31 Mart 2013 Pazar

Con Toşak: Komandamın oyunundan narazı qaldım




“Xəzər Lənkəran” - AZAL oyunu sonrası keçirilən mətbuat konfransında komandaların baş məşqçiləri matçla bağlı fikirlərini bildirdilər. Klubumuzun çalışdırıcısı Con Toşak belə söylədi: “Açıq danışsaq bu gün bəxtimiz gətirdi.
Xüsusilə ilk hissədə rəqib yaxşı təsir bağışladı və bizdən üstün oyun sərgilədi. AZAL çox xoşuma gəldi. Rəqib təşkilatlanmış bir komanda idi və kollektiv oyun göstərdi. Bizim əksər futbolçular isə demək olar fərdi oyuna üstünlük verirdilər. Hər iki hissədə dirəkdən dönən toplarımız olsa da ümumilikdə komandamın oyunundan narazı qaldım. Bu, bir daha göstərir ki, görüləsi çox işimiz var".

Öz növbəsində AZALın baş məşqçisi Vaqif Sadıqov Con Toşakla yenidən görüşməyindən şad olduğunu bildirdi: “Onunla illər öncə yığmalarımızın oyununda üz-üzə gəlmişdik. Biz bilirdik ki, bu gün fərqli “Xəzər Lənkəran” görəcəyik. Rəqib üzərimizə çox gələcək. Ona görə də qabaqcadan tədbirimizi görmüşdük. “Xəzər Lənkəran”ı mərkəzdə qarşılayıb onlara rahat hücum qurmaq imkanı verməməklə ani əks hücumlar qurmalı idik. Mən ilk altılığa vəsiqə qazana bilmədikdən sonra da demişdim ki, komandamla fəxr edirəm. Bu gündə o sözümü təkrarlamağı istəyirəm. Bu gün çox gözəl mübarizə apardıq. Məncə bu oyun ilk altılığa layiq oyun idi. Amma neyləmək olar? Hesab bərabər olubsa demək oyunun ədalətli nəticəsi bu idi”.

lankaranfc.com