Bu gün “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu baxışa gəlib. Əldə etdiyimiz məlumata görə, bu, xorvatiyalı qapıçı Filip Lonçariçdir.
O, cənub təmsilçisinə Rumıniyanın “Qaz Metan” klubundan gəlib.
27 yaşlı Lonçariç karyerasına yetirməsi olduğu Zaqreb “Dinamo”sunda başlayıb. 2005-2012-ci illərdə paytaxt klubunun şərəfini qoruyan qapıçı 2006-cı ili icarə əsasında “Lokomotiv”də (Zaqreb) keçirib. 2012/2013 mövsümünün əvvəlində Rumıniya komandasına transfer olunan Filip burada 3 oyunda meydana çıxıb.
Qolkiper Xorvatiyanın 16 yaşlılardan 21 yaşlılara kimi yığmalarında 47 matçda forma geyinib. 38 dəfə isə “Dinamo”nun çərçivəsini qoruyan Lonçariç bu klubla 5 dəfə ölkə çempionatının qızıl medalını qazanıb. O, həmçinin 3 qat ölkə kubokunun, 2 qat Xorvatiya Superkubokunun qalibidir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın bu gün “Timişoara” ilə yoxlama matçında Filipin sınanacağı gözlənilir.
apasport.az