18 Nisan 2013 Perşembe

Ona görə karyeramın üstündən xətt çəkmək istəmirəm MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi


- “Bakı” ilə kubokun ilk yarımfinal oyunu barədə nə deyə bilərsiz?
- Gözlənilməz məğlubiyyətlə üzləşdik. Mən penalti epizodunun təkrarını hələ görməmişəm. Amma fikrimcə, orda qayda pozuntusu yox idi. Mənə elə gəlir ki, hakim sanki qapımıza penalti təyin etmək üçün fürsət axtarırdı və bu istəyinə çatdı.

- Amma etiraf edin ki, “Xəzər Lənkəran” o qədər də yaxşı oynamadı...
- Bəli. Rəqibin üç yüz faizlik qol imkanı oldu. Orxan Sadıqlı həmin epizodlarda komandamızı real qoldan xilas etdi. Ümumiyyətlə, ona bu cür oyuna görə təşəkkürümü bildirirəm. Həmin penalti olmasaydı, biz ilk oyunda heç-heçə də edə bilərdik.

- Cavab oyununda şanslarınızı necə qiymətləndirirsiz?
- Ümidimizi itirmirik. Lənkəranda qalib gəlib, finala çıxmaq istəyirik. Bütün gücümüzü qoyub, “Bakı”nı məğlub etməyə çalışacağıq.

- Kamran Ağayev son müsahibələrindən birində sizi “narkoman” adlandırıb. Onunla bu barədə danışa bilmisiz?
- Mən ona zəng etdim. Amma bildirdi ki, haqqımda elə sözlər deməyib. Əgər o, həqiqətən belə bir söz deyibsə, bu, ağır ittihamdı. Heç bilmirəm bu haqda nə deyim. Lakin mən heç kimə pislik etmək, kiminsə barəsində pis danışmaq istəmirəm. Digər tərəfdən də belə sözlərdən sonra susmaq olmur. Azı bu, kişiyə yaraşmaz. Mən də Kamran haqda çox şey deyə bilərəm. Axı bu, nəyə lazımdı?

- Bəlkə, ümumiyyətlə heç nə demək lazım deyil?
- Necə? Onun açıqlamalarını nə qədər adam oxuyub. Neçə il bir komandada oynamışıq. İndi də Azərbaycan millisində birgə oynayırıq. Ondan belə sözlər eşitmək çox üzücüdü. Bunu şişirtməyə də ehtiyac duymuram. Sonra Berti Foqts öyrənəcək, yeni problemlər yaranacaq. Ona görə karyeramın üstündən xətt çəkmək istəmirəm.

- Deyilənə görə, siz Kamrana nəsə demisiz, o da cavab verib...
- Bu haqda eşitmişəm. Paltardəyişmə otağına yollananda Kamranın bizim azarkeşlərlə dalaşdığını gördüm. Amma mən ona heç bir söz demədim. Mənim sözlərimi Rahid Əmirquliyev də təsdiq edə bilər.