26 Şubat 2013 Salı

Qoy onlar bilsinlər ki, mən də həmişə bir “ağ-yaşıllı” kimi qalacam. MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın baş məşqçisi postundan istefa verən Karles Bakes azerisport.az saytının bəzi suallarını cavablandırıb.


- Niyə getməyə qərar verdiniz? Bunun əsas səbəbi nə oldu?
- Mən bura komandanı dəyişməyə gəlmişdim. Rəhbərliklə söhbətimiz olmuşdu. Onlar mənim planımı, strategiyamı bəyənmişdilər. Amma təəssüf ki, həmin planlarımı tam olaraq həyata keçirmək müxtəlif səbəblərdən baş tutmadı.

- Nə vaxt qərar verdiniz ki, artıq getməyə ehtiyac var?
- “Qəbələ”yə 0:2 hesabıyla uduzduğumuz oyundan sonra rəhbərliklə görüşdüm. Qərara aldıq ki, komandanı tərk etmək üçün ən uyğun vaxt elə indidi.

- Amma siz indiki məqamda öz ordusunu başsız buraxan generala bənzəyirsiz...
- Razı deyiləm. Əgər mən bilsəydim ki, komanda işimi davam etdirəcəyim halda daha yaxşı çıxış edə biləcək, o zaman qalardım.

- Rəhbərlik sizin bu qərarınızı necə qarşıladı?
- Hər şey sakit keçdi. Əgər rəhbərlik qalmağımı istəsəydi, ola bilərdi ki, fərqli qərar verim. Amma biz qərar verdik ki, ən yaxşı elə indi getməkdi.

- Sizdə alınmayan məhz nə oldu?
- Biz müsbət dinamikanı davam etdirə bilmədik. Bizim yaxşı oyunlarımız da oldu. Məsələn, “Simurq”la oyunda azlıqda qalsaq da, hesabı bərabərləşdirdik. “Qarabağ”a qarşı əla oyun keçirdik. Bütövlükdə, dinamika müsbət idi. Sadəcə, bunu hər oyunda davam etdirmək lazım idi. Etiraf edim ki, bəzi transferlər də özünü doğrultmadı. Biz yeni oyunçuların komandanı gücləndirəcəyini düşünürdük.

- Qarşıda komandanı çətin kubok və altılığın taleyini həll edəcək iki vacib oyun var idi. Hələ hər şey itirilməyib. Belə bir məqamda getmək nə dərəcədə düzgün idi?
- Bir daha qeyd edirəm: bilsəydim ki, komanda işimi davam etdirəcəyim halda daha yaxşı çıxış edə biləcək, o zaman qalardım. “Xəzər Lənkəran”da topladığım təcrübə gələcəkdə mənə faydalı olacaq. Buna əminəm. Rəhbərliyə mənə göstərdikləri bu etimada görə təşəkkürümü bildirirəm. Eləcə də hər zaman bizi dəstəkləyən azarkeşlərə. “Xəzər Lənkəran”ın fantastik fanatları var. Qoy onlar bilsinlər ki, mən də həmişə bir “ağ-yaşıllı” kimi qalacam.