29 Mart 2013 Cuma

"Avropa çempionatı Azərbaycanda keçirilsə, bəlkə iştirak edərik" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayevin Sportal.az saytına müsahibəsi


- Millinin hər iki oyununa da baxdın?
- Bəli baxdım.

- Səncə, necə təsir bağışladı yığma komandamız?
- Birinci oyunda Lüksemburqu udmaq olardı. Elə komandaydı ki, çatışmayan cəhətləri var idi və ondan istifadə edib qalib gələ bilərdik. Portuqaliya ilə oyunda birinci hissədə pis təsir bağışlamadıq. İkinci hissədə millimiz biraz arxaya oturdu. Qırmızı da aldıq. Elə bu oyunun qırılma nöqtəsi oldu. Sonraki dəqiqələrdə çox pis oynadıq.

- Berti Foqts deyib ki, biz AVRO-2016-ya vəsiqə qazanacağıq. Bu milli ilə, bu oyunla biz hər hansı çempionatın final mərhələsinə gedə bilərik?
- Bu heyətlə gedə bilmərik. Ancaq dünya çempionatı, Avropa çempionatı Azərbaycanda keçirilsə, biz iştirak edə bilərik. Düzü inanmıram bu heyətlə harasa gedə bilək.

- Burada günah futbolçulardadı yoxsa, məşqçidə?
- Buna mən münasibət bildirə bilmərəm. Belə şeylərə hörmətlə yanaşıram. Belə baxıram ki, heç nə görünmür millinin oyunlarında. İnşallah, axırı yaxşı olar. 

- Sabah AZAL-la oyuna çıxacaqsınız. “Xəzər Lənkəran” ilk dəfə olaraq ikinci “altılıq”da meydana çıxacaq. Nə düşünürsən oyunla bağlı?
- Bu il komandamızda uğursuzluqlar baş verdi. Həmişə çempionluğa oynayan komandaya nəsə oldu. Nə deyim, qismət beləymiş. Düzdü ikinci “altılıq”da oynamaq bizim üçün biraz çətindi. Məqsədimiz kubok qazanmaqdır.İnşallah istədiyimizə nail olub ölkəmizi Avropada təmsil edəcəyik. Sabah da, yeni məşqçimizin ilk oyunundu. Ona da, özümüzə də, sabahkı oyunda uğurlar arzu edirəm.

- Motivatsiya baxımından bu oyuna köklənmək çətin olmayacaq ki?
-Yox, yeni məşqçimiz gəlib. Komanda da əhval-ruhiyyə yaxşıdı. Oyundan qabaq dünən son məşqimizi etdik və AZAL-la oyuna tam hazırıq.

- Səncə, adlı-sanlı Toşakın gəlişi xeyir qazandıracaq komandaya?
- Əlbəttə, bu bizim üçün yaxşıdı. Bizə nə isə öyrədəcək, çatışmayan cəhətlərimizi göstərəcək. Bu insan böyük klublarda işləyib. Biz də, özümüzü yaxşı tərəfdən göstərəcəyik. İnanıram ki, uğur qazancağıq.

- Millinin hazırlığı başlamamışdan qabaq “Rəvan” la oyunda məğlub oldunuz. Oyunda qırmızı vərəqə aldın. Bu barədə nə deyə bilərsən?
- Əslində hakim “qırmızı”nı verməyədə bilərdi. Amma verdi. Hörmətlə yanaşıram. İkinci “sarı”nı alanda inanın fikrimdə yox idi oyunçunu yıxmaq. Bilmədən rəqib oyunçunun geyimini dartdım və “qırmızı” aldım. Mən neçə ildi futbol oynuyuram qəsdən “qırmızı” almamışam. Bu sadəcə futboldu. AZAL-la oyunda qələbə qazanarıq və hər şey unudular.

- Kubokda da “Bakı” ilə oyununuz var. “Bakı” da son oyunlarda uğurlu çıxış edir. Şansınızı nə dərəcədə qiymətləndirisiniz?
- Bizdə bilirik ki, çempionatdan əlimizi üzmüşük. Əsas gücümüzü ancaq və ancaq kubok oyunlarına qoymuşuq. Əlimizdən gələni edəcəyik ki, “Bakı” səddini keçək, finala yüksələk. Avropaya getmək ücün kubok çox vacibdi. Başqa çıxış yolumuz yoxdu. Yalnız irəli.

Ayaz İBRAHİMOV