20 Nisan 2013 Cumartesi

“Kamran Ağayev Lənkərana gəlməsin...” - MÜSAHİBƏ


“12-ci oyunçu” Azarkeş Qrupunun rəhbəri İslam Cabbarlının apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Bakı” – “Xəzər Lənkəran” görüşündən sonra meydan sahiblərinin qapıçısı Kamran Ağayevlə azarkeşlər arasında yaşanan münaqişə haqda nə deyə bilərsiniz? Komandanızın fanatları ilə sabiq qapıçınız arasında nələr yaşanıb?
- Mən Kamranla “Xəzər Lənkəran” azarkeşləri arasında yaşanan xoşagəlməz hadisədən sonradan xəbər tutdum. Həmin qarşılaşmada stadionda deyildim. Eşitdiklərimdən belə başa düşdüm ki, Ağayev gənc fanatlarla münaqişəyə girib.

- Münaqişəyə kim səbəb olub?
- Kamran azarkeşlərin hərəkətlərinə reaksiya verməklə, düzgün hərəkət etməyib. Azarkeş azaddır və tribunada öz etirazını müxtəlif şəkildə ifadə edə bilər. Lakin futbolçu gərək buna reaksiya verməsin.

- Bəs azarkeş sərt etiraz etməkdə nə dərəcədə haqlıdır?
- Azarkeş də klub rəhbəri, sponsor kimi futbola pul xərcləyir. Lakin oradan heç bir qazanc götürmür. Yalnız mənəvi qazanc əldə etmək istəyir.

- İlk oyunda yaşananların davamının Lənkəranda olması mümkündür?
- Kamran problemi bu həddə çatdırdığından Kamran Ağayev Lənkərana gəlməsin, ya da “Bakı” rəhbərliyi onu gətirib ehtiyatda saxlasın. Hazırkı vəziyyətdə belə olmalıdır.

- Onun meydana çıxması nə ilə nəticələnə bilər?
- Azarkeşlər 90 dəqiqə ərzində fasiləsiz olaraq Kamranın ünvanına şüarlar səsləndirəcək.

- Hansı şüarların səslənməsi gözlənilir?
- Bizdə azarkeşlər oyunlara təşkilatlanmış şəkildə getmirlər. Yəni şüarları əvvəlcədən hazırlamırıq. Sadəcə, azarkeşlər saytımız vasitəsilə bizə müraciət edib məsləhət alırlar. Biz də çalışırıq ki, bu şüarlar etik çərçivəni aşmasın, təhqir olmasın. Hansı şüarların oyun zamanı səslənəcəyinə gəlinsə isə matç gedə-gedə 2-3 azarkeş bir şey düşünüb qışqırır. Bütün bunları əvvəlcədən bilmək olmur.

- Hansısa plakatın qaldırılması mümkündür?
- Bir qrup tələbə bizə müraciət etmişdi ki, Kamranın karikaturası olan plakat hazırlamaq istəyirlər. Biz də onlara məsləhət gördük ki, buna ehtiyac yoxdur.

- Niyə?
- Son vaxtlar polislərlə azarkeşlər arasında yaşanan qarşıdurmalardan sonra belə halların yaşanmasını istəmirik. Asayiş keşikçiləri isə plakatlara qarşı sərt olur. Biz bu oyunda da qarşıdurma istəmirik. Bu üzdən də azarkeşləri aqressiv olmamağa çağırırıq. Belə halın yaşanmamağı üçün ən yaxşısı Ağayevin meydana çıxmamağıdır.

- “Xəzər Lənkəran” fanatlarına “Bakı” ilə oyunda özlərini necə aparmasını məsləhət görərdiniz?
- Azarkeşlərə deyərdim ki, belə hərəkətlərlə bəzi saytlara ağızlarına gələni yazmağa rəvac verməsinlər.

- Bəs Ağayevə nə məsləhət görərdiniz?
- Daha yaxşı olar ki, Kamran azarkeşlərə reaksiya verməsin və peşəkar futbolçu olduğunu unutmasın. Çünki elə fanatlar var ki, Ağayev komandamızda oynadığı vaxtdan onunla arası yoxdur. İndi də ona qarşı şüar səsləndirmək üçün imkan düşdüyündən Ağayavə qarşı aqressiv olacaqlar.