13 Nisan 2013 Cumartesi

Səfərdə 1 Xal...



Bu gün Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində komandamız səfərdə Tovuzun “Turan” klubunun qonağı oldu. “Xəzər Lənkəran” rəqibin qarşısına aşağıdakı start heyəti ilə çıxmışdı: Orxan Sadıqlı, Vanderson Skarduelli, Marin Orsuliç, Radomir Todorov, Adrian Skarlatake, Elnur Allahverdiyev (k), Elnur Abdullayev, Uğur Pamuk, Adrian Pit, Roberto Alviz, Dimitrios Sialmas.


Hakimin start fitindən iki dəqiqə sonra nominal meydan sahibləri hesabı açmağa yaxın olsa da Orxan Sadıqlı yaxın məsafədən endirilən zərbəni dəf etməyi bacardı. Rəqibin bu epizoduna komandamız Uğur Pamukun zərbəsi ilə cavab versə də bu dəfə Kamal Bayramov üzərinə gələn topu asanlıqla ram etməyi bacardı. İlk 15 dəqiqənin tamamında meydanda təşəbbüsü ələ almaq uğrunda mübarizə gedirdi ki, tovuzlular bu mənada komandamızdan geri qalsa belə hesabı açmağa nail oldular. Müdafiə xəttindəki kobud səhvdən Antonio Rukavina maksimum istifadə etdi. Qoldan dərhal sonra futbolçularımız azacıq dəqiq oynasa idilər bərabərlik qolunu vura bilərdilər. Lakin Uğurun sağ cinahdan uzun reydi sonrası paralel ötürməsinə Pit yetişə bilmədi. Ardınca rumın yarımmüdafiəçimiz əlverişli mövqedən topu düz Bayramovun üzərinə vurdu. Con Bencamin Toşak hücumlarımızın kəsərini artırmaq üçün 30-cu dəqiqədə Todorovun əvəzinə meydana Gökhan Güləci buraxaraq “Xəzər Lənkəran”ın iki hücumçu ilə mübarizə aparmasına şərait yaratdı. Məhz bu dəyişiklik öz bəhrəsini verdi. Təzyiqi artıran komandamız 39-cu dəqiqədə Pitlə qola yaxın olsa da Bayramovun ideal seyvi qola mane oldu. Bununla belə komandamız hesabı bərabərləşdirməyi bacardı. Cərimə zərbəsindən havalandırılan topu Elnur Abdullayev son anda qapıya göndərib qolu aktivinə yazdırdı. İlk hissə 1:1- lik bərabərliklə başa çatdı.

İkinci hissəyə elə də fəal başlamayan “ Xəzər Lənkəran”ın heyətində sonrakı dəqiqələrdə Uğur Pamuku Kazım Kazımlı, Sialması isə Tounkara əvəzlədi. 66-cı dəqiqədə Sadio Tounkaraya qarşı kobudluğa görə təyin olunan penaltini Alviz dəqiq zərbə ilə tamamlayıb komandamızı önə keçirdi. Lakin üç dəqiqə sonra tovuzlu futbolçular hesabı bərabərləşdirib yekun nəticəni müəyyənləşdirdilər - 2:2