5 Şubat 2013 Salı

Anamaria Prodan “Xəzər Lənkəran”, Rednik və Azərbaycan futbolu haqda nələr danışdı (Müsahibə)



"Özü də bu iş ehtiyatla görülür, hər futbolçuya qarşı edilmir ki, problem şişməsin, ictimaiyyətə çıxmasın"



Məşhur menecer Anamaria Prodan da “Neftçi”nin yerləşdiyi “Mardan Sport Complex”də idi. Azərbaycan futbolu haqda söhbətindən sonra müsahibə təklif elədim. Onda bildi ki, mən həmin düşərgədə reportyor kimi fəaliyyətdəyəm, danışdıqlarını sərhəd çərçivəsinə salmağa başladı. Prodan həmin kompleksdə hazırlıqlarını davam etdirən Rumıniyanın “Panduri” klubuna bir neçə futbolçu təqdim eləmişdi və buna görə orada idi.

Söhbətdə bir çox maraqlı məqamları açmışdı. Məsələn, dedi ki, Azərbaycan futbolunda elə rəhbər şəxslər var ki, onlar bir şəbəkədi, yığmanın baş məşqçi postu, yığmanın üzvləri, bəzi klublara legioner tranfseri məsələləri onların inhisarındadı: “Bu şəbəkə sizin futbolunuzu çox geri salır, öz standartlarını tətbiq edirlər, futboldan baş çıxarmadıqları aydın bilinir, ona görə sizin futbol azı 10 il inkişafdan geri qalıb mövcud maliyyə bazası qarşısında”.

Prodanın “Xəzər Lənkəran” haqda dediyi lap heyrətləndirici oldu, ancaq müsahibin icazəsi olmadığına görə tam yox, təfsilatın yarısını bu sitatda qeyd edirəm: “Lənkəran klubu futbolçuları transfer edir, müqavilə bağlanır, hər şey qaydasına düşübmüş kimi olur, birdən problem başlayır və onlar futbolçuya əsl simalarını göstərirlər. Məsələn, futbolçuya pulun tam məbləğini verirlər, evinə gedəndə, hava limanında hansısa şəxslər futbolçudan pulu alır və bildirirlər ki, bu qədər məbləğdə pul keçirtmək olmaz”.

Bəzən menecerlər adətən, öz mənafeləri üçün danışmalı olurlar. Prodanın dediyi bu ciddi faktı dəqiqləşdirməkçün müsahibəni də buradan başladıq. Ancaq məlum oldu ki, əslində problem lap dərin deyilmiş. Bəlkə də dərindi, cavablarını oxuyun, qərarı özünüz verin.

- Dediz, “Xəzər Lənkəran” futbolçuların pulunu verir, sonra aeroportda kimlərsə tutub alır futbolçudan?
- Bəli, alıblar. Deyiblər ki, bu qədər məbləğ keçirtmək olmaz.

- Siz öyrənə bilmisizmi konkret kimlər olub; mülki şəxslər olub, yoxsa hava limanının əməkdaşları?
- Futbolçulardan bunu dəqiqləşdirməmişəm. Ancaq bir neçə şəxs olub.

- Məbləği tam alıblar?
- Bəli, tam.

- Əgər bir hissəsini alsaydılar, anlamaq olardı ki, bu qanunlara görədi, müəyyən məbləğdən artıq pul buraxılmır hava limanında.
- Yox, tam məbləğ alınıb.

- Anladım. Ancaq futbolçu qanunla icazə verilən qədər üstündə götürüb, qalan pulu köçürmə yolu ilə də çıxarda bilərdi ölkədən, yəni qanunun bu tərəfi də var.
- Bu qanuni işə oxşamır. Qanuni olsaydı, futbolçunun tam pulunu əlindən almazdılar.

