“Xəzər Lənkəran”ın argentinalı hücumçusu Lusiano Olginin apasport.az saytına müsahibəsi
- Çin çempionatında çıxış edirdiz. Necə oldu ki, ordan ayrılıb Azərbaycana ölkəmizə gəldiz?
- Çində çempionat başa çatdıqdan sonra klubdan ayrılmışdım. Argentinada idim. Bəzi təklifləri menecerimlə nəzərdən keçirirdim. Azərbaycandan təklif alan kimi, mən də qəbul etdim. Ona görə də hazırda “Xəzər Lənkəran”dayam.
- Premyer Liqamızda hazırda Kristian Torres və Lukas Mario Horvat kimi argentinalı futbolçular çıxış edir. Bundan başqa, artıq ölkəmizi tərk etmiş Leandro Beserra da argentinalıdır. Adını çəkdiyimiz oyunçularla tanışlığımız varmı?
- Yox. Bu futbolçularla tanışlığım olmayıb. Ancaq mənə deyilib ki, burda Argentinadan olan həmyerlilərim oynayır. Deyəsən, Beserra soyadı mənə bir az tanış gəlir. Ancaq onun mən düşündüyüm, mənə tanış olan futbolçu olub-olmadığını dəqiq bilmirəm. Çünki başqa Beserra soyadlı futbolçu da var. Bilmirəm, bu odur, yoxsa yox.
- O da sizin kimi Yunanıstanda, PAS klubunda oynayıb...
- Bəlkə də elə odur, düşündüyüm Beserradır.
- Hazırda Çili çempionatında oynayan Dieqo Ruisi də tanımırsız? O vaxtilə sizin indiki komandanız “Xəzər Lənkəran”da çıxış edib...
- Yox, təəssüf ki, bu futbolçunu da tanımıram. Onları tanımamağımı hardasa anlamaq olar. Çünki demək olar 9 ildir Argentinada oynamıram. Uzun müddətdir ki, ölkəmdən kənarda legioner həyatı yaşayıram. Bu üzdən siz dediyiniz futbolçuları tanımaqda çətinlik çəkdim.
- Burdan belə qənaətə gəlmək olar ki, “Xəzər Lənkəran”a gələrkən heç bir həmyerlinizlə məsləhətləşməmisiz. Yalnız internet qaynaqları vasitəsilə ölkəmiz haqda məlumat topladız?
- Düzdür, internetdən də məlumat toplamışam. Ancaq bəzi dostlarım da ölkəniz haqda mənə bilgi vermişdi. Bir afrikalı futbolçu var idi. Onunla Belçikada oynayarkən tanış olmuşduq (böyük ehtimalla, “Qəbələ”nin qvineyalı futbolçusu Abdul Kader Kamaranı nəzərdə tutur – S.T.). Sonra bir serbiyalı tanışım vardı. Futbolçu deyildi. Ancaq ölkənizdə olduğundan, mənə Azərbaycan haqda yaxşı, xoş sözlər söyləmişdi. Çox təəssüf ki, mənə ölkəniz haqda məlumat verən insanların adlarını hazırda xatırlamıram.
- “Qəbələ” ilə oyunda debüt etdiz. Həmçinin kubokdakı debütünüz də “Rəvan”a qarşı oldu. Ancaq hər iki qarşılaşmada matça fasilədən sonra digər hücumçu – Gökhan Güləçin yerinə daxil olduz. İlk dəqiqələrdən meydanda olmamağınızın səbəbi tam hazırlıqlı olmamağınızdır?
- Meydana kimin əsas heyətdə çıxacağını baş məşqçi müəyyənləşdirir. Neçə dəqiqə oynadılacağımızdan asılı olmayaraq, meydana çıxmağa hər zaman hazır olmalıyıq. Mən də zaman keçdikcə, daha hazırlıqlı olmağa, komandaya, mühitə daha tez uyğunlaşmağa çalışıram. Hələlik məndə adaptasiya dövrü davam edir. Tədricən komandaya uyğunlaşıram.
- Növbəti turda “Sumqayıt”la doğma meydanda qarşılaşacaqsız. Ancaq yəqin bilirsiz ki, qələbə ilk “altılığ”a düşmək üçün yetməyə bilər...
- İlk növbədə öz oyunumuzda qalib gəlməliyik. Sonra paralel keçən o biri matçın nəticəsini düşünməliyik. Futbolda o qədər gözlənilməz nəticələr qeydə alınır ki. “Bakı” – “Rəvan” oyununda hər şey baş verə bilər. İlk “altılığ”a düşsək, təbii ki, daha üst sıralara çıxmağa çalışacağıq. Əks halda, taleyimizlə barışmaq lazımdır. Belə olan halda, avrokuboklara getmək üçün yeganə ümidimiz ölkə kubokunu qazanmaq olacaq. Məcbur qalıb kubok uğrunda bütün gücümüzlə mübarizə aparacağıq.
- “Xəzər Lənkəran”dakı əsas hədəfləriniz nədir?
- Təbii ki, bir hücumçu kimi məqsədim burda daha çox qol vurmaqdır. Ancaq mənim üçün ilk növbədə komandanın kollektiv uğuru dayanır. “Xəzər Lənkəran”ın qələbəsi üçün əlimdən gələni etmək, meydanda vuruşmağa çalışacam. Komandada yeniyəm. Klub rəhbərliyinin, məşqçilər heyətinin, futbolçuların və azarkeşlərin etimadını qazanmaq üçün əlimdən gələn mümkün hər şeyi etməliyəm.
- Təxminən 20 gündür ki, “Xəzər Lənkəran”ın düşərgəsindəsiz. Komandada daha çox kiminlə yaxınlıq edirsiz?
- Ümumi götürəndə komanda məni yaxşı qarşıladı. Əksər futbolçu ilə yaxşı münasibətlərim var. Adrian Skarlatake ilə bazada bir otaqda qalırıq. Üstəlik, burda futbolçuların çoxu ispanca danışa bilir. Bu üzdən o qədər də çətinliklə üzləşmirəm. Səviyyə baxımından isə Adrian Pitin adını çəkə bilərəm. Oyunda manevretmə qabiliyyətinə, daha yaxşı ötürmələr vermək bacarığına görə komandanı arxasınca apara bilər.
Səbuhi TOFİQOĞLU