19 Şubat 2013 Salı

Gökhan Güləç: 5 qol vursaydım, nə olacaqdı? – MÜSAHİBƏ



“Xəzər Lənkəran” klubunun türkiyəli futbolçusu Gökhan Güləçin apasport.az saytına müsahibəsi


- Qış fasiləsində keçdiyiniz komandada debütünüz uğurlu oldu. “Turan”a evdə 4:2 hesabı ilə qalib gəldiyiniz oyunda qol vurdunuz...
- Gözəl qarşılaşma idi. Matça yaxşı başlasaq da, sonradan nəsə oyunumuz alınmadı. Ancaq ən əsası qələbə qazanmağımızdır. İnşallah, bundan sonra daha yaxşı oynayarıq.

- Debüt matçında fərqlənəcəyinizi gözləyirdiniz?
- Qol vurmaq istəyirdim. Ancaq bu, hər zaman alınmır. Hər-halda fərqləndim və Allahın köməyi ilə belə də davam edər. “Turan”la görüş artıq bitdi. İndi “Qəbələ” ilə qarşıdakı matçı düşünürük. “Altılığ”a düşmək üçün bizə mütləq qələbə lazımdır.

- Karyeranız ərzində hansısa komandada ilk oyunda qol vurmusuz?
- Bəli, “Beşiktaş”da.

- Türkiyədən zəng edib, uğurlu debütünüzlə bağlı sizi təbrik edən oldumu?
- Dostlarım əlaqə saxlayıb, təbrik etdilər. Mənim üçün sevindiklərini dedilər. Bu, məni ruhlandırdı.

- Azərbaycan çempionatı sizdə hansı təəssürat oyatdı?
- Kənardan göründüyü kimi deyil. Burda futbolun səviyyəsi doğurdan da qalxıb. Artıq oyunlar çətin keçir, asan matçlar, zəif komandalar yoxdur.

- Hələ “İnter”lə matçda debüt edəcəyiniz gözlənilsə də, sona qədər ehtiyatda qaldınız. Bunu nə ilə əlaqələndirirsiniz?
- Hazır deyildim, ona görə. Əslində, indi də tam formada deyiləm. Sonuncu dəfə 2 ay öncə oynamışdım. Baş məşqçi həmin matçda məni meydana buraxmağı məqsədəuyğun saymadı.

- “Xəzər Lənkəran”da digər hücumçular da var. Əsas heyətdə yer almaq şansınızı necə dəyərləndirirdiniz?
- Futbolda hər zaman rəqabət var. Biz peşəkar kimi əlimizdən gələni edəcəyik. Kimi meydana buraxmaqla qərarı isə artıq baş məşqçi verir. Çalışdırıcı daha hazırlıqlı futbolçunu oynadır.

- Siz Antalyadakı hazırlıq zamanı yoxlama oyunlarında qol vura bilməmişdiniz. Bunun səbəbini nədə görürsünüz?
- Hazırlıqda əsas məqsəd futbolçuları sınamaqdır. Onsuz da qeyri-rəsmi oyunlardır. Önəmlisi çempionatda qol vurmaqdır. Toplanış zamanı vurulan qolların heç bir qiyməti yoxdur. 5 qol vursaydım, nə olacaqdı?

- Azərbaycan çempionatında neçə qol vurmağı düşünürsünüz?
- Dəqiq nəsə deyə bilmərəm. Çünki çempionatı, komandaları tanımıram. İnşallah, çox qol vuraram.

- “Xəzər Lənkəran”da adaptasiya dövrü necə keçdi?
- Yeni gələndə bir az çətinlik çəkdim. İndi yavaş-yavaş alışıram. Bundan sonra hər şey yaxşı olar. Hər halda, ilk oyunumda qol vurdum və bu amil mənə ruh yüksəkliyi verdi.

- Komanda yoldaşınız Elnur Allahverdiyev saytımıza müsahibəsində sizə olan ümidlərinin azaldığını bildirmişdi. O, Gökhan Güləçlə hansısa uğur qazanacaqlarına inanmadığını söyləmişdi. Bu barədə nə deyə bilərsiniz?
- Həmin müsahibəni oxumamışam. Çempionat artıq başlayıb və bundan sonra komandanın uğuru üçün əlimdən gələni edəcəm.

- Allahverdiyevlə münasibətləriniz necədir?
- Yaxşı.

- Hazırda “altılıq”dan kənarda hansı komandaların qalacağı daha çox müzakirə olunur. Bu mübarizədə “Xəzər Lənkəran”ın şansını necə dəyərləndirirsiniz?
- Dediyim kimi, rəqibləri tanımadığımdan, bir fikir söyləyə bilmirəm. Futbolçu kimi meydana çıxıb əlimizdən gələni edəcəyik. Qəbələdə çətin oyun olacaq. İnşallah, “altılığ”a düşərik.

Mehman SÜLEYMANOV