- Siz konkret hansı futbolçudan danışırsız?
- Bir neçə futbolçuyla bu cür davranıblar. Ən son yadımda qalan Pitsurka idi. Onun bütün pulunu hava limanında alıb, bildirmişdilər ki, pul keçirtmək olmaz, bu qədər pul hardandı sizdə və s.

- Bu, qanunsuzluqdu, siz məsələni araşdıranda nə öyrənə bildiz?
- Mən klub rəhbərliyi ilə əlaqə saxladım. Onlar problemi yoluna qoyacaqlarını söz verdilər.

- Həll olundu?
- Xeyli müddət sonra. Özü də hissələrlə verildi o pul.

- Ancaq verilib. Əgər verilməsəydi, bu daha ciddi problem sayılardı. Siz əsas hava limanındakı o şəxslərin kimliyi və hansı məqsədlə bu addımı atdıqlarını öyrənsəydiz, daha dəqiq bilərdiz problemin kökünü...
- Doğrudu, bu anormal davranışın səbəbi üzə çıxmalıydı. Ancaq mənim elə vaxtım olmurdu ki, hər işə, problemə görə gəlim Azərbaycana. Bir az da “Xəzər Lənkəran”la işləyəndən sonra Azərbaycan futboluna daha çox bələd oldum və anladım ki, bir çox klub bu yollara əl atır. Çox klubun hava limanında elə adamları var. Futbolçulara pul verilir, onlar Azərbaycanı tərk edəndə pul alınır onlardan. Özü də bu iş ehtiyatla görülür, hər futbolçuya qarşı edilmir ki, problem şişməsin, ictimaiyyətə çıxmasın.

- Bu iddialı açıqlamadı...
- Başıma gələni və gördüyümü deyirəm. Bu iş araşdırılmalıdı. Mənim hazırda da Azərbaycan futbolunda dostlarım var. Bunları ona görə demirəm ki, hamıyla düşmən olum və ya hamı məni düşmən bilsin. Çox ciddi və işini bacaran şəxslər də var. Sadəcə, “Xəzər Lənkəran”la Mirça Rednikin baş məşqçiliyi dövründə sıx əməkdaşlığımız var idi və mən Azərbaycan futbolunu xeyli yaxından tanıdım. ABŞ vətəndaşıyam, təkcə Azərbaycana gəliş-gedişlərimə görə bir pasportum vizalarla dolmuşdu. Yəni dediklərim fərziyə deyil, gördüklərimdi. Həm bizim menecer şirkətimiz bu işdə ciddi layihələriylə tanınıb. Mənim atam Buxarest “Dinamo”sunun prezidenti, həyat yoldaşım “Styaua”nın baş məşqçisidi. Yəni biz futbol ailəsiyik və bu sahəni bilirik.

- Azərbaycanda haqqınızda kifayət qədər məlumat var. Deyəcəyiniz hər bir məsələ ciddi qəbul olunacaq. Mirça Rednikin dövründə “Xəzər Lənkəran”la işləyirdiz, ondan başqa hansısa Azərbaycan klubuyla işləyirsizmi?
- Bəli, “Bakı” və “Qəbələ”.

- Bəs bu haqda məlumat yox idi indiyə kimi. Nədən bunu açıqlamamışdız?
- Birbaşa özüm işləmirəm o klublarla, mənim dostlarım işləyir. Mən də onlara yardım edirəm.

