28 Ocak 2013 Pazartesi

Azərbaycanda oynamaq daha yaxşıdı...



“Xəzər Lənkəran”ın yeni transferi, türkiyəli hücumçu Gökhan Güleç Rumıniyanın “Timisioara” klubuna qarşı keçirdikləri yoxlama matçından (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Son oyunla bağlı nə deyə bilərsiz?
 - Düzdü, biz yenə uduzduq. Amma bu
,yoxlama matçlarında o qədər də önəmli deyil. Biz mövsümün ikinci hissəsinə hazırlaşırıq. Əsas nəticəni orda qazanmaq lazımdı. Toplanış yaxşı keçir. Artıq komandaya uyğunlaşıram. Ümid edirəm ki, pley-offa çıxa biləcəyik və həm çempionatda, həm də kubokda uğur qazanacağıq.

- Niyə məhz Azərbaycanı seçdiniz?
- Mənə yaxşı təklif ünvanladılar. Mən də bundan imtina etmək istəmədim.

- Amma Türkiyədə futbolun inkişafı daha yüksəkdi...
- Maliyyə şərtləri yaxşıdı. Türkiyədə hazırda böhran var. Ona görə də Azərbaycanda oynamaq daha yaxşıdı. Lakin digər tərəfdən siz düz qeyd edirsiz. Premyer Liqada futbolun səviyyəsi bir qədər aşağıdı. Məsələn, Azərbaycan çempionatında oynadıqdan sonra Türkiyəyə qayıtmaq çox çətindi. Biz bunu Devran Ayhanla Əli Cansunun timsalında görmüşük. Çünki onlar da Azərbaycana gələndən sonra Türkiyədə oynaya bilmədilər.

- Siz də eyni aqibəti yaşamaqdan qorxmursuz?
- Biz Azərbaycana gəlməklə diqqət mərkəzində ola bilmirik. Amma eybi yox. Mən bunun da öhdəsindən gələrəm.

- Bəlkə karyeranızı burda bitirəcəksiz...
- Pis olmazdı. Əgər Azərbaycanca üç il yarım çıxış edə bilsəm, onda hərbi xidmətdən də azad olunmuş olacam.

- Toplanış zamanı rəqibləriniz haqda məlumat toplamağa çalışırsız?
- Bəzi məlumatlar alıram. Qarşıdakı dörd oyunumuzdan üçün doğma meydanda baş tutacaq. Eşitmişəm ki, lənkəranlı azarkeşlər komandalarını çox yaxşı dəstəkləyirlər. Əgər biz qarşıdakı oyunları qalib başa vursaq, ilk altılığa vəsiqə qazanacağıq.

- Bu, sizdən də az asılı deyil...
- Bilirəm ki, qol vurmağım lazımdı. Prinsipcə, mən özümü buna hazırlayıram. Mənim yeni komanda yoldaşlarımla əla münasibətim var. Hərdən mənimlə zarafatlaşırlar, hərdən nəyisə başa düşmürəm (gülür).