1 Mart 2013 Cuma

“Xəzər Lənkəran”sız “altılıq” maraqsız olacaq” - MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi


- Martın 3-də Topaz Premyer Liqasında təsnifat mərhələsinin axırıncı turu “altılığ”a son vəsiqənin taleyinə aydınlıq gətirəcək. “Bakı”, “Xəzər Lənkəran” və AZAL-ın mübarizəsinin necə nəticələnəcəyini düşünürsünüz?
- Təbii ki, “Bakı”nın şansı daha yüksəkdi. Çünki rəqiblərindən fərqli, hər şey bu komandanın özündən asılıdı. Yəni, sonuncu turda qələbə qazansa, rəqiblərinin oyunlarından asılı olmayaraq “altılığ”a düşəcək.

- Mütləq qələbə qazanmalı olmağı “Bakı”ya psixoloji təzyiq, gərginlik yaratmayacaq?
- Xeyr. Əksinə, “Xəzər Lənkəran” və AZAL gərginlikdə olacaq. Çünki vəsiqə onlardan asılı deyil. Qalib gəlsələr belə, “Bakı”nın büdrəməyi lazımdır. Buna görə rəqibin xal itirməyini haqda düşünəcəklər.

- “Rəvan”ın bakılıları büdrətmək şansını necə dəyərləndirirsiniz?
- “Rəvan”ın sıradan bir komanda olduğunu demək olmaz. İzləmişəm, çox maraqlı oyun göstərir. Bu səbəbdən hər şey mümkündü.

- “Xəzər Lənkəran” tarixində ilk dəfə “altılıq”dan kənarda qala bilər...
- Bu komanda həmişə iddialı olub. “Xəzər Lənkəran”sız “altılıq” maraqsız olacaq, çempionata maraq itəcək. Lənkəranlı azarkeşlər daim komandanın yanında olublar, komandanı dəstəkləyiblər.

- İspaniyalı Karles Martorell Bakes istefa verəndən sonra komanda müvəqqəti olaraq Emin Quliyevə tapşırılıb. Hansı ki, o, sizin vaxtınızda “Xəzər Lənkəran”ın kapitanı olub...
- Təbii ki, Emin gənc məşqçidir və hələ oxumalı, öyrənməlidir. Əsas məsələ odur ki, Quliyev üzərinə düşən işin öhdəsindən lazımınca gəlmək istəyir. Ancaq burada başqa amil də var.

- Nə?
- “Xəzər Lənkəran” və “Bakı” 27 xalı var. Bu xal liderlər qrupundan olan komandaların xalından çox azır. Həmişə demişəm, “altılığ”a düşmək başqa, mükafatlar uğrunda aparmaq başqa. Baxmaq lazımdır ki, “altılığ”a hansı xalla düşürsən. Buna görə də “Xəzər Lənkəran”la “Bakı”nın Avropaya çıxmaq şansı ölkə kubokundandır.

- “Xəzər Lənkəran” və ya AZAL-dan təklif almısınız?
- Yox. Deyilənlər boş söhbətdir.