15 Nisan 2013 Pazartesi

"Bizim üçün çempionat bitdi" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Manuel Skarlatakenin Sportal.az saytına müsahibəsi

- “Turan”la oyun barədə nə deyərdin? Səncə, həmin qarşılaşmada “Xəzər Lənkəran” necə təsir bağışladı?
- Əlbəttə ki, həmin qarşılaşmadakı çıxışımızdan xoşum gəlmədi. Çünki çox pis oyun nümayiş etdirdik. Biz həmin oyunda qalib gəlməli idik. Hesab edirəm ki, yaxşı oynamadıq. Həmin matçda pis oynadığımızın fərqindəyik. Çalışacağıq ki, kubok oyununda yaxşı çıxış edək. 

- “Xəzər Lənkəran” “Turan”, “Kəpəz” kimi komandalara qarşı zəif təsir bağışlayır. Səncə, bunun səbəbi nədir?
- Nə deyə bilərəm ki. Qalib gələ bilmədik. Məncə, həmin oyunlara yaxşı köklənə bilmirik. Onu da deyim ki, biz ilk “altılığ”a düşə bilmədik və çox məyus olduq. Məncə, bu amil də oyunlarımıza mənfi təsir edir və özümüzü yaxşı cəhətdən göstərə bilmirik. Amma kubokda şansımız davam edir və növbəti oyunumuz da “Bakı”ya qarşıdı. Hesab edirəm ki, finala çıxmalıyıq. 

- İkinci “altılıq”da 4 oyun keçirmisiniz və cəmi bir qələbəniz var. Iki heç-heçə, bir məğlubiyyət və bir qələbə. Səncə, komanda ilk “altılığ”a düşsəydi, nəsə edə biləcəkdi?
- Bilirsiniz bunlar fəqrli şeylərdir. Əgər ilk “altılığ”a düşsəydik və “Neftçi”, “Qarabağ” kimi güclü rəqiblərə qarşı oynasaydıq, daha fərqli oyun göstərərdik. Elə güclü rəqiblərlə oyuna başqa cür köklənmə olur və daha fərqli, daha inamlı oyun nümayiş etdirirsiniz. Hazırda ikinci “altılığ”da olduğumuza görə çox məyusuq. İkinci “altılıq”da olanda da Turan”, “Kəpəz” kimi komandalara qarşı oynayırıq və yaxşı köklənə bilmirik. Məncə, bu normal haldır. Amma ilk “altılığ”da olub, misal üçün, “Neftçi”yə qarşı çıxış etsəydik, oyunumuz onlardan heç də fərqlənməzdi və daha güclü təsir bağışlayardıq. Məncə, hazırda “Neftçi” ilə “Xəzər Lənkəran” arasında elə də böyük fərq yoxdur. İkisi də eyni gücdədi. Bayaq da dediyim kimi hazırkı problemimiz oyuna köklənməkdədir. Biz heç də zəif deyilik. Komandamızda güclü oyunçular var. Fikrimcə, çempionluğa oynamaqla, birinci diviziona düşməmək üçün oynamaq arasında böyük fərq var. Bilirsiniz çempionluq üçün oynayanda daha inamlı, daha dişli çıxış göstərirsən. Ona görə də Premyer Liqanın bu yerində olmaq istər-istəməz bizə təsir edir, yaxşı əhval-ruhiyyə ilə meydana çıxa bilmirik. Məncə, bu amillər bizə mənfi təsir göstərir. Doğrusunu demək gərəkirsə, bizim üçün çempionat bitmişdir. Bundan sonra nə edə bilərik. Əsas fikrimizi kuboka yönəltmişik. 

- Hazırda “Xəzər Lənkəran”ı dünyaca məşhur mütəxəsis çalışdırır. Səncə, bunun kluba nə kimi xeyri dəyər? Toşak Bakesdən fərqli olaraq komandada nəyi dəyişdi?
- Toşak həqiqətən də çox təcrübəli və güclü mütəxəsisdir. Mən əminəm ki, onun bizə çox köməyi dəyəcək, amma bunu tezliklə gözləmək yalnış olardı. Gələn hər yeni məşqçinin, futbolçunun vaxta ehtiyacı olur. Baş məşqçimiz nəyi necə edəcəyini daha yaxşı bilir. Hələ 2-3 aya ehtiyacımız var. Fikrimcə, komandanın yeni oyunçulara da ehtiyacı var. Toşakın komandaya çox faydalı olacağını düşünürəm. Bizim onun, onun da bizim köməyimizə ehtiyacı var. Belə olduqda komandanı daha yaxşı toparlaya biləcəyik. 

- Hazırda “Xəzər Lənkəran”ın avrokuboklara getmək üçün yeganə yolu kuboku qazanmaqdır. Kubokda növbəti oyununuz da “Bakı”ya qarşıdır. Həmin qarşılaşma barədə nə deyə bilərsən?
- Fikrimcə bu oyun bizim üçün çox vacibdir. Finala çıxıb kuboku almaq istəyirik. Ona görə də “Bakı”ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik və hər bir imkanı dəyərləndirməyə çalışacağıq. 

- Çempionatdakı nəticələrinizə, çıxışlarınıza görə azarkeşləriniz sizdən inciyib. Hazırda onlar sizdən Azərbaycan Kubokunu qazanmağınızı gözləyir. Səncə, belə bir vəziyyətdə kuboku qazana bilməsəniz, bunu faciə adlandırmaq olar?
- Bəli, fikrimcə, bu faciə olar. Çünki bu mövsüm çempionatda heç nə edə bilmədik. Fikrinizlə razıyam. Finala çıxıb kuboku qazana bilməsək, bu çox pis olar. 

- Komandada müdafiə xəttində sanki problemlər var. Qol vurur, amma çox da qol buraxırsınız. Sən necə düşünürsən?
- Məncə problem tək müdafiədə deyil, hər yerdədir. Çünki yaxşı nəticə qazana bilmirik. Həm də ki, biz ancaq müdafiə oyunu oynamırıq ki. Əgər nəticə müsbət deyilsə, deməli, problem hər yerdədir. Fikrimcə, komanda ümumilikdə yaxşı oyun göstərə bilmir. Ona görə də, çox qol buraxırıq. Deməzdim ki, yeganə problem müdafiədədir. 

- Zədən var idi. Bildiyimizə görə artıq sağalırsan. Zədən tam bərpa olunub?
- Elə də ciddi problemim yoxdu. Əvvəl bir az zədəm vardı, amma indi tam sağalmışam.

Elmar VƏLİYEV