23 Nisan 2013 Salı

Kamran Ağayev meydana çıxsa... – MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayevin apasport.az saytına müsahibəsi


- Ölkə kubokunda 3 oyunluq cəzanı başa vuraraq meydana dönürsünüz. Qayıdışınızdan nə gözləyirsiniz?
- “Turan”la oyunda aldığım birbaşa qırmızı vərəqə məni çətin vəziyyətə qoydu. Artıq problem qalmayıb və sabah “Bakı” ilə matça yüksək əhval-ruhiyyədə hazırlaşıram. İstəyirəm qayıdışımı qolla qeyd edim.

- Futbolçular adətən kimin qol vurmağını yox, komandanın uğurunun onları daha çox maraqlandırdığını deyir. Belə çıxır ki, sizin qol vurmaq istəyiniz böyükdür?
- Kubokda son oyunlar komandama kömək edə bilmədiyindən, qayıdışımda fərqlənmək, qalib gəlməyimizi istəyirəm. “Xəzər Lənkəran”ın finala çıxmağı üçün əlimizdən gələni edəcəyik.

- Hazırlıq necə gedir?
- Yaxşı. Bu gün məşqimizi keçirdik. Bütün futbolçular dərk edir ki, “Bakı” ilə cavab matçının əhəmiyyəti böyükdür. Bu, Avropaya getmək baxımından son şansımızdır və bundan maksimum istifadə etməliyik.

- Ancaq onu da nəzərə alaq ki, heyətinizdə bir sıra itkilər – həm cəzalı, həm də zədəli futbolçularınız var. Bu, sizə problem yaratmayacaq?
- Bu, elə bir matçdır ki, kimin oynayıb-oynamamağından asılı olmayaraq, futbolçular qələbə qazanmaq üçün əlindən gələni etməli, bütün varlığını meydanda qoymalıdır. İlk oyunda 0:1 hesabı ilə uduzduğumuzdan finala çıxmaq üçün 2:0, yaxud 3:0 hesablı qələbə qazanmalıyıq.

- Kubokda rəqib meydanında qolun əhəmiyyəti böyük olsa da, buna nail ola bilmədiniz. Bu, komandanızı geri salmır?
- İlk oyun 0:0 hesabı ilə nəticələnsəydi belə, bizə cavab matçında qol vurmaq lazım idi. Hansı taktika ilə oynayacağımızı baş məşqçi müəyyənləşdirir. Hər halda, hücum futbolu oynayıb, qələbə qazanmağa çalışacağıq.

- Sizin oynadığınız yarımmüdafiənin mərkəzində oynayanlardan Marin Orsuliç cəzalıdırsa, Roberto Alvis komandadan kənarlaşdırılıb. “Xəzər Lənkəran”da futbolda önəmli olan orta sahədə boşluq yaranmayacaq ki?
- Həmin mövqedə Rahid Əmirquliyevlə mən oynayıram. “Xəzər Lənkəran”ın adı üçün hər şey etməliyik. İnanıram ki, azarkeşlərimiz hər şeyi kənara qoyub, bizə finala çıxmaq üçün lazım olan nəticəni qazanmaqda dəstək olacaqlar. İstəyirik ki, qarşımıza qoyduğumuz məqsədə hamılıqla nail olaq.

- “Xəzər Lənkəran”ın mövsümü boşa verməyib, qitə miqyaslı turnirə çıxmaq baxımından son şansınız olmağı futbolçular üzərində təzyiq, psixoloji gərginlik yarada bilər?
- Hazırda hər şey öz əlimizdədir. Düzdür, bu, futboldur, uduza da bilərik. “Xəzər Lənkəran”ın mütləq finala çıxacağına zəmanət yoxdur. Ancaq bizim istəyimiz böyükdür ki, finala çıxıb, mövsümü titulla başa vuraq.

- Vaxtilə şərəfini qoruduğunuz “Bakı”nın hazırkı çıxışına necə qiymət verərdiniz?
- “Bakı”ya hörmətimiz var, güclü rəqibdir. Oynadığım komandalardan biridir. “Bakı” həmişə çempionluğa, kuboka iddialı olub. Son vaxtlar kubok komandası kimi bu turnirdə yaxşı təsir bağışlayırlar.

- Onun heyətində sizə yaxşı tanış, “Xəzər Lənkəran”da komanda yoldaşınız olan Kamran Ağayev də çıxış edir...
- Biz Kamranla qardaş, uşaqlıq dostuyuq. Neçə illər birgə oynamışıq. Ancaq futbolda dost, qardaş olmur. Biz meydanda rəqibik və Kamran Ağayev meydana çıxsa, ona qol vurmağa çalışacağıq.

- “Xəzər Lənkəran” “Bakı”dan fərqli, ikinci “altılıq”da çıxış etməyi oyununuza öz mənfi təsir göstərirmi?
- Əlbəttə. Biri var “Neftçi” və “Qarabağ”la oynayasan, biri də var...Mən ikinci “altılıq”dakı rəqiblərimizi kiçiltmək istəmirəm. Ancaq biz indiyə kimi çempionatda medallar uğrunda mübarizə apardığımızdan, güclü rəqiblərə qarşı oynamağa öyrəşmişik. Nə qədər məşqlərdə hazırlaşıb, oyuna özünü kökləməyə çalışsansa da, səviyyə fərqi öz təsirini göstərir.

Mehman SÜLEYMANOV