“Xəzər Lənkəran” klubunun bolqarıstanlı futbolçusu Radomir Todorovun apasport.az saytına müsahibəsi
- Zədə üzündən bu il hələlik meydana çıxmamısınız. Vəziyyətiniz necədir?
- Yaxşılığa doğru gedir. “Qrijam” vardı, əməliyyat olundum. Artıq komanda ilə birgə məşq edirəm. Sadəcə, oyun praktikası yığmağım lazımdır.
- Nə vaxt tam hazır olub, yaşıl meydana qayıdacaqsınız?
- Bunu bilmək olmaz. Nə vaxt özümü hazır saysam, onda da meydana çıxacağam. Prinsipcə, hazırlığım artıq normaldır. Həkimlər proqnoz veriblər ki, 6-8 günə bərpa prosesim tam bitəcək. Yaxında oynayacağam.
- Hazırlıqdan kənarda qalanda, özünüzü necə hiss edirsiniz?
- Təbii ki, oynamaq üçün darıxmışam. Kənarda qalanda, həmişə çətindir. Komandaya baxırsan, ancaq heç cür kömək edə bilmirsən.
- Kənarda komandanın çıxışına necə qiymət verərdiniz?
- Mən futbolçuyam, qiymət verə bilmərəm. Bu, rəhbərliyin, məşqçilərin işidir.
- Hər halda, siz “Xəzər Lənkəran”ın heyətində ən uzun müddətdir yer almısız, fikirləriniz maraqlıdır...
- Mən şərh vermək istəmirəm.
- İkinci “altılıq”da oynamalı olduğunuzdan, mükafatlar uğrunda mübarizə apara bilməyəcəksiniz. Oyunlara necə köklənəcəksiniz?
- Əlbəttə, ilk “altılığ”a düşməməyimiz çox pisdir. Təəssüf ki, medallar uğrunda mübarizədən kənarda qaldıq və bu, uğursuzluqdur. Ancaq irəliyə baxmaq lazımdır. Ölkə kubokunda mübarizəni davam etdiririk. Buna yaxşı hazırlaşmalıyıq. Komandamız ölkə kubokundan Avropaya çıxmalıdır.
- Buna nail olmaq perspektivinə necə baxırsınız?
- Bütün ümidlərimiz ölkə kubokuna qalıb. Toparlanıb oynamalı və sübut etməliyik ki, baş verənlər təsadüfdür.
- “Rəvan”a səfərdə 2:1 hesabı ilə qalib gələndən sonra komandanızı artıq yarımfinalda saymaq olar?
- Baxın, Avropanın böyük klubları kubokda sona kimi mübarizə aparırlar. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gəlməyimiz superdir. Ancaq bu, nə qədər əla nəticə olsa da, qarşıda cavab matçı var.
- Hər halda, səfərdə böyük üstünlük qazandığınızdan, evdə 2 top fərqi ilə uduzacağınız real görünmür...
- “Rəvan” elə komandadır ki, güclü rəqiblərlə oyunlarda yaxşı təsir bağışlayır. Bu, həm bizimlə ilk oyunda, həm də “Bakı” ilə son matçda belə olub. Onlar yaxşı vəziyyətdə olduqlarını göstərdilər. Buna görə də “Rəvan”a elə-belə, asan rəqib kimi baxmaq lazım deyil. İlk matçda qazandığımız nəticə işin 50 faizinin görülməyidir. Qarşıda 1 oyun qaldığından, buna ehtiyatla yanaşıb, çox diqqətli olmalıyıq. Üstəlik, Lənkəranda oynadığımızdan, azarkeşlərimizi sevindirməliyik.
- Kubokdakı rəqibləriniz ilk “altılıq”da gərgin qrafikdə oynayacaqlar. Komandanızın isə çempionatda belə gərginliyinin olmamağı sizə üstünlük verirmi?
- Bilmirəm. Nəticəni komandalar həll edir. Ancaq ola bilsin ki, bizə bir qədər asan olsun. Çünki artıq bütün diqqətimizi yalnız kuboka yönəltmişik. Bizə asan, yoxsa çətin olacağını zaman göstərəcək.
- Yarımfinalda “İnter” – “Bakı” cütünün qalibi ilə üzləşəcəksiniz. Hansı rəqibi arzulayırsınız və kimi daha şanslı sayırsınız?
- Dəqiq deyə bilmərəm. Kuboku qazanıb, Avropaya yollanmaq istədiyimizdən, ümumiyyətlə, rəqibin kim olacağı bizim üçün əhəmiyyət daşımır. Sadəcə, qalib gəlməliyik ki, bizə Avropada yer tapılsın. Biz istənilən halda, sona kimi mübarizə aparmalıyıq.
Mehman SÜLEYMANOV