17 Mart 2013 Pazar

“Mənim üçün yağlı çörək olan “Xəzər Lənkəran”ın nəticəsini düşünürəm” MÜSAHİBƏ



Bu gün “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşakın rəsmi təqdimat mərasimi olub. Apasport.az saytının məlumatına görə, “Hilton” otelində baş tutan tədbirdə klubun vitse-prezidenti Tuyqun Nadirov və tərcüməçisi Elvar Quliyev iştirak edib. Toşak zala daxil olan kimi jurnalislərin çoxluğunu görərək, təəccübünü gizlətmədi.


Mətbuat konfransını açıq elan edən Nadirov media işçilərinə istirahət günü olmasına baxmayaraq gəldiklərinə görə minnətdarlıq etdi. O, bu günün klubun tarixində çox önəmli gün olduğunu və Toşakın ümumiyyətlə, futbolumuza öz töhfəsini verəcəyini bildirdi. Vitse-prezident onu da dedi ki, Toşak jurnalistlərə ayrılıqda müsahibə vermək fikrində olmadığından, indidən anlaşılmaz olmasın deyə suallarını mətbuat konfransında vermələrini istəyir.

Uzun illər İspaniyada yaşayaraq, ispanca bildiyindən, fikirlərini bu ildə çatdıran 64 yaşlı uelsli mütəxəssis apasport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

- Hər bir baş məşqçi yeni kluba gedəndə istədiyi oyunçuları gətirir. Sizdə bu, necə olacaq və gedənlər haqda nə deyə bilərsiniz?
- Mən hələ komandanı görməmişəm. Oyunçuları görməmiş qərar vermək istəmirəm.

- Sizə Azərbaycandan təklif gələndə, ilk olaraq nə düşündünüz və sizə bura gəlməyə əsas stimul nədir?
- Mənə ilk olaraq “Beşiktaş”ın keçmiş prezidenti bu haqda məlumat verdi. O dedi ki, cənab Mübariz Mənsimov sizinlə danışmaq istəyir. Azərbaycanda 2 dəfə olduğumdan, bura haqda təsəvvürün vardı. Mən Mənsimovla danışmağa dərhal razılıq verdim və İstanbula danışığa gəldim. Təbii ki, onunla klubla, futbolumuz haqda danışdıqdan sonra təklifi qəbul etdim. Düşündüm ki, bu, mənim üçün maraqlı iş, çağırış olacaq.

- Azərbaycana gələn tanınmış əcnəbi məşqçilər uğursuzluqla üzləşib. Siz bundan qorxmursunuz?
- Mən bu haqda danışmaq istəmirəm. Bu, futboldur, indidən heç nə söz vermək olmur. Ancaq hər şey ola bilər. Hansı tanınmış məşqçilər uğursuz olub ki?

- Məsələn, Vlastimil Petrjela, Toni Adams...
- Petrjelanı tanımıram. Adamsı isə mərkəz müdafiəçisi oynadığı vaxtdan tanıyıram.

- Demək olar ki, “Xəzər Lənkəran” sizin rəhbərliyiniz altında Britaniya futbolu oynayacaq?
- Bunu indidən demək olmaz. Futbolçulara uyğun taktika quracağıq. Məsələn, İspaniyada “Real”la “Barselona”, İngiltərədə “Çelsi”, “Arsenal” tam fərqli oyun nümayiş etdirilər.

- “Xəzər Lənkəran”ın gələn il 10 illik yubileyi olacaq. Öz-özünüzə düşünmüsünüz ki, klub bu müddətdə niyə bu qədər məşqçi dəyişib?
- Bu, mənə aid sual deyil. Məsələn, “Real”da 12 ildə 14 məşqçi dəyişib Futbolda belə dəyişiklər tez-tez olur.

