1 Mart 2013 Cuma

Yunanıstan çempionatında tələblər daha yüksəkdir.



“Yunanıstan çempionatında tələblər daha yüksəkdir. Orda fiziki, sərt futbola üstünlük verilir. İtalyan futboluna oxşarlığı var. Belçika birinciliyi də Avropada keçirildiyindən, oxşar xüsusiyyətlərə malikdir”.
Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın ən son transferi Lusiano Olgin deyib.

8 gündən sonra 31 yaşını qeyd edəcək argentinalı hücumçu çıxış etdiyi xarici çempionatları müqayisə edib. Belçika, Yunanıstan və Çin çempionatlarında oynamış Olgin bu birinciliklərin xüsusiyyətindən danışıb.

Onun fikrincə, ölkəmizdəki vəziyyət yeni stadionların tikintisi baxımından Çindəki ilə eyniləşmək üzrədir: “Çində yeni stadionlar daha çoxdur. Orda da klubların qarşısına nəticə qazanmaq baxımından böyük hədəflər qoyulur. Azərbaycana gəlincə, ölkənizdə həyat səviyyəsinin necə olması haqda kifayət qədər bilgim yoxdur. Ancaq “Xəzər Lənkəran” haqda onu deyə bilərəm ki, gözəl stadionu, gözəl bazası var. Lənkəranda futbol komandasının oynaması üçün hər cür şərait var. Bildiyimə görə, başqa klublarınız da yaxşı infrastruktura malikdir, bəziləri isə tikinti işləri aparır. Bu da onu göstərir ki, Azərbaycanda da futbolun inkişafında maraqlı olan şəxslər var”.

Səbuhi TOFİQOĞLU