3 Şubat 2013 Pazar

Xəzər Lənkəranın son yoxlama matçında nələr baş verdi?



Xəbər verdiyimiz kimi, ötən gün "Xəzər Lənkəran" Antalya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirdi. Azerisport.az xəbər verir ki, komandan son rəqibi Bolqarıstanın yüksək liqa təmsilçisi olan "Etır" klubu idi.



Start heyətdə bu futbolçular yer almışdı: Toni Doblas, Manuel Skarlatake, Alvaro Silva, Vanderson Skarduelli, Elnur Allahverdiyev, Elnur Abdullayev, Roberto Alviz, Adrian Pit, Uğur Pamuk, Elnur Cəfərov və Dimitrios Sialmas.

Oyunda ilk təhlükəli epizodu yaradan tərəf XL oldu. Görüşün 10-cu dəqiqəsində Sialmas rəqib qapısına zərbə endirsə də, qapıçı topu tuta bildi. 15-ci dəqiqədə isə “Xəzər Lənkəran”ın qapısı qarşısında müəyyən qarışıqlıq əmələ gəldi. Doblas qapını tərk edərək topu uzaqda "Etır" futbolçusunun ayağının altından çıxarmaq istədi, rəqib isə ispan qolkiperi aldadaraq komanda yoldaşına ötürdü, sonuncu da topu demək olar ki, boş qapıya vurdu - 0:1. Oyunun təxminən 43-cü dəqiqəsində "Etır"ın müdafiəçiləri səhvə yol verdilər və Uğur Pamuk topu əldə edərək irəliləməyə başladı. O, korner nöqtəsinin yanından rəqibin cərimə meydançasına düz Sialmasın önünə gözəl ötürmə verdi ki, Dimitrios da iki müdafiəçi arasından topu qapıya tərəf istiqamətləndirdi, ancaq mərmi dirəyə dəyərək geriyə döndü.

İkinci hissəyə komanda fərqli heyətlə çıxdı. Sadio Tounkara, Marin Orsuliç, Orxan Sadıqlı və düşərgəmizdə baxışda olan kostarikalı futbolçu Uilyam Fillips Farley meydanda Toni Doblası, Uğur Pamuku, Elnur Abdullayevi və Elnur Cəfərovu əvəzlədilər. Vurğulamaq lazımdır ki, ikinci hissədə komanda demək olar ki, "Etır"ı meydanın rəqibə aid olan hissəsinə sıxışdırmışdı. 48-ci dəqiqədə "Xəzər Lənkəran" ilk hissədə buraxdığı qolun cavabını verdi. Hücum zamanı komanda rəqibin cərimə meydançasına doğru irəlilədi, ancaq orada "Etır"ın futbolçuları çox olduğundan top geriyə, arxada olan Marin Orsuliçə ötürüldü, sonuncu isə çox düşünmədən təxminən 30-35 metr məsafədən topu düz doqquzluğa göndərdi - 1:1.

Növbəti dəyişikliyə əl atan baş məşqçi Roberto Alvizi, Dimitrios Sialması, Adrian Piti və Manuel Skarlatakeni meydançadan çıxararaq oyuna Kamran Abdullazadəni, Gökhan Güleçi, Kazım Kazımlını və Eder Bonfimi daxil etdi. Bu dəyişikliklə oyunun tempi və rəqib qapısına olan təzyiq heç də zəifləmədi. 75-ci dəqiqədə Eder təxminən 35-40 metr məsafədən qapıya zərbə endirdi, ancaq yenidən top qapı tirinə dəyərək geri qayıtdı. 85-ci dəqiqədə isə "Etır"ın əks-hücumu zamanı Sadio rəqib futbolçusunu kobudluqla dayandırdı ki, bunun nəticəsində hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. Rəqib futbolçu və məşqçi heyəti bu qərarı alqışlasa da, onlara bu oyunda növbəti qol sevincini yaşamaq nəsib olmadı: penalti zərbəsini Orxan gözəl sıçrayışla dəf etdi.

Beləliklə son yoxlama oyunu 1:1 hesabı ilə bitdi.

mənbə:azerisport.com