31 Ocak 2013 Perşembe

Alvaro Silva: Kanales haqda heç nə eşitməmişəm



“Xəzər Lənkəran”ın yeni müdafiəçisi Alvaro Silva Moldovanın “Zimbru” klubu ilə yoxlama matçından (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.



- “Zimbru” matçı haqda nə deyə bilərsiz?
- Bu oyun hazırlıq xarakteri daşıyırdı. Bizim hədəfimiz isə çempionatın qarşıdakı oyunlarına qədər tam hazır olmaqdı. Belə oyunlarda iştirak etməklə mən komanda yoldaşlarımı daha yaxşı başa düşməyə, yeni oyun tərzinə alışmağa başlayıram. Bu oyunların mən və digər yeni futbolçulara faydası çoxdu.

- Komandaya uyğunlaşa bilmisiz?
- Fikrimcə, bu baxımdan hər şey yaxşıdı. Ötən mövsüm artıq legioner həyatı yaşamışam. Mənə elə gəlir ki, futbol hər yerdə eynidi. Uşaqlar məni komandada yaxşı qarşıladılar. Onlar da mənim komandaya uyğunlaşmağımda yardımçı olmağa çalışırlar. İnanıram ki, problem olmayacaq.

- “Xəzər Lənkəran” və Azərbaycan futbolu haqda nə bilirsiz?
- Bilirəm ki, Azərbaycan futbolu inkişaf edir. “Bakı”da çıxış etmiş Koke, eləcə də Mario Rosasla söhbətləşdim. Onlar mənə futbolunuz haqda daha çox məlumat verirlər.

- Ölkəmizdə olmamısız. Nələri görmək istərdiniz?
- İnternetdən müəyyən məlumatlar əldə etməyə çalışmışam. İspaniyada Azərbaycan daha çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Azərbaycanı görmək mənə çox maraqlıdı. Son dövrlər ölkəniz Madrid “Atletico”sunun formalarında da reklam olunur. Bu da ölkənizə marağı artıran amillərdəndi.

- İspanlar Azərbaycan haqqında nə danışırlar?
- Eşitmişəm ki, Bakıda Avroviziya mahnı müsabiqəsi keçirilib. Həmçinin Azərbaycan yeganə ölkədi ki, Şakira dekretdə olduğu halda, bura təşrif buyurdu. Bizim mətbuat bu hadisələrə çox geniş toxundu.

- Bəs “Atletico”nun formasında Azərbaycanın reklam olunması necə qarşılandı?
- Azərbaycan gənc ölkədi və istəyir ki, Avropada ondan daha çox danışılsın. Ölkəniz öz gücünü, necə imkanlara malik olduğunu göstərmək istəyir.

- “Xəzər Lənkəran”ın əsas rəqibi olan “Neftçi”də Çilinin ən yaxşı futbolçularından biri – Nikolas Kanales çıxış edir. Hansı ki, hazırda Premyer Liqamızın da bombaridi. Ümumiyyətlə, çempionatımızda hansı hücumçuların çıxış etdiyini bilirsiz?
- Etiraf edim ki, belə bir futbolçu haqda eşitməmişəm. Heç onun hansı komandada oynadığını da bilmirəm. Amma mənə deyiblər ki, Azərbaycan çempionatında yaxşı futbolçular çıxış edir. Bu, mənim motivasiyamı daha da artırır.

- İspanlar son dövrlərdə Azərbaycana ayaq açmağa başlayıblar. Bu, ölkənizdəki böhrandan irəli gəlir, yoxsa Azərbaycanın daha da populyarlaşmasından?
- Bu amillərin hamısının təsirinin olduğunu düşünürəm. Bəzilərinin ölkəni tərk etməsinə məhz börhan səbəb olur. Şəxsən mən “Xəzər Lənkəran”a qədər çıxış etdiyim klubda maaşımı vaxtında alırdım. Bura gəlməkdə əsas hədəfim özümü yeni ölkədə sınamaqdı.