8 Nisan 2013 Pazartesi

Rahid Əmirquliyev: "Artıq qələbələr qazanmaq vaxtıdır" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin Sportal.az saytına müsahibəsi


- Oyun haqqında nə deyərdin?
- Birinci hissədə 2 qol vurduq. Elə bu qollar da qələbəmizdə rol oynadı. Fikrimcə, artıq qələbələr qazanmaq vaxtıdır. Biz son oyunlarda xallar itirirdik. Yəni buna görə bu gün qələbə qazandığımız üçün sevinirəm. İkinci hissədə də şanslarımız oldu amma yararlana bilmədik. Əgər əlimizə düşən fürsətləri istifadə etəsydik, indi hesab daha böyük olardı. Amma əsas olan qələbədir. Onu da qazandıq. 

- Toşak mətbuat konfransında dedi ki, biz birinci hissədə qələbə layiq deyildik. Sənin bu fikrə münasibətin necədir?
- Ola bilsin ki, oyunumuz Toşakın xoşuna gəlməyib. Məşqçidir onun fikrinə hörmətlə yanaşıram. Ancaq biz iki qolu da birinci hissədə vurduq. İkinci hissədə daha yaxşı oynadıq. Amma futbolda belə bir deyim var:- vurmayana vurarlar. Biz də vurmadıq, rəqib qol vurub hesab arasındakı fərqi azaltdı. 

- Uzun illər komandada oynayan bir futbolçusan və belə tanınmış məşqçi ilk dəfədir ki, komandaya gəlir. Toşakın gəlişindən komandada nə dəyişib? 
- Toşak yaxşı və təcrübəli məşqçidir. Dünyanın tanınmış klublarında işləyib. Onun “Xəzər Lənkəran”a gətirilməsi də boş yerə deyil. İnanırıq ki, onunla yeni uğurlara imza atacağıq. Komanda bu il uğursuzluq zolağına düşdü. Amma ordan çıxacağımıza inanıram. 

- Avrokuboklara getmək üçün yeganə yolunuz kubokdan keçir. Səncə, “Xəzər Lənkəran” son oyunlarda özünü yaxşı tərəfdən göstərən “Bakı”nı keçə biləcək?
- “Bakı” güclü komandadır. Onlar kubokun ¼ final mərhələsində “İnter”i kənarlaşdırıb yarımfinala çıxıblar. Ona görə də çətin olacaq. Amma bizim azarkeşlərin könlünü almaq üçün və avrokuboklara getmək üçün yeganə yolumuz ordan keçir. İnanıram ki, biz bu mərhələni adlayıb mövsümdəki uğrusuzluğu azarkeşlərə unutduracağıq.

Elsevər MƏMMƏDOV