5 Şubat 2013 Salı

Göydən 3 alma düşdü, the end , yaxud "Cavid nağıl"ının sonu (YAZI)



Bir ara Araz Abdullayevin "Everton" nağılı" qulaqlarımızı mazol eləmişdi. Əslində həmin vaxt hamı bilirdi ki, bu, absurd bir şey idi.
Bugün "Neftçi"də əsas heyətə düşə bilməyən futbolçu "Everton" kimi kluba necə transfer oluna bilər? Yaxşı yadımdadır, keçən il ölkəmizdə olan əcnəbi idman telekanallarından biri Araz haqqında videorolik çəkmişdi və həmin videorolikdə fikirlərini bildirən "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Abdullayevi böyük talant, gələcəyin ulduz futbolçusu adlandırmışdı. Adama deyən lazım, gələcəyin ulduzunu niyə ehtiyatda saxlayırsan? Sən özün burda Araza şans vermirsən, amma onun "Everton"da oynayacaq səviyyədə futbolçu sayırsan. ABSURD.

Gələk, Cavid söhbətinə. Bilənlər bilir ki, söhbət bir ara onun Kiyev "Dinamo"suna keçidinə dair yayılan xəbərlərdən gedir. İlk gündən bu xəbəri ciddi qəbul eləmədim. Hətta yaxın dostların, həmkarların iştirakı ilə olan müzakirələrin birində qətiyyətlə demişdim ki, Cavid fevralın 7-8-də qayıdacaq Bakıya. Hansı ki, həmin vaxt az qala bütün mətbuat onun "Dinamo" ilə müqavilə bağladığını yazırdı. Budur, Cavid artıq Azərbaycandadır və "Neftçi"nin şərəfini qorumaqda davam edəcək...

Bilirsiniz,əslində futbolçunun "raskrutka"sını aparmaq, onu reklam etmək lazımdır. "Neftçi" bir çox hallarda bunu bacarır. Hətta, bu mənada digər klublar bu komandaya qibtə də eliyə bilər. Məsələn, iki mövsüm öncə Lənkəranda keçirilən və 0:0 başa çatan "Xəzər Lənkəran"-"Neftçi" oyunu yadıma düşdü. Həmin oyunda hakim lənkəranlıların əlehinə kifayət qədər səhv etmişdi. ANS-də efirə gedən "Qol saatı" verlişinin növbəti buraxılışı da məhz həmin oyuna həsr olunmuşdu. "Xəzər Lənkəran"ı klubun vitse-prezidenti Tuyqun Nadirov, "Neftçi"ni isə o vaxt mətbuat xidmətinə rəhbərlik edən Elnur Əşrəfoğlu təmsil edirdi. İndiyə kimi yadımdadır, haqqı daha çox tapdanan tərəf lənkəranlılar olduğu halda Elnur Əşrəfoğlu Tuyqun Nadirovu elə üstələdi ki, epizodları görməyib birbaşa verlişə baxan adamda elə təsəvvür yaranardı ki, görəsən hakim "Neftçi"ni nə günə qoyub. Yəni, "Neftçi" bəzən "niprav" ola-ola "prav" çıxıb qarşısındakı "prav"ı"niprav" çıxarmğı da bacarır. Əslində futbolda bu cür şeyləri də bacarmaq lazımdır. Ancaq hər şeyi əndazədə, çərçivədə olmalıdır. Tamam, "Neftçi" Avropa Liqasının qrupuna düşdü, tarix yazdı, hər kəs də bunu alqışladı, sevindi. Ancaq bilmirəm nədəndirsə, bakılılar hələ də yuxarıdan aşağı enmək istəmirlər. Hansısa bir uğuru eyforiya həddinə də çatdırmaq lazım deyil. Bəli, "Neftçi"nin timsalında böyük uğur qazandıq. Ancaq artıq hər şey geridə qaldı, indi irəli baxmaq, daha böyük uğurlar haqqında fikirləşmək lazımdır. Bir də gəlin, hər şeyə real gözlə baxaq. Söhbət tək Caviddən, eləcə də guya, "Beşiktaş"ın maraq dairəsində olan Araz Abdullayevdən getmir, ümumiyyətlə, bugün Azərbaycanda Kiyev "Dinamo"sunda, "Beşiktaş"da oynayacaq səviyyədə futbolçu yoxdur axı. Əgər varsa, millimiz niyə bu gündədir?

"Neftçi"nin son klubdaxili iclasında qərar alınıb ki, Cavidin, eləcə də digər gənc futbolçuların əcnəbi klublara transferi mövsümün sonuna kimi dondurulsun. Kimi ələ salırsınız? Hansı transferdən söhbət gedir? "Dinamo"nun seleksiya işlərinə rəhbərlik edən şəxs açıqlama verərək, bildirdi ki, biz Cavid adlı futbolçu tanlmırıq. Daha bu, nə deməkdir? Bu arada, sonradan da məlum oldu ki, sən demə, İmamverdiyev Kiyevə əsas yox əvəzedici komandadnın düşərgəsinə yollanıb.

Sonda. Reklam yaxşı şeydir, amma onu ucuzlaşdırmayaq. Bir daha deyirəm, bu gün Azərbaycanda Kiyev "Dinamo"su, "Beşiktaş", "Everton" səviyyəsində oynayacaq futbolçu olsa,milli komandamız bu gündə olmaz. O ki qaldı Cavidə, "Dinamo"nun əsas heyəti bir yana, əvəzedici heyətində elə futbolçular var ki, Cavidi diri-diri "yeyərlər". Bu sözü də bura böyükhərflərlə yazıram, CAVİDƏ "NEFTÇİ"NİN ƏSAS HEYƏTİNDƏ ŞANS VERİLMƏYƏCƏK. OuI YALNIZ İKİNCİ HİSSƏNİN MÜƏYYƏN DƏQİQƏLƏRİNDƏ MEYDANÇADA GÖRƏCƏKSİNİZ. Bilirsiniz niyə? Çünki Cavid hələ bugün "Neftçi"nin heyətində 90 dəqiqə oynayacaq gücə malik deyil. Əgər "Neftçi"bu futbolçunun həqiqətən də "Dinamo"da oynayacaq səviyyəyə çatmasını istəyirsə, onu ilk öncə "Neftçi"də90 dəqiqə oynayacaq səviyyəyə gətirməlidir. Bugünlük isə Cavidin "Dinamo" nağılı" başa çatdı. Xalqımızın folklor dili ilə desək, göydən 3 alma düşdü. Ya da ki, sadəcə, THE END! XXI əsrdə yaşayırıq axı...



Anar XANLAROV
sportinfo.az