29 Mart 2013 Cuma

Con Toşak Foqtsun cavabını verdi



Con Toşak Foqtsun cavabını verdi
 Uelsli mütəxəssis yığmada iki futbolçunu bəyənib.

 Millinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi rəsmi oyunlarla bağlı  premyer liqamızda verilən fasilə ən çox “Xəzər Lənkəran”ın işinə yaradı. Məşhur mütəxəssis Con Toşak  komandanı təhvil aldıqdan sonra yaranmış fasilə zamanı keçirdiyi məşqlərdə  futbolçuları tanımaq imkanından maksimum istifadə edir. Daha fərqli və maraqlı məşqlərdə futbolçuların əzmkarlıqla çalışması və Toşakın gözünə girmək istəyi açıq-aşkar hiss olunur. Daha bir maraqlı məqam elə Toşakın özü ilə bağlıdır. Belə ki, klub rəhbərliyi mütəxəssis üçün ayrıca avtomobil və sürücü ayırsa da uelsli çalışdırıcı rəhbərlikdən velosiped istəyib. Bu istəyi dərhal yerini yetirilən çalışdırıcı artıq üç gündür ki, məşqlərə qaldığı “Palmalife” otelindən bazaya qədər olan 2 km yolu velosipedlə gedib gəlir. Günortalar isə Toşak bazadan ayrı  inzibati  binada onun üçün ayrılan otaqdan istifadə edir. Maraqlıdır ki, dünən gündüz məşqi nəzərdə tutulmasa da bəzi legioner futbolçular fitnes salonda fərdi hazırlıqla məşğul idilər. “Xəzər Lənkəran”ın ən tənbəl futbolçusu Dimitrios Sialmas Toşak gələndən bəri  gecə və gündüz bilmədən fərdi məşqlərə vaxt ayırırsa, ilk gün Toşakdan xəbərdarlıq alan Radomir Todorov da onunla birgə salonda fərdi qaydada müxtəlif trenajorlarda hazırlıq keçirdi. Azərbaycan yığmasının Lüksemburqla oyununu izləyən Toşak millimizin heyətində iki futbolçunu bəyənib. Bu futbolçular isə eks “Xəzər Lənkəran”lılar Ruslan Abışov və Kamran Ağayevdir. Uelsli mütəxəssis hər iki futbolçunun göstərdiyi oyundan razı qalıb. Matç sonrası Berti Foqtsun azərbaycanlı futbolçuların haqqında dediyi fikirlərlə tanış olan Toşak Foqtsun düşüncəsindən razı qalmayaraq maraqlı ifadələr işlədib:
-“Mən, Foqtsun dedikləri ilə razı deyiləm. Əgər azərbaycanlı futbolçular az çalışırsa, onlara texnika öyrətmək olmursa bəs biz bura niyə gəlmişik? Bu gün Toşakı, illər öncə isə Berti Foqtsu ona görə Azərbaycana dəvət ediblər ki, bu problemləri həll edək. Məgər hansı isə yerli mütəxəssisi Azərbaycandan Almaniyaya, yaxud Uelsə işləməyə dəvət ediblərmi? Xeyr! Demək bizə inanıb, bizdən kömək istəyiblər ki, bu ölkənin futbolunu inkişaf etdirək, bilmədiklərini öyrədək.”
 Martın 30-da öz meydanında AZALı qəbul edəcək “Xəzər Lənkəran” Toşakla ilk sınağına çıxacaq. Klub rəhbərliyi fan-klublarla birgə aparılan iş sayəsində “ Fırtınalar meydanı”nı doldurmaq fikrindədir. Elə matç saatının 18-ə keçirilməsi də buna xidmət edir. Belə ki, son vaxtlar cənublu azarkeşlər matçların erkən saatlara salınmasına  kütləvi etiraz  edərək işdən çıxa bilmədikləri üçün oyuna gələ bilmədiklərini  qeyd edirdilər.
  Hüseyn Cəbrayıloğlu.
MƏNBƏ: “Futbol+” qəzeti