25 Şubat 2013 Pazartesi

Rahid Əmirquliyev: XL ikinci altılığa düşsə, bunu faciəyə çevirməməliyik MÜSAHİBƏ


“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində “Qəbələ”yə məğlubiyyətdən danışıb, eləcə də ilk altılıq şanslarını dəyərləndirib.


- “Qəbələ” ilə oyun haqda nə deyə bilərsiz?
- Belə vacib bir oyunda uduzmaq çox üzücüdü. Demək olar ki, bütün oyun boyu üstünlük bizim tərəfimizdə idi. Rəqib cəmi iki qol epizodu yaratdı və bizim öz səhfimiz nəticəsində qol vurdu. Biz isə ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik.

- Oyundan sonra Karles Bakes komandada erkən qol buraxmaq ənənəsinin yarandığını dilə gətirdi...
- Cavab verməyə çətinlik çəkirəm. Mümkündü ki, oyunun əvvəlində konsentrasiya lazımı səviyyədə olmur. Belə bir oyunun ilk dəqiqəsində qol buraxmaq bağışlanmazdı.

- Bəs bunda kim günahkardı?
- Hamımız günahkarıq. Ayrı-ayrılıqda günah axtarmaq lazım deyil.


- Baş məşqçiniz hakimlikdən də gileyləndi...
- Baş hakim Fariz Yusifova təşəkkürümü bildirmək istəyirəm. O, bizim təmiz penaltimizi vermədi. Amma bu, birinci dəfə deyil. O, hələ indiyə qədər bizim lehimizə penalti verməyib. Əgər bizim əvəzimizdə başqa komanda olsaydı, dərhal qayda pozuntusu qeydə alardı.

- Artıq “Xəzər Lənkəran” ilk altılıqdan kənarda qalmaq təhlükəsi ilə üz-üzədi...
- Bizə “Sumqayıt” üzərində qələbə qazanıb, “Bakı”nın “Rəvan”la görüşdə xal itirməsini gözləməkdən başqa heç nə qalmır.

- Komandanız ilk dəfə medallar uğrunda mübarizədən kənar qala bilər...
- Hərdən belə də olur. Ötən mövsüm “Bakı” da ilk altılığa düşə bilməmişdi. Bu il də biz eyni aqibəti yaşaya bilərik. Üzücü olacaq. Amma nə etmək olar.

- Artıq bu aqibətinizlə barışmısız?
- Hələ barışmamışıq. Amma əgər belə bir şey baş versə, bunu faciəyə çevirməyin əleyhinəyəm. Qarşısına çempionluq hədəfi qoyan komanda bu qədər xal itirməməliydi.

- “Xəzər Lənkəran” ikinci altılıqda yer alsa, nə edəcəksiz?
- Oynamalıyıq. Biz Azərbaycan Kubokunda da mübarizəmizi davam etdiririk. Mütləq qələbə qazanmalıyıq.