- Mirça Rednikin “Xəzər Lənkəran”dan ayrılma səbəbini ən yaxşı siz bilərsiz. Burda problemli tərəf hansı idi; klub, Rednik, yoxsa futbolçular?
- Dəqiq deyirəm, bu işin problem həddinə çatması birbaşa klub rəhbərliyinin günahıdı. Onlar uzun müddət futbolçuların pulunu vermədilər. Mənim gətirdiyim Vobay, Parks, İordaşe, Pitsurka və s. futbolçular məvaciblərini ya vaxtında ala bilmirdilər, ya da yerdə qalan və müqavilədə nəzərdə tutulan pulu klub vermirdi. Bu hallar getdikcə artdı. Komandada belə söhbət yarandı ki, guya Rednik rumın futbolçuların məvaciblərinin verilməsinə səy göstərir, ancaq əcnəbilərçün heç bir cəhd göstərmir. Bir müddət bu söz-söhbətlər gəzdi. Sonra futbolçular arasında şübhələr artmağa başladı. Əcnəbilər elə bildilər Rednik həqiqətən yalnız rumın futbolçuların məvacibini düşünür. Halbuki o, həmin ərəfələrdə çox pis vəziyyətə düşmüşdü. Təsəvvür edin, Mirça “Xəzər Lənkəran”a gedəndə bütün Rumıniya mediası onu qınayır, tənqidlər yazır və biz müsahibələr verib hər şeyin yüksək səviyyədə olduğuna inandırırıq ictimaiyyəti. Bunun sayəsində Parks, Vobay, Skarlatake, Mureşan, Pit, İordaşe və s. səviyyəli futbolçuları gətiririk Azərbaycana. İddialı və çox güclü bir komanda qururuq. “Xəzər Lənkəran” çempionatda ikinci yeri tutsa da, kubokda qalib olur. Beləliklə, bizim ölkədə artıq işi ciddiyə almağa başlayırlar. Daha səviyyəli futbolçuları Azərbaycana gətirməyə razı sala bilirik. Bu məqamda birdən klub rəhbərliyi tamam itir. Mən klubun prezidenti Mais Mənsimovu cəmi bir, ya iki dəfə görmüşəm, o da ilk gələndə, görüşümüz olmuşdu, o zaman. Bütün işləri Tuyqun Nadirov edirdi. Bir də vasitəçi kimi Səməd var (Səməd Mustafayev. Klubun direktoru – red.), texniki məsələləri o görürdü. Mən arada Səmədlə əlaqə saxlaya bilsəm də, Tuyqun Nadirov tamam yoxa çıxdı. Bir tərəfdən də futbolçular narazılıq edirdilər. Onların məvacibləri yığılıb qalmışdı, klub da ödəmək fikrində olmadığını göstərirdi. Rednik mənə bildirdi ki, Avstriyadakı yay toplanışında komandanı dağılmaqdan güclə qurtarıb. O oyunçuların əksəriyyətini icarəylə gətirmişdik. Məvacibləri verilmirdi deyə, əksəri öz klubuna, yaxud Azərbaycanda daha sərfəli təkliflərə getmək qərarı vermişdilər. Şəxsən mənim və Rednikin sayəsində onların çoxu qalmağa razılıq vermişdi. Biz hər dəfə yalan danışmalı olurduq. Bir sözlə, “Xəzər Lənkəran” fırıldaqçılıqla məşğul olurdu.

- Siz əminsizmi Tuyqun Nadirov o qərarları öz ixtiyarı ilə verirdi?
- Biz əvvəlcədən bütün məsələləri onunla danışmışdıq. Müqavilələri və digər bütün texniki məsələləri də o həll edirdi. Deməli, məsuliyyət onun üzərinə düşür. Mən klubun prezidentiylə heç bir iş görməmişdim. Bilmirəm o qərarlar onluqdu, ya digər kimsə müdaxilə edirdi. Bildiyim odu ki, klub futbolçuların əmək haqlarını vermədi. Arada Rednik qaldı. Komandada fikir ayrılıqları yarandı. Rednik bir də onu deyirdi ki, əgər maliyyə məsələləri həll olunmasa, Avropa Liqasındakı oyuna qədər komandanı toparlamaq çətin olacaq. Təkrar edirəm, biz dostluq əlaqələrimizin hesabına o futbolçuları razı sala bildik ki, tərk eləməsinlər. Onlar Rikardo Qomeşi dedilər, gətirdik, Avropa Liqasında oynadı, komandada qalası oldu, onun da pulunda problem yaratdılar. İndi Qomeş qarışıq bütün futbolçular FIFA-ya şikayət ediblər. Proses gedir. Bəziləriylə problem yoluna qoyulub, ancaq əksəriyyət hələ də pulunu ala bilmir. Mirça Rednik Avropa qarşılaşmasından sonra bildirdi ki, ölkə çempionatında da problemlər yaranır. Parks və Vobay gedirdi. İkisi də maliyyəyə görə getdi.

