19 Nisan 2013 Cuma

Kamran özü Lənkəranda oynamaq istəsə, meydana çıxacaq MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının azerisport.az saytına müsahibəsi


- “Sumqayıt”la qarşıdakı oyunda komanda gücünə qənaət edəcək? Axı sizi ondan sonra “Bakı” ilə vacib oyun gözləyir...
- Mümkündü ki, elə olsun. Amma Con Toşakın planlarından mənim xəbərim yoxdu. “Sumqayıt”la oyunda da nəticə bizim üçün vacibdi. Mümkündü ki, bəzi futbolçularımız bu görüşdə forma geyməsinlər.

- Komandanızın “Bakı” ilə cavab matçındakı şansları barədə nə deyə bilərsiz?
- İlk oyunda məğlub olmağımıza baxmayaraq, bizim hələ də şansımız qalır. Əsas odu ki, hər şey öz əlimizdədi. Kubok bizim avrokuboklara vəsiqə qazanmaq üçün son və yeganə şansımızdı. Əks halda komandamız bu il Avropada çıxış etməyəcək. Lakin hələ şans var və bundan maksimum yararlanmağa çalışmalıyıq. “Bakı”nı Lənkəranda çətin oyun gözləyir.

- Bakıdakı oyunda sizin çıxışınız daha çox diqqət mərkəzinə düşdü. Hətta keçmiş komanda yoldaşınız, hazırda “Bakı”da çıxış edən Kamran Ağayev də haqqınızda xoş sözlər söyləyib...
- Komandama nədəsə kömək edə bilirəmsə, buna görə çox şadam. Ağayevə də xoş sözlərinə görə təşəkkürümü bildirirəm. Ondan az şey öyrənməmişəm. Mən hələ də onun çıxışını izləyirəm.

- Son dövrlər az qala hər penalti ilə bağlı böyük qalmaqal yaşanır. Siz qapınıza təyin olunan son 11 metrəlik zərbə ilə bağlı nə deyə bilərsiz? Axı qolu məhz penaltidən buraxdınız...
- Vüsal Əliyev düzgün qərar qəbul etdi. Oyun vaxtı mən həmin epizodu dəqiq görə bilməmişdim. Amma təkrarda görünür ki, hakim haqlıdı. Təəssüf ki, mən də zərbənin qarşısını ala bilmədim. Sadəcə, topa çata bilmədim.

- Deyilənə görə, Kamran Ağayev daha böyük insident baş verməməsi üçün Lənkəranda meydana buraxılmayacaq...
- Mən Kamranı, onun xarakterini yaxşı tanıyıram. Əgər o, özü oynamaq istəsə, meydana çıxacaq. Həm də mən bizim azarkeşlərin ona qarşı pis nəsə edəcəyini düşünmürəm.