31 Ocak 2013 Perşembe

Hüseyn Cəbrayıloğlu Antalyadan xəbər verir



“Xəzər Lənkəran” nəhayət qələbə qazandı

Dünən Antalya toplanışı çərçivəsində 4-cü yoxlama oyununa çıxan “Xəzər Lənkəran” səhər məşqinə də ara vermədi. Müxtəlif taktiki çalışmalardan sonra cənub klubu məskunlaşdığı otelə dönüb Moldova “Zimbru”su ilə sınaq oyununun vaxtını gözləməyə başladı.
Günorta saatlarında isə “Xəzər Lənkəran”ın düşərgəsinə uzun müddətdir danışıqların aparıldığı ispaniyalı qapıçı Toni Doblas təşrif buyurdu. Meneceri ilə birgə “Ela Resort” otelinə gələn “Saraqosa”lı qolkiper yeni komanda yoldaşları ilə görüşərək uzun yol qət etdikdən sonra istirahətə çəkildi. Bu zaman “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə məşqçisi Erik Roketanın klubun tərcüməçisi Elvar Quliyevə dediyi fikirlər maraqlı idi- “Uzun müddət televizorda izlədiyim, stadionlarda oyununa tamaşa etdiyim tanınmış bir qapıçının komandamıza gəlməsi çox qürurvericidir. Açığı, mən hələ də inana bilmirəm.” Toni Doblasla sanki uzun illərin dostu kimi görüşən Elnur Allahverdiyevin mehriban görüşməsinə və “Toni nə var, nə yox? Hazırsanmı oyuna?” suallarına təəccüblənən Ispan qapıçıya Allahverdiyevi həmyerlisi Alvaro Silva təqdim etdi- Tanış ol, “Taliban Elnur”



Qış təlim məşq toplanışı müddətində Qazaxıstan “Jetiusu” klubu ilə 1-1 lik bərabərə qalan “ağ-yaşıl”lar sonrakı iki görüşdə Ukrayna “Krivbass”ına 0-6, Rumıniyanın “Timioaşura” klubuna isə 0-2 hesabı ilə məğlub olduğundan “Zimbru” önünə yoxlama oyunu olmasına rəğmən bu dəfə mütləq qələbə qazanmaq istəyi ilə çıxmışdı. Elə məşqçilər korpusu da futbolçulara qələbənin vacibliyini çatdırmışdı. Futbolçular meydana daxil olarkən isə Emin Quliyev bir-bir onları qələbəyə səslədi. Karles Bakes start 11-likdə Orxan Sadıqlı, Elnur Allahverdiyev(k), Adrian Skarlatake, Alvaro Silva, Elnur Abdullayev, Marin Orsuliç, Adrian Pits, Uğur Pamuk, Gokhan Güləc və Sialmasa şans vermişdi. İlk dəqiqələrdən topa hakim olan “ağ-yaşıl”lar iki dəfə sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Uğur Pamukla təhlükəli vəziyyət yaşatsa da hər iki epizodda tələskənlik qola mane oldu. Bu yerdə Almaniya doğumlu türk futbolçunun iki gün öncə məşqdə zədələndiyi zaman ayağında müayinə sonrası ciddi zədə almadığının məlum olduğunu da vurğulayım. Amma moldovanlar ilk cəhddəcə hesabı açdılar. Əks-hücumdan maksimum yararlanan rəqib 18-ci dəqiqədə Orxan Sadıqlını məyus edib önə keçdi. İlk hissənin sonuna qədər hesab dəyişmədi və “Xəzər Lənkəran” fasiləyə məğlub durumda yollandı. İkinci hissə də Bakes Orxan Sadıqlını baxışda olan qapıçı Filip Lonçariçlə əvəzləməklə yanaşı daha üç dəyişikliyə əl atdı: Uğur-Kazım Kazımlı, Orsuliç-Tounkara, Sialmas- Henri Lopez



Dəyişikliklər sonrası Kazımlı sol cinahda Pitsi əvəzlədiyindən rumın yarımmüdafiəçi Bakesin tapşırığına əsasən yarımmüdafiənin mərkəzində çıxış etdisə baxışda olan qvatemalalı gənc Lopezdə Gokhanla hücumda qərarlaşdı. Matçda isə ümumi axar dəyişməmişdi. “Xəzər Lənkəran” ilk hissə də olduğu kimi topla daha çox oynasa da son nöqtəni qoyan tapılmırdı. Nə Tounkaranın sağ cinahda, Gokhanın irəli ucda, nə də hücumları quran Elnur Abdullayevin mərkəzdə çalışqanlığı fayda vermirdi. Elə Pitsin əzmkarlığı da hesabı bərabərləşdirməyə kömək olmurdu ki, bütün epizodlarda hücumçu yoxluğu öz sözünü deyirdi. Belə ki, cənubluların yoxlama oyunlarında yaratdığı epizodları göz önünə aldıqda tutalım Parks kimi bir hücumçunun meydanda olduğunu güman etsək “Xəzər Lənkəran”ın işinin nə qədər asan olacağını təxmin etmək olardı. Böyük ümidlə transfer olunan Gökhan Güləc hər nə qədər oyundan oyuna artırsa da hələ tam hazır olmadığı nəzərə çarpır. Nəhayət bu qədər hücumun qarşısında hesabı bərabərləşdirmək “Xəzər Lənkəran”a nəsib oldu. Henri Lopez topu mərkəzdə oğurlayaraq Messi sayağı “Zimbru”nun üç futbolçusunu geridə qoyub zərbə endirərkən qapıçı qola mane olunca az sonra onun edə bilmədiyini Pits etdi. Adrian rəqibin üç müdafiəçisini sıra ilə keçib qapıya qüvvətli zərbə endirdi. Hesab bərabərləşəndə artıq matçın 86-cı dəqiqəsi idi. Qoldan ruhlanan “ağ-yaşıl”lar hücumlarına ara verməyincə qələbə topunu da vurmağı bacardı. Tounkaranın qüvvətli zərbəsini qapıçı dəf edərkən irəli şığıyan qvatemalalı futbolçu Lopez qapını dəqiq nişan alıb baxışda olduğu “Xəzər Lənkəran”a toplanışda ilk qələbəsini qazandırdı. Bununla belə çox güman ki, klub rəhbərliyi Lopez və qapıçı Lonçariçi geri göndərəcək. Lonçariçin göndərilməsi Toni Dublas fövqündə başa düşüləndisə, perspektiv vəd edən, sürətli və texnikalı qvatemalalının da yerinə cənubluların daha səviyyəli və təcrübəli hücumçu almaq istəyi hardasa anlaşılmazdır. Məncə Lopezi onsuzda kasad olan heyətdə saxlamaq da olardı. Hər halda rəhbərliyin qərarı çox güman sabaha qədər məlum olacaq. “Xəzər Lənkəran” isə məşqlərinə ara vermədən hazırlığını davam etdirəcək. Sonda “ Zimbru” ilə oyunu izləyənlər arasında “ İnter”in baş məşqçisi Kaxaber Tsaxadzenin olduğunu da qeyd edim. Gürcü məşqçi artıq iki oyundur ki, fasilədən sonra görüşəcəyi rəqibinin oyunu izləyir.





Hüseyn Cəbrayıloğlu, Antalya

MƏNBƏ: “Futbol+” qəzeti