24 Nisan 2013 Çarşamba

Rahid Əmirquliyev: Qol vuracağımı gözləmirdim



“Qarşılaşma olduqca ağır keçdi”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquluyev deyib.


“Ağ-yaşıllar” ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Bakı” üzərində 2:0 hesablı qələbə qazandı. İlk görüşdə 0:1 hesabı ilə uduzan cənub təmsilçisi mərhələ adlamaq üçün öz meydanında 2 top fərqli ilə qələbə qazanmalı idi.

Fasiləyə Ağabala Ramazanovun vurduğu qol sayəsində üstün yollanan “ağ-yaşıllar”ın ikinci qolu isə matçın sonlarına təsadüf etdi. 81-ci dəqiqədə Əmirquliyevin zərbəsi toru silkələdi ki, bu qol “Xəzər Lənkəran”ı finala çıxardı.

Əmirquliyevin fikrincə, komandası bu qarşılaşmaya ciddi hazırlaşırdı: “İlk oyunda uduzduqdan sonra da mərhələ keçəcəyimizə inanırdıq. Çünki 0:1 elə də qorxulu hesab deyildi. Çempionatda şansımız olmadığından bütün komanda avroliqaya çıxmaq üçün bu qarşılaşma haqda düşünürdü. Yəni, son şansımız idi. Şükür Allaha ki, istəyimizə çatdıq. Mənim qol vurmağıma gəlincə, düzdü, buna inanmırdım. Sevinirəm ki, vurduğum qol cütün taleyini həll etdi. Bütün azarkeşlərimizə minnətdaram. Onlar bizi sonacan dəstəklədilər”.