- Siz Makedoniya yığmasından orada yaşamaq istəmədiyinizə görə çıxarıldınız. Bu, lənkəranlı azarkeşlərdə avtomatik sual yaradır: komanda Lənkəranda olacaq, yoxsa Bakıya köçəcək?
- Burada fərqli məqamlar var. Əvəlla, onda yığmada, indi klubda işləyirəm. Makedoniya çempionatının səviyyəsi aşağıdır. Yığmanın futbolçulaı hamısı xaricdə oynadıqlarından, mənim yerli futbolçuları izləmək üçün orada qalmağıma ehtiyac duydu. Mənim Makedoniya Futbol Federasiyasının keçmiş prezidenti ilə belə danışığım olmuşdu ki, orada çox qalmayacağam. Ancaq federasiyada rəhbər dəyişikliyi olandan sonra vəziyyət dəyişdiyindən, yollarımız ayrıldı. Lənkərana isə tezliklə gedib vəziyyətlə tanış olmaq, işə başlamaq istəyirəm. Orada azarkeşlərin çılğın olduğunu bilirəm.

- Sizə bundan öncə “Bursaspor”dan təklif olsa da, “Xəzər Lənkəran”ı seçdiniz. Niyə Türkiyə yox, AZərbaycan klubuna üstünlük verdiniz?
- Bu söhbət 1 ay öncə olmuşdu. Mənə “Buraspor”dan Ərtoğrul Sağlam gedəndən sonra heç bir rəsmi təklif olmayıb.

- Millimizin baş məşqçisi Berti Foqts futboluları uzun müddət təlim-məşq toplanışına aparır. Sizin buna münasibətiniz necədir və futbolçularınızı yığmaya buraxmamağınız mümkündür?
- Onu demək istəyirəm ki, FİFA və UEFA-nın milli ilə bağlı normaları aydındır. Təcrübəmə əsaslanaraq deyirəm ki, əvvəlki belə halla üzləşmədiyimdən, bir şey deyə bilmərəm. Ancaq Foqtsu yaxşı tanıyıram. Onunla 2 dəfə üzləmişəm. Biri futbolçu kimi “Liverpul” – “Borussiya” matçında, digəri isə baş məşqçilər kimi Uels – Azərbaycan oyununda. Foqtsla görüşüb onunla fikir mübadiləsi aparmaq istəyirəm. Təbii ki, milli hamımız üçün önəmlidir. Hamımız ona kömək etmək istəyirik. Ancaq mənim üçün yağlı çörək “Xəzər Lənkəran” olduğundan, onun nəticəsini düşünürəm.

- Sizə Azərbaycan futboluna uyğunlaşmaq çətin olacaq, yoxsa öz sisteminizi bura tətbiq etmək?
- Mən artıq 1-ci dəfə deyil ölkədən kənarda çalışdığımdan, reallığı yaxşı bilirəm. Dediyinizin hər ikisi vacibdir. Ancaq bu, 1 həftəyə baş verəsi məsələ deyil. Zamana ehtiyac var və adaptasiya olmalıyıq.

- “Xəzər Lənkəran”ın gələn il 10 yubileyi olacaq. Bunda mütləq çempion olmaq, yoxsa bu il Avropaya çıxmaq üçün yeganə yol olan ölkə kubokunu qazanmaq variantının reallaşdırmağı necə görürsünüz?
- Mən ölkə kubokunu qazanmağı daha çox sevirəm. İndiyə kimi İspaniyada, Uesldə, Türkiyədə kubok qazanmışam. Azərbaycanda da kuboku qazansam, pis olmazdı.

- İstədiyiniz transferlər olacaqmı?
- Mən transfer xatirinə transfer etmək istəmirəm. Səviyyəli yerli futbolçulara üstünlük verəcəyəm. Əgər yaxşı dadı olan yerli mal varsa, niyə supermarketə getməliyik? Legionerlərdən “Xəzər Lənkəran” üçün meydanda canını qoyacaq olanları alacağıq. Düşünürəm ki, indiki vəziyyətdə “Xəzər Lənkəran”da legioner çoxdur. Ola bilər ki, yanılıram, ancaq belə fikirdəyəm.

Mehman SÜLEYMANOV