- Yeri gəlmişkən, həmin ərəfələrdə deyirdilər ki, Parksla Rednik arasında mübahisələr olub, ona görə tərk edib komandanı.
- Doğru məlumat deyil. Parksı ora mən gətirmişdim. O, icarəylə gəlmişdi. Onun transferi üçün istənilən məbləği danışmaq lazım idi, dediyim kimi, klub rəhbərliyi sanki qeybə çəkilmişdi, heç kimi tapa bilmirdik danışaq. Ona görə o, “Bakı”ya gedəsi oldu. Özü də biz onu “Xəzər Lənkəran” üçün çox ucuz qiymətə danışmışdıq. Digər bütün futbolçular da Rednikin nüfuzuna, mənimlə dost münasibətlərə görə o məbləğlərə razılaşmışdılar. Avstriyadakı yay toplanışı vaxtı Manuel Skarlatakenin icarə müddəti bitmişdi. Onunla da danışıq yekunlaşdırılmamışdı deyə, məcbur qalıb “Dinamo”ya (Buxarest) qayıtdı. Mənim atam o klubun rəhbəridi. Biz danışıqlar apardıq. Bir az fasilədən sonra Skarlatakenin Lənkəran klubuna gedişi üçün məbləğ aşağı salındı və o getdi. Onda artıq Rednik baş məşqçi deyildi.

- Rednikin gedişində səbəb klub rəhbərliyinin komandanın maliyyə xərclərini qarşılamaması oldu. Mən belə başa düşdüm...
- Elədi. Rumıniya mətbuatı da artıq tənqidləri, hətta lağlağıları dayandırmırdı. Yazırdılar ki, Rednik futbol səhralığına pul dalınca getdi, aldandı və s. Bilirsiz, mən Redniki ən əvvəl peşəkar insan bilirəm. Onun pula ehtiyacı yoxdu. Hətta bir neçə dəfə şəxsən klub rəhbərliyinə inad edib, futbolçuların məvacibini alıb, verib onlara. Mən bir neçə futbolçuya öz cibindən pul verib, onları evə yola saldıqlarının şahidi olmuşam. İordaşe, Pitsurka və başqa futbolçulardan bunu soruşa bilərsiz.

- İndi o, Avropanın ən köklü klublarından olan “Standard”ı çalışdırır. Deməli, qeyri-ciddi qəbul olunsaydı, səviyyəli kluba dəvət olunmazdı.
- Yox, mediada yazılmağına baxmayaraq, Rumıniyada Rednikin məşqçi kimi kifayət qədər nüfuzu var. Avropada da onu çox yaxşı tanıyırlar. O, hələ “Xəzər Lənkəran”a gəlməmişdən əvvəl “Standard” onu dəvət eləmişdi. Problem də bax bu idi, Rumıniya mediası da bizi Lənkəran klubunu seçməyimizə görə sərt tənqid edirdi. Hələ Azərbaycanda işləyəndə Rednikçün Rusiya Superliqasından iki klub, Rumıniyada azı beş klub, Ukraynada və başqa ölkələrdən klublar təklif göndərmişdilər. O, “Xəzər Lənkəran”ı seçməyində yanlışlıq etməməyini sübut etməyə çalışırdı, axıra qədər inad göstərdi, ancaq alınmadı.

