4 Şubat 2013 Pazartesi

“Gökhanla nəsə edəcəyimizə inanmıram” - MÜSAHİBƏ



“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi


- Antalyada başa çatmaq üzrə olan təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Yaxşı. Məşqlərdən, bütün futbolçulardan razıyam. Ağır məşqlər, ağır oyunlar oldu. Buna baxmayaraq, ciddi hazırlaşırıq. Bilirik ki, üzərimizdə böyük məsuliyyət var. Çünki “altılığ”a düşmək baxımından qarşıdakı 4 oyundan çox şey asılıdır. İşimizi özümüz çətinə saldıq. Məşqlərdə canla-başla işləyirik. Düzdür, hələ 100 yox, 60-70 faiz hazırıq. İnşallah, fevralın 11-də “İnter”lə oyuna kimi tam hazır olarıq.

- Toplanışda narazı qaldığınız məqamlar hansı oldu?
- Narazı qaldığım məqam uduzduğumuz oyular oldu. Birində böyük hesabla – 0:6 uduzduq.

- Ümumiyyətlə, “Xəzər Lənkəran” keçirdiyi yoxlama oyunlarının hamısında qol buraxdı. Müdafiədə ciddi problemlərin olduğunu düşünmək olarmı?
- Əlbəttə, komanda çox qol buraxırsa, birinci müdafiədə səhv axtarmalısan. Mən də bir müdafiəçi kimi səhv görürəm. Problemimiz var. Ancaq deməzdim ki, elə də ciddidir, kiçik səhvlərdir. Bunlar yoldaşlıq görüşləridir və hamısını təhlil edib, nəticə çıxardacağıq. Əsas odur çempionatda bu səhvləri buraxmayaq.

- Müdafiədən söz düşmüşkən, bu mövqeyə ispaniyalı Alvaro Silva transfer olundu. Onunla oyununuz necə alınır? Alvaro, yoxsa “Rubin”ə gedən Ruslan Abışovla meydanda anlaşmaq daha asandır?
- Əlbəttə ki, Ruslanla. Çünki onunla neçə ildir birgə oynayıram. Bu, “Xəzər Lənkəran”la yanaşı, “Neftçi”də və millidə olub. Onunla bir-birimizi çox gözəl başa düşürdük. Ancaq Alvaro ilə cəmi 2 dəfə oynamışam və çətinlik çəkirəm. Əsas dil məsələsində anlaşmaqda problem var. Ancaq belə baxırsan ki, zəif müdafiəçi deyil. Təcrübəsi var, Avropada oynayıb. İnşallah, yavaş-yavaş bir-birimizi başa düşüb, çempionatda bir-birimizə öyrəşərik.

- Komandanız qış fasiləsində 5 transfer etdi. Onlardan ayrı-ayrılıqda nə gözləyirsiniz?
- Nə gözləyə bilərəm? Ancaq yaxşı, uğurlu oyun. Gələcək taleləri baxımından çox şey göstərməlidirlər. Onlara bir komanda yoldaşı kimi inanıram. Mən də onlara meydanda dəstək verə bilərəm. Ancaq hər şey özlərindən asılıdır.

- Amma müşahidələrimizə əsasən deyə bilərəm ki, türkiyəli hücumçu Gökhan Güləçdən razı deyilsiniz...
- Bəli, mən ondan razı deyiləm. Çünki Türkiyə çempionatında yaxşı klublarda oynamış yaxşı futbolçu olub. Komandamıza gələndə, çox sevindik ki, belə hücumçu bura gəlib. Doğrudan, bizdə hücumda problem vardı və düşünürdük ki, onu həll edəcəyik. Ancaq Gökhana baxıram və onunla nəsə edəcəyimizə inanmıram. Ola bilər ki, çempionatda ilk qol vuracaq, mən yanılıram. Ancaq öz futbol dünyagörüşümə görə ondan heç nə görmürəm. Ancaq təki öz oyunu ilə məni yanıltsın.

- Çempionatın bu mərhələsində qalan 4 vacib oyununuzdan nə gözləyirsiniz?
- Yalnız qələbə. Əgər biz çempionluğa oynayırıqsa, hamısında qalib gəlməliyik. Bu, həm “altılığ”a düşmək, həm də ilk pillələrdə gedən komandalar çatmaq üçün lazımdır. Biz onlarla xal fərqini azaltmalı və rəqiblərimizin xal itirməyini gözləməliyik.

- “Xəzər Lənkəran” “altılığ”a düşməsə necə olacaq?
- Böyük faciə.

- Ümumiyyətlə, komandanızın “altılığ”a düşmək şansı nə qədərdir?
- Bu 4 oyundan 3-ü evdə, 1-i səfərdədir. Mən “altılığ”a düşəcəyimizə doğrudan çox inanıram. Ancaq düşməsək, həm futbolçu karyeramda, həm də “Xəzər Lənkəran” üçün faciə olacaq.

- Antalyada toplanışda olduğunuz müddətdə milli komanda Dubayda hazırlıq keçir. Sizsiz keçən hazırlıq barədə nə deyə bilərsiniz?
- Mən 6 oyunluq cəza alandan sonra yığmaya çağırılmadım. Bu zaman həm oyun praktikası sarıdan korluq çəkdim, həm də özüm özümdə günah görürəm. İnanmırdım ki, baş məşqçi Berti Foqts məni çağırsın. Çünki ay yarımdır oynamırdım və həmin formamda da deyildim. Ancaq indi Allaha şükür, təlim-məşq toplanışı keçmişəm. Biz qıraqda qalmışıq və baş məşqçiləri gəncləri sınayır. Ancaq çağırılmamışamsa, bu, o demək deyil ki, əllərimi yana salmalı, yerimi kiməsə verməliyəm. Elə deyil. Çağırılmamışamsa, daha çox hazırlaşıram. Günü-gündən məşqi artıq edirəm ki, inşallah, özümü sübut edib, milliyə qayıdacağam. Həmişə özümə, oyunuma, xarakterimə inanıram. Allahın köməyi ilə məni çağıracaq, mən buna inanıram.

- Yığma artıq Dubayda keçirdiyi ilk oyunda Özbəkistanla 0:0 hesablı bərabərliyə qalıb. Bu matç haqda hansısa məlumata maliksiniz?
- Əlbəttə, maraqlanıram. Millinin futbolçusuyamsa, niyə də maraqlanmayım? Eşitmişəm ki, millimizin, Rauf Əliyevin çoxlu qol imkanları olub. Ancaq oyunun heç-heçə nəticələnməyinin pis olduğunu deməzdim. Gənclər oynayıb, Özbəkistanı da həqiqətən kiçiltmək lazım deyil. Onlarda da futbolda inkişaf gedir. 2013-cü ilin ilk oyunu idi, futbolçular klubların heyətində ağır təlim-məşq toplanışlarından gəliblər, formada deyillər. Ancaq çox istərdim ki, qələbə qazansınlar. Mən biləni gənclər təcrübə toplayırlar. Ancaq məncə, əsas heyət olsaydı, qalib gələrdik.

- Bəs Lixtenşteynlə yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Yalnız qələbə. Lixtenşteyni də udmayandan sonra hansı inkişafdan, hansı futboldan danışaq? Bunu demək düz çıxmır.