4 Şubat 2013 Pazartesi

Adriant Pit: "İlk "altılığ"a düşmək asan olmayacaq"



"Xəzər Lənkəran"ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin Sportal.az saytına müsahibəsi



- Bu gün Antalyada təlim-məşq toplanışına yekun vuracaqsız. Hazırlıq necə keçdi?
- Hər şey əla getdi. İkinci dövrəyə hazırlaşdıq. Yaxşı təlim-məşq toplanışı keçdik. İnanıram ki, komanda bu toplanışdan sonra yaxşı oyun nümayiş etdirəcək.

- Ancaq komanda yoxlama oyunlarında o qədər də yaxşı nəticə qazanmadı.
- Yoldaşlıq görüşləri bizim üçün o qədər də önəmli deyildi. Ona görə yaxşı nəticələr qazanmadıq. Həm də bizim bir həftədən sonra “İnter”lə çətin oyunumuz var. Son yoldaşlıq görüşündə də zədələnməməyə çalışrdıq. Məşqçi belə tapşırıq vermişdi. İkinci dövrəyə “İnter”lə matçla başlayacağıq. Bu bizim üçün çox vacibdir. Nə olursa, olsun həmin oyunda 3 xal qazanmalıyıq. Həmin matç sonrakı oyunlara motivasiya olmaq üçün “Xəzər Lənkəran”a önəmlidir.

- “Krivbass”la oyunda 0:6 hesabı ilə məğlub oldunuz. Belə böyükhesablı məğlubiyyət, səncə, nədən xəbər verir?
- “Krivbass”la oyunda biz 4-5 qolu onlara hədiyyə etdik. Həmin oyunda xeyli səhvlərimiz var idi. Əsas olan odu ki, biz o səhvlərdən nəticə çıxaraq. Bizim də imkanlarımız oldu, amma istifadə edə bilmədik. Bu oyunlar hazırlıq matçlarıdı. Ona görə necə və hansı hesabla məğlub olmağımız əhəmiyyətli deyil.

- Yeni gələn futbolçular haqqında nə deyə bilərsən? Səncə, onlar komandaya kömək edə biləcəklər?
- Gələnlər güclü futbolçulardı. Onlara iananıram. Əgər onlar “Xəzər Lənkəran”ın məşqçiləri tərəfindən bəyənilibsə, deməli, komandaya kömək edəcək gücdədirlər. Məncə, onlar bizim gücümüzə güc qatacaqlar.

- Yeni transfer olunan futbolçulardan hansını tanıyırsan?
- Heç birini tanımıram. Onlar birbaşa bura gəliblər.

- Alvaro Silva Linares Rumıniya çempionatında da oynayıb.
- Yox, onu da tanımıram.

- “Xəzər Lənkəran” hazırda 6-cı pillədə qərarlaşıb. Fasilədən sonra çətin oyunlarınız var. Komandanın ilk “altılıq” şansları necə dəyərləndirirsən?
- Təbii ki, biz həmişə çempionluğa oynayan komanda olmuşuq. Bizim məqsədimiz ilk “altılığ”a düşmək yox, çempion olmaqdır. Lakin bu mövsüm bizim üçün uğursuz başladı. Boş yerə xallar itirirdik. Sialmas komandaya qoşulana kimi biz cəmi bir hücumçu ilə oynadıq. Onun da komandaya adaptasiya olması bir az zaman aldı. Bir hücumçu ilə oynamaq asan deyildi. Şanslar olsa da, qol vurmaqda əziyyət çəkirdik. Düzdü, indi “altılığ”a düşmək bizim üçün asan olmayacaq. Amma mən komandaya inanıram. İnanıram ki, həmişəki kimi biz yenə çempionluq üçün oynayacağıq.

Elsevər MƏMMƏDOV