3 Şubat 2013 Pazar

“Xəzər Lənkəran”a Doblas gəlmir, Valdes gəlsin”- MÜSAHİBƏ


21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun qapıçısı, hazırda Antalyada olan Orxan Sadıqlı Futbol11.az saytına müsahibə verib.



- “Xəzər Lənkəran” kifayət qədər tanınmış qapıçı Toni Doblasla anlaşdı. 33 yaşlı qolkiperlə rəqabətə hazırsan? Ümumiyyətlə, onun gəlişini necə qarşıladın?

- Antalyada hər şey yaxşıdır. Biz burada mütəmadi hazırlaşırıq. “Xəzər Lənkəran”a Doblas gəlmir, Valdes gəlsin. Mənim üçün fərqi yoxdur. Hər bir qapıçı ilə rəqabətə hazıram. Onun gəlişi mənim üçün də yaxşıdır. Çünki İspaniyada çıxış edib. Ondan nə isə öyrənmək olar.

- Sözsüz, onun gəlişi adi hadisə deyil. Və futbolçunu birbaşa Karles Bakes istəyib. Bu, sənin avtomotik olaraq, ikinci plana düşməyin anlamında qəbul olunmur?

- Açığı bu barədə heç fikirləşməmişəm. Mən bir il bundan qabaq harada idim? “Xəzər Lənkəran”da 3-cü qapıçı idim. Və məni heç kim tanımırdı. 19 yaşım var. Əgər mənə şans versələr, yenə də öz bacarığımı tam şəkildə göstərməyə çalışacağam. Yox əgər şans verməsələr, həvəsdən düşmədən məşqlərimə davam edib, yerimi qaytarmağa çalışacağam.

- Antalyada olanda hər hansı bir menecer və ya klub sənə maraq göstəribmi?

- Hə, Azərbaycan klublarından təkliflər var. Burada olanda da maraqlananlar az olmadı.

- Konkret olaraq, hansı klub səni istəyirdi?

- Klub adı çəkməyim düz çıxmaz Mən “Xəzər”in oyunçusuyam. Bu klubla müqaviləm var. Bu ilin axırına kimi sözləşməm qüvvədədir. Odur ki, hər hansı bir klubla danışmaq mənə yaraşmaz.

- Paytaxt yoxsa, bölgə klubları idi?

- Sadəcə say deyə bilərəm. 3, 4 komanda məni istəyirdi.

Mənbə: Futbol11.az