərandakı bazasının ən müasir elementlərindən biri burada fəaliyyət göstərən tibb mərkəzidir. Ölkənin bir nömrəli peşəkar idman həkimi Boris Xetaqurovun rəhbərlik etdiyi tibb ocağında futbolçularımızın fiziki sağlıq və hazırlığını təmin etmək üçün hər cür şərait yaradılıb. Azərbaycanda analoqu olmayan tibb mərkəzi ən müasir avadanlıqla təhciz edilib.