24 Nisan 2013 Çarşamba

Hüseyn Cəbrayıloğlu: Toşak onu bəyəndiyi üçün geri qaytardı



“Xəzər Lənkəran”ın futbolçusu Akif Tağıyev əsas komandaya qaytarılıb. Apasport.az saytının məlumatına görə, bu gün 20 yaşını qeyd edən gənc oyunçu Azərbaycan kubokunun “Bakı” ilə yarımfinal mərhələsinin cavab matçında da “18-liy”ə daxil edilib.


Neçə vaxtdır əvəzedici komandada olan yarımmüdafiəçinin belə vacib oyunda “18-liy”ə düşməsinə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu apasport.az-a açıqlamasında aydınlıq gətirib: “Akif “Xəzər Lənkəran”ın futbolçusudur. Düzdür, bir müddət əvvəl onun “Turan”a icarəyə verilməsi məsələsi gündəmdə idi. Lakin həmin keçid alınmadı. Son vaxtlar o, əvəzedici komandada çıxış edirdi. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak əvəzedici komandanı da daim nəzarətdə saxlayır. Uelsli mütəxəssis əvəzedicilərin çempionatında “Sumqayıt”la ev oyununu izləyib. Həmin qarşılaşmada özünü yaxşı tərəfdən göstərən Tağıyev artıq ertəsi gün əsas komanda ilə məşqlərə cəlb olunub. Buna Toşakın onu bəyənməsi səbəb olub. Bu gündə əsas komandanın “18-liy”inə düşüb”.