12 Nisan 2013 Cuma

Heç bir komandadan çəkinmirik - MÜSAHİBƏ



“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Uğur Pamukun apasport.az saytına müsahibəsi


- Topaz Premyer Liqasının XXVI turunda “Turan”la qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- “Kəpəz”lə matçın ertəsi günü Lənkərana gəldik. Məşqlərimizi burda həyata keçirdik. Gündə 2 dəfə meydana çıxırdıq. Səhər məşqində fiziki, axşam çalışmasında isə taktiki hazırlığa üstünlük verirdik. Artıq Lənkərandakı çalışmaları yekunlaşdırıb, Bakıya gəlmişik.

- Lənkərana 3 gün əvvəl dönmüşdüz. Yenidən Bakıya qayıtmısız. Qısa vaxt ərzində rayona gedib-gəlmək yorğunluq yaratmır?
- Əlbəttə, yaradır. Ancaq bu, baş məşqçinin qərarıdır. Həm də hazırlıq keçmək üçün Lənkəran daha münasibdir. Burda olarkən ancaq futbolla yaşayırsan. Amma Bakıda fikrin bir qədər dağınıq olur.

- “Turan” hazırda heç də yaxşı günlərini yaşamır. Rəqibin problem içərisində olması “Xəzər Lənkəran”ın işini yüngülləşdirəcəkmi?
- Azərbaycanda heç bir komandadan qorxmuruq, çəkinmirik. Onların maddi problemi varsa, bunun bizə heç bir aidiyyatı yoxdur. 3 xal qazanmaq istəyirik.

- “Turan”ı güclü rəqib hesab etmək olarmı?
- Heyətlərində 2-3 güclü futbolçu var. Onlardan Endər Günlünün, Salif Ballonun adlarını qeyd edə bilərəm. İstənilən halda, arxayınlaşmaq olmaz.

- İkinci “altılıq” oyunlarına köklənmək necə, çətin deyil?
- Niyə çətin olsun ki? İkinci “altılıq”da oynamaq, uduzmaq demək deyil. Əlbəttə, bizim üçün də üzücüdür. İlk “altılıq”da oynayacaq gücdə idik. Amma qismət belə imiş.

- Avrokuboklara yollanmaq üçün yeganə ümidiniz ölkə kubokunu qazanmaqdır. Yarımfinaldakı rəqibiniz “Bakı”nı hansı komponentlərinə görə fərqləndirmək istərdiz?
- “Bakı” güclü komandadır. Buna heç kim şübhə etmir. Ancaq onlardan çəkinmirik. Heyətlərində güclü oyunçuları var. Bizim də kifayət qədər səviyyəli, oyunun taleyini həll edən futbolçularımız var. Rəqibin müdafiə xətti güclüdür.

- Baş məşqçi Con Toşakla aranızda problem olduğu deyilir...
- Düzgün məlumat deyil. Baş məşqçi ilə aramızda niyə problem olmalıdır? “Kəpəz”ə qarşı yaxşı oynamadım. Buna görə də məni əvəzlədi. Meydanı tərk edərkən ona etiraz da etmədim. Çünki özüm də bilirdim ki, yaxşı oynamadım.

- Toşak baş məşqçi kimi komandanı meydana çıxardığı 2 qarşılaşmadan yalnız birində sizə şans verib. “Kəpəz”lə matçda niyə yaxşı oynaya bilmədiz?
- Zədədən yenicə dönmüşəm. Hələ formamı bərpa etməmişəm. Üzərimdə işləyəcəm. Bu hər bir futbolçunun başına gələ bilər.

- Uelsli mütəxəssisin əsas tələbi nədir?
- Nizam-intizama riayət etmək. Bir də məşq prosesində imkanından tam istifadə etməlisən.