- Bəs Azərbaycandan Rednikə təklif gəlmişdi?
- Bəli. Adını çəkmək istəmirəm. 3 iddialı və çempionluğa oynayan klub o vaxt Rednikə təklif göndərmişdi. Bir klub isə dəfələrlə istədi, ancaq Rednik razılıq vermirdi. Şəxsən mən olsaydım, təklifi qəbul edərdim, çünki təxminən iki dəfə artıq pul təklif eləmişdilər. Həm də artıq "Xəzər Lənkəran" rəhbərliyi məşqləri də Lənkəranda keçmək qərarını verəndə həm futbolçuların əksəri narazılıq eləyirdilər, həm məvaciblər verilmirdi, həm də rəhbərlik heç komandayla maraqlanmırdı. Hə, indi xatırladım, çox nüfuzlu şəxslər tərəfindən Rednikə yığmada və paralel bir klubda işləmək təklif olunmuşdu. Ondan da imtina etmişdi.

- Yığma komandadan da imtina eləməyi bir az anlaşılmaz qalır. Səbəb nə idi?
- İnanırdı ki, “Xəzər Lənkəran”da vəziyyət düzələcək. Çünki ilk ilində kuboku qazanmışdı, qarşısına məqsəd qoymuşdu ki, komandanı ölkə çempionu eləsin. Rəhbərlik də söz vermişdi ki, vəziyyət düzələcək. Bu adam hər şeydən əvvəl öz imicini düşünürdü. Bir ara hiss eləmişdi ki, Lənkəran klubunu seçməkdə yanlışlıq edib. Ancaq deyirdi, azarkeşləri çoxdu deyə, stimul olur qalıb işləməyə.

- Çempion olsaydı, yığma təklifini qəbul edəcəkdi, ya Azərbaycanı tərk edəcəkdi?
- Yığmanı tam vermək istəmirdilər. Şərt bu olmuşdu ki, paralel adını çəkmədiyim bir klubu da çalışdıracaq. Bu sərfəli təklif deyildi. Həm də sizin yığmada kifayət qədər böyük məvaciblə işləyən biri var, məncə, Berti Foqtsu atıb, Redniki seçməzdilər, çünki onlara maliyyə baxımından sərf eləməyən nələrsə olacaqdı. Biz düşünürdük ki, bu, Redniki həmin kluba gətirməkçün şirnikləndirici bir vasitədi.

- Təəssüf ki, ad çəkmirsiz. Müsahibəni oxuyan hər kəs ehtimal edə bilməyəcək söhbət hansı klub və ya klublardan gedir, yaxud hansı idarəçiləri nəzərdə tutursuz...
- Mənim peşəm bunu tələb edir. Hər məsələdə ad açıqlasan, bu böyük problem yaradar. Ancaq fikrimcə, kifayət qədər açıqladığım məsələlər oldu.

- Rednikin “Standard”da işi yaxşı gedir, nəticələr uğurludu, Belçikanı qoyub, yaxud başqa təklifləri qoyub yenidən Azərbaycana gələrmi?
- Bir müddət əvvələ qədər qəti bildirirdi ki, qayıtmaq fikri yoxdu. Ancaq mən də şahidəm ki, “Xəzər Lənkəran” tərəfdarları onu çox istəyir. İndi də ona məktublar yazırlar. Hətta Belçikada da onunla görüşənlər olub. Azərbaycana qayıdıb-qayıtmamaq haqda fikrini öyrənməmişəm.

- Rednikin məvacibində də problem yaratmışdı klub?
- Rednikin də, mənim də, futbolçuların da pulları tam ödənilməyib. FIFA-da araşdırılır bu şikayətlər.

- “Xəzər Lənkəran”ın hazırkı durumundan məlumatınız var?
- Bilirəm ki, ispan məşqçi çalışdırır komandanı. Məşqçini tanımıram. Komandanın mövqeyi də deyəsən iddialarına uyğun deyil. Məlumatım bu qədərdi.

Elçin Cəlilov

(“FutbolPress”, Antalya)