19 Şubat 2013 Salı

Alim Qurbanov: “Xəzər Lənkəran”ın “altılığ”a düşmək şansı azdı


“Artıq 4-5 aydı futboldan kənardayam. Mənim üçün belə darıxdırıcıdı. Yenidən futbola qayıtmaq niyyətindəyəm. Hər halda, sənətimiz budur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Alim Qurbanov deyib. 



Yarandığı vaxtdan – 2004-cü ildən “ağ-yaşıllar”ın şərəfini qorumuş keçmiş yarımmüdafiəçi bu komandanın heyətində bütün titulları qazanmaqla yanaşı, oyun sayında rekordçulardan biridir.

Cari mövsümdə oynayan məşqçi kimi Yunis Hüseynov köməkçilərindən olan Qurbanov ötən ilin oktyabrında cənub təmsilçisindən kənarlaşdırıldı. 36 yaşlı veteran futbolçu bu müddətdə daha çox şəxsi işləri ilə məşğul olduğunu bildirib: “Futbolçu kimi müqavilə ilə mayın sonuna kimi “Xəzər Lənkəran”a məxsusam. Ancaq kənarda qaldığım müddətdə mənə futbolçu kimi qayıtmaq təklifi olmayıb. Məşqçi kimi işləməyimə gəlincə, bunun üçün B kateqoriyasına malik olmalıyam. Ötən il bu kateqoriyanı almaqla bağlı imtahandan kəsildiyimdən, diplomu ala bilmədim”.

Qurbanov gələcəkdə “Xəzər Lənkəran”a qayıdışını istisna etmir: “Ola bilsin əvəzedici komandada məşqçi işləyim. Düzdür, “Xəzər Lənkəran”dan mənə deməyiblər ki, B kateqoriyası al. Sadəcə, bu kateqoriyaya malik olsam, məşqçi kimi işləməyim mümkündür”.

Keçmiş yarımmüdafiəçi “altılığ”a düşmək şansını dəyərləndirdiyi cənubluların işini çətinləşdirdiyini düşünür: “Fikrimcə, “Xəzər Lənkəran”ın “altılığ”a düşmək şansı azdır. Komanda 6 ən güclü sırasında olmaq üçün son 2 oyunda mütləq qalib gəlməlidir. Əgər 1 oyunda xal itirsə, onda “Bakı”nın büdrəməyini gözləməlidir. Mən “Xəzər Lənkəran”dan getsəm də, ona azarkeşlik edirəm. Hər halda, bu klubun çörəyini yemişəm. İnanıram ki, lənkəranlılar “altılığ”a düşəcəklər”.


Mehman SÜLEYMANOV