30 Nisan 2013 Salı

Elnur Allahverdiyev: "Bir oyunluq cəza versəydilər, lap yaxşı olardı"



"Mənim fikirimcə, bu, düzgün qərar deyil. Deyirlər ki, mən onu bilə-bilə vurmuşam. Bu futboldu”.


Bu sözləri Sportal.az-a açıqlamasında 2 oyunluq cəzalanan “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib. AZAL – “Xəzər Lənkəran” matçında kobud oyuna görə qırmızı vərəqə alan futbolçu komandasını pis vəziyyətdə qoyduğu üçün günahı özündə gördüyünü söyləyib:

“Mən istəməzdim ki, qırmızı vərəqə alım və oynamayım. Bu həm mənə ziyandı, həm də klubuma. İki oyunluq cəza veriblər. Deməzdim ki, narazıyam. Çox istəyərdim ki, bir oyunluq cəza verərdilər. Baxıb görərdilər ki, mən onu qəsdən vurmamışam. Deyirlər ki, mən onu qəsdən vurmuşam. And olsun Allaha, mən bilərəkdən o hərəkəti etməmişəm. Mən futbolçuyam. Aqressiv oynaya bilərəm. Amma o demək deyil ki, kiminsə ayağını qəsdən vurum sındırım. O da azərbaycanlıdı da. Bir oyunluq cəza versəydilər, lap yaxşı olardı. Hakimə tüpürdüyüm üçün də bir dəfə cəzalanmışdım. O demək deyil ki, bilə-bilə etmişəm. Bu hadisəni çox şişirdirlər. Bunu çox şişirtmək lazım deyil. Düzdü, səhv etmişəm. Komandamı azlıqda qoydum. Həm özümə, həm də komandama ziyan vurdum. Bir də belə hallar təkrarlanmayacaq. Qırmızı vərəqə almağım komandamın məğlubiyyətinə səbəb oldu. Komandamı pis vəziyyətə qoydum. Günahı özümdə görürəm".