“Xəzər-Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake azerisport.az-a müsahibəsində komandasının qarşıdakı oyunlara köklənməsindən, ilk “altılıq” uğrunda mübarizəsindən danışıb.
- Bu həftə “Xəzər-Lənkəran”da müxtəlif hadisələr baş verdi. Komandanı
baş məşqçi Karles Bakes tərk etdi. Ancaq kubok uğrunda ilk görüşdə komanda “Rəvan”ı
məğlub etdi. Gəlin söhbəti bu oyundan başlayaq...
- Təssüf ki oyunun əvvəli bizim üçün pis başladı. Ümumilikdə
birinci hissədə biz pis oynadıq. İkinci hissədə komanda toparlandı və ilk hissəyə
nisbətən yaxşı oynadıq. Ancaq yenə də bilirik ki, pis oynadıq. Buna baxmayaraq
qələbəyə şadıq.
- Heç də yaxşı olmayan oyuna baxmayaraq cavab görüşü ərəfəsində
nəticə əldə edildi...
- Elə olur ki, yaxşı oynayıb uduzuruq. Bu dəfə əksinə - pis
oynayıb qalib gəldik. Bizə sadəcə qalib gəlmək lazım idi. Bu uğursuz zolağa son
vermək lazımdı.
- Maraqlıdır ki, komanda Bakesin gedişindən bir gün sonra qələbə
qazandı.
- Bu məşqçinin gedişi ilə heç bir halda bağlı deyil. Əvvəl
qeyd etdiyim kimi, bizə artıq qələbə qazanmaq lazımdı. Biz sadəcə toparlandıq,
öz aramızda danışdıq, qeyd etdik ki, artıq uduzmağa, xal itirməyə son
qoymalıyıq.
- Qarşıda sizi ilk “altılıq” uğrunda həlledici oyun gözləyir.
- Bilirsiz, çox şey bizim özümüzdən yox, qarşıdakı turda “Bakı”
ilə oynayacaq “Rəvan”dan asılıdır. Ümid edirik ki, “Rəvan” ən azı heç-heçə edə
biləcək. Biz isə “Sumqayıt”la oyunda üç xal qazanmalıyıq. Bu heç də asan
olmayacaq.
- Düşünürsüz ki qələbə qazana bilərsiz?
- “Kimyaçı”lara qarşı oynamaq asan deyil. Əlbəttə, “Rəvan”la
“Bakı” arasındakı oyunun nəticəsi vacibdir. Ancaq biz də qələbə qazanmalıyıq,
yoxsa bunun heç bir əhəmiyyəti yoxdur.
- Sizcə “Rəvan” “Bakı”nı uda biləcək gücdədir? Axı bu oyunda
“Bakı”nın da taleyi həll olunur...
- Tamamilə bu gücdədir. Biz kubok uğrunda məğlubiyyətdən
güclə qurtulduq. Deyə bilərəm ki, “Rəvan” nəinki heç-heçə edə, hətta qələbə
qazana bilər. Ancaq məsələ “Bakı” ilə də bizimlə oynadıqları kimi
oynayacaqlarından asılıdır. Məsələn, bizmlə oyunun birinci hissəsində bizim
böyük problemlərimiz vardı və biz onlara qarşı ortaya heç nə qoya bilmədik.
- Baş məşqçisiz çətin olmayacaq?
- Bəli, baş məşqçisiz çətindir. Ancaq məşqçilər Emin Quliyev
və Roketa Kapilla bizə kömək etməyə çalışacaqlar. Buna baxmayaraq, yeni baş məşqçi
olana qədər məşqçisiz mübarizə aparacağıq. Qarşıdakı oyunda qələbə qazanmağa
çalışacağıq və “Rəvan”ın uğuruna ümid edəcəyik.
- Necə bilirsiz, Bakesin uğursuzluğunun səbəbi nədir?
- Bilmirəm. Bilmirəm niyə alınmadı. O, çox çalışırdı. Hər
şeyin lazımı tərzdə getməsini istəyirdi. Ancaq alınmadı.
- Bəlkə o, komandaya lazımı olanı seçə bilmədi?
- Ola bilər. Bilmirəm. Ancaq bu, yalnız Bakesin günahı
deyil. Bütün futbolçular günahkardır. Biz çox pis nəticələr göstərirdik və eyni
tərzdə oynayırdıq və bu səbəbdən o, getdi. Prinsipcə, bu, dünya futbolunda adi
haldı. Komanda pis nəticələr göstərəndə məşqçi gedir. Azərbaycan futbolunda da
belə olur.