26 Şubat 2013 Salı

Baloğlan Əşrəfov "Xəzər Lənkəran" azarkeşlərindən dönə-dönə üzr istədi: "Çıxıb efirdə demişdim ki, Rednik yaxşı məşqçi deyil"



Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov azarkeşlik etdiyi “Xəzər Lənkəran”ın ilk “altılığ”a düşə bilməməsi ilə bağlı və baş məşqçi Karles Bakesin istefasına münasibət bildirib.

Sportinfo.Az-a açıqlamasında Əşrəfov “Xəzər Lənkəran”ın ilk “altılığ”a düşə bilməməsinə görə çox pis olduğunu və həddən artıq təəssüfləndiyini dedi:

Mən şokdayam, “Xəzər Lənkəran” necə ola bilər ki, ilk “altılığ”a düşə bilmədi. Mən bu xəbəri eşidəndə çox pis oldum və əzab çəkdim. “Xəzər Lənkəran” “altılığ”a düşməməsi ilə Azərbaycanın 50 faizini mənəvi cəhətdən yaraladı. Heç Bakesin getməyi mənə o qədər təsir etmədi, nəinki komandamın ilk “altılığ”a düşməməsi. Halbuki bu komanda birinci pillə uğrunda mübarizə aparmalı idi. Neçə gündür ki, mən özümə yer tapa bilmirəm. “Xəzər Lənkəran” azarkeşlərinin psixologiyası tamam başqa cürdür. Onlar bu dəqiqə ilk “altılığ”ı yox, çempionluğu düşünməlidirlər. Bununla belə Bakesdə başa düşüb ki, azarkeşlərlə yola getməyəcək. Bakes nəhayət başa düşdü ki, komandanı idarə etməyə qüdrəti çatmır. Mənə maraqlı deyil ki, burada günahkar kimdi. Məni maraqlandıran o idi ki, “Xəzər Lənkəran” ilk “altılığ”a düşsün və çempionluğa oynasın”.

Sənətkar eyni zamanda bir zamanlar dediyi sözlərə görə futbol ictimayyətindən və “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyib:

 “Bu gün mən özümü bağışlaya bilmirəm. Baş məşqçi Mirça Rednikin vaxtında çox səhvə yol verdim. Çıxıb efirdə demişdim ki, Mirça Rednik yaxşı məşqçi deyil, belə, helə... Lakin bu gün başa düşürəm ki, “Xəzər Lənkəran”ın elə əsas qüvvəsi Rednik imiş.  Bu səhvimi boynuma alıb bütün “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm. Mən də nə vaxta emosiyaya qapılmışam. Ona görə məni bağışlasınlar. Sən demə “Xəzər Lənkəran”ın başına gəlmiş-keçmiş ən yaxşı məşqçi Rednik olub. Bu günə kimi gələn məşqçilərlə müqayisədə Rednik onlardan 1000000 dəfə güclü idi”.