9 Şubat 2013 Cumartesi

“Xəzər Lənkəran”a xoş gəldiniz!



Premyer Liqanın qış fasiləsi ilə əlaqədar yanvarın 12-də açılan transfer “pəncərəsi”ndən digər klublar kimi “Xəzər Lənkəran” da yararlanmağa çalışdı.Ötən 18 turda əsas heyət oyunçularının azlığından əziyyət çəkən və hər oyuna az qala eyni heyətlə çıxan komandamıza transfer müddətində biri Azərbaycan vətəndaşı olan iki türk, iki ispan, bir xorvat və bir argentinalı futbolçu cəlb olundu.
“Xəzər Lənkəran” transfer “pəncərəsi”nin son günündə təcrübəli argentinalı hücumçu Lusiano Esteban Olquinlə münasibətlərini rəsmiləşdirərək qış transferlerini ümumilikdə altı futbolçu ilə yekunlaşdırdı. Bu isə komandamızın qarşıdakı oyunlarda ehtiyat qüvvə ilə mübarizə aparacağı deməkdir. Demək olar ki, bütün mövqelərə (qapı, müdafiə, yarımmüdafiə və hücum) yeni oyunçuların transferi komandadaxili rəqabətin artmasına da yardım edəcək. Premyer Liqanın fasilədən sonrakı 19-cu turunda “İnter” ilə “ev” matçında meydana çıxmağa hazırlaşan yeni transferlərimizi qısaca olaraq bir daha xatırlayaq.

Toni Doblas. Futbolçu karyerası öz ölkəsi ilə bağlı olan 32 yaşlı təcrübəli ispan qapıçı üçün “Xəzər Lənkəran“ ilk xarici klub olacaq. Bu vaxtadək İspaniyanın “Betis“, ”Xerez”, ”Saraqosa” kimi məhşur klublarında forma geyinən və 185 sm boya malik olan qolkiperin komandamıza böyük köməkliyinin olacağı gözlənilir. Toni Doblas kimi La Liqa təcrübəsi olan bir qapıçının “Xəzər Lənkəran”da olması gənc qapıçımız Orxan Sadıqlı üçün də əsas heyətə düşməkdə rəqabət baxımından əlavə stimul yaradacaq.

Marin Orsuliç. Xorvatiyanı təmsil edən Marin Orsuliç yarımmüdafiəçidir. Komandamızın hücumlarında vacib rol oynayacağı gözlənilən Orsuliçin karyerası ölkəsinin “NK Zaqreb“ klubuyla bağlıdır. Komandamıza qoşulandan sonra qısa müddət ərzində yeni klubuna adaptasiya olmağı bacaran futbolçumuz Antalyadakı təlim məşq toplanışında “Xəzər Lənkəran”ın vurduğu qollardan birinin müəllifi olmuşdu. 195 sm boya malik 25 yaşlı xorvat futbolçu komandamızın gələcək oyunları üçün perspektiv vəd edir.

Alvaro Silva. Müdafiənin mərkəzində oynayan və ötən il icarə əsasında Rumınyanın “Petrolul” klubunda çıxış edən 28 yaşlı ispan futbolçunun karyerası əsasən öz ölkəsi ilə bağlıdır. “Malaqa”,”Xerez”, “Kadiz” kimi klublarda oynayan Silvanın komandamızın müdafiə xəttində Skarlatake ilə birlikdə etibarlı müdafiə tandemi təşkil edəcəyi gözlənilir. Təcrübəli futbolçu 187 sm boya malikdir.

Uğur Pamuk. Almaniyanın “Arminiya“ klubunun yetirməsi olan türk futbolçu ampulaca hücumçudur. Komandamıza “Sumqayıt”dan transfer olunan Uğur Pamuk Antalyadakı təlim məşq toplanışında baş məşqçi Karles Bakes tərəfindən yarımmüdafiə xəttində də sınandı. Azərbaycan milli komandasına da dəvət alan 23 yaşlı futbolçumuz cəldliyi ilə seçilir və perspektiv vəd edir. Onun komandamızın hücüm xəttini gücləndirəcəyi gözlənilir. “Xəzər Lənkəran” kimi bir klubda oynamaq Uğur üçün özünütəsdiq baxımından gözəl fürsət olacaq.

Gökhan Gülec. “Qaziantepspor”, “Denizlispor”, “Bursaspor”, “Kasımpaşa” kimi klublardа çıxış edən 27 yaşlı türk hücumçunun karyerasının pik nöqtəsi “Beşiktaş”lа bağlı olmuşdur. 2006-2007-ci il mövsümündə bu klubda keçirdiyi 35 oyunda 8 qolа imza atan Gökhan “Xəzər Lənkəran”а “Şanlıurfaspor”dan transfer olunmuşdur. Hazırlıq matçlarında komandamıza adaptasiya baxımından çətinlik çəkdiyi hiss olunan təcrübəli futbolçunun rəsmi oyunlarda bu problemi aradan qaldıracağına və təcrübəsindən istifadə edərək hücum xəttində öz sözünü deyəcəyinə ümid edirik

Lusiano Oluqin. Zəngin karyeraya malik argentinalı təcrübəli hücumçu karyerasına ölkəsinin “Rasinq” klubunda başlamışdır. Olquin Belçikanın “Antverp”, “Beveren“ kimi klublarