Yanvarın 26-da üçüncü yoxlama oyununa çıxan “Xəzər Lənkəran”ın bu dəfəki rəqibi Rumıniyanın “Timişoara” klubu oldu. Güclü leysan altında keçən qarşılaşmada komandamız 0:2 hesabı ilə məğlub oldu.
Baş məşqçimiz meydana aşağıdakı heyəti buraxdı:
Orxan Sadıqlı, Elnur Allahverdiyev, Vanderson Skarduelli, Manuel Skarlatake, Rahid Əmirquliyev, Roberto Alviz, Kamran Abdullazadə, Elnur Abdullayev, Adrian Pit, Sadio Tounkara və Gökhan Güleç.
Qeyd etmək lazımdır ki, matç ərzində rəqibini bütün parametrlərdə üstələyən komandamızın sadəcə bəxti gətirmədi. Konkret ilk hissədə elə də ciddi təhlükə yarada bilməsək də topa nəzarət tamamilə “Xəzər Lənkəran”ın tərəfində idi. İkinci hissədə isə Rumıniya təmsilçisinin müdafiə xətti üç epizodda qapıya gedən topu qapı xəttindən çıxardısa, bir epizodda da yeni transferimiz Marin Orsuliçin cərimə zərbəsindən endirdiyi zərbə qapı tirinə tuş gəldi. Bundan başqa Dimitrios Sialmas, Kazım Kazımlı və Elnur Cəfərovun yaratdıqları təhlükəli vəziyyətləri də qeyd etməyə dəyər. Bununla belə komandamız israrla qol vurmaq istəyinin acısını çəkdi. Rəqib komanda futbolçularımızı əks hücumda yaxalayaraq 2:0 hesabı ilə qalib gəlməyi bacardı.
Xatırladaq ki, yoxlama oyunun 46-cı dəqiqəsindən etibarən Marin Orsuliç və baxışda olan qapıçı Filip Lonçariç meydanda mübarizə apardılar.
MƏNBƏ: lankaranfc.com