28 Mart 2013 Perşembe

Con Toşak üçün asan olmayacaq – MÜSAHİBƏ



“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi


- Komandanız son vaxtlar daha çox baş məşqçi dəyişiklikləri ilə gündəmə gəlir. Necə düşünürsünüz, yeni çalışdırıcı Con Toşak uğur qazana biləcəkmi?
- Biz ona inanırıq. Təcrübəli mütəxəssisdir, zəngin məşqçi karyerası var. Gördüyü işlər göz qabağındadı. Nəyə qadir olduğunu başqa klublarda göstərib. Müxtəlif komandalarla çempion olub, ölkə kubokunu qazanıb. Bu baxımdan “Xəzər Lənkəran”da da uğur qazanacağını gözləyirəm. Ancaq bu, heç də asan olmayacaq. Çünki Premyer Liqa oyun üslubu baxımından fərqli məkandır. “Xəzər Lənkəran”ın yükünü hər məşqçi daşıya bilmir. Bu komandada işləmək çox çətindir. Mən futbolçuyam, işim baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Digər məsələlərə baş məşqçi məsuliyyət daşıyır. İnşallah, əl-ələ verib, uğur qazanarıq.

- Bundan əvvəl rəhbərlik baş məşqçi postuna Karles Martorell Bakesi dəvət etmişdi. Çoxları onun rəhbərliyi altında “Xəzər Lənkəran”ın ispan stilində oynayacağını gözləyirdi. Lakin Bakes heç nə ilə yadda qalmadı. Onun uğursuz seçim olması ilə razılaşırsınızmı?
- Bakesi rəhbərlik dəvət etmişdi. Ona görə də komandaya xeyir verib-vermədiyini rəhbərlik açıqlaya bilər. Gərək Bakesin əlinin altında elə səviyyəli futbolçular olsun ki, o da ispan üslubunu tətbiq etsin. Bizdə isə elə legionerlər var ki, baş məşqçinin verdiyi sadə tapşırıqları belə yerinə yetirə bilmirdilər. Uğursuzluq olan kimi, hər şeyi baş məşqçinin üstünə yıxmaq düzgün deyil.

- Hansı legionerləri nəzərdə tutursunuz?
- Konkret ad açıqlamaq istəmirəm. Oyunlarımızı izləyən hər kəs bunu rahat şəkildə görürdü.

- Yayda müqaviləniz başa çatacaq. Gələcək karyeranız haqda nə düşünürsünüz: Komandada qalacaqsınızmı?
- Onu zaman göstərəcək. Baş məşqçi qalmağımı məsləhət bilsə, karyeramı “Xəzər Lənkəran”da davam etdirəcəm.

- Toşakın təyinatından sonra “Xəzər Lənkəran”ın tanınmış futbolçularla danışıqlar apardığı deyilir. Bu cür xəbərlər futbolçularda hansısa qısqanclıq yaradırmı?
- Azərbaycanda ulduz futbolçu kimdir ki?

- Azərbaycanlı deyil, əcnəbilər nəzərdə tutulur. Məsələn, Andrey Arşavinin adı da klubunuzla birgə çəkilir...
- Çox yaxşı. Mən də istərdim ki, Arşavinlə bir klubda oynayım. Bu cür tanınmış futbolçuların ölkəmizə dəvət edilməsi çempionatımızın səviyyəsinin də yüksəldilməsinə təkan verəcək. Bunun nəyi pisdir? Biz də baxıb onlardan nəsə öyrənərik.

- “Xəzər Lənkəran” gələn il 10 yaşını qeyd edəcək. Yubiley ilində çempionluq sevinci yaşamaq qismət olacaqmı?
- Futbolda əvvəlcədən proqnoz vermək olmur. Lakin Toşak çox səviyyəli, güclü mütəxəssisdir. İndi nəyə qadir olduğunu “Xəzər Lənkəran”da bir daha göstərməlidir.

- Cari mövsümdə avrokuboklara yollanmaq üçün yeganə ümid ölkə kubokunu qazanmaqdır. Toşakla debüt ilində bunu bacaracaqsınızmı?
- Kuboku qazanmalıyıq. Başqa yolumuz da yoxdur.