18 Mart 2013 Pazartesi

Con Toşakın ilk rəqibi "Xəzər Lənkəran" oldu, Orxan Sadıqlı əsas heyətə qaytarıldı



"Məhz bu oyundan sonra heyətlə bağlı bəzi qərarlar veriləcək"

Tanınmış futbol mütəxəssisi Con Toşak "Xəzər Lənkəran"da işinə rəsmən başlayıb. Cənub təmsilçisi bu gün səhər saatlarında təcrübəli çalışdırıcının rəhbərliyi ilə ilk məşqini keçirib.

Toşak artıq heyətlə bağlı ilk qərarını verib. Zəif oyuna görə bir müddət öncə əvəzedici heyətə göndərilmiş Orxan Sadıqlı geri qaytarılıb. Bu barədə "FutbolPress"ə "Xəzər Lənkəran"ın icraçı-direktoru Höccət Hacıyev məlumat verdi.

Klub rəsmisi saytımıza açıqlamasında bunları dedi: "Komanda bu gün səhər saatlarında hazırlıq keçib. Bir neçə dəqiqədən sonra isə ikinci məşqinə çıxacaq. Orxan Sadıqlı səhər məşqində əsas heyətlə birgə olub.

Martın 20-də "Xəzər Lənkəran" yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqib əvəzedici komandamız olacaq. Məhz bu oyundan sonra heyətlə bağlı bəzi qərarlar veriləcək.

Eyni zamanda onun köməkçiləri də yaxın günlərdə müəyyənləşməlidi. Toşak məşqçilərlə bağlı məlumatlar toplayır. Yəqin ki, qısa zamanda hər şeyə aydınlıq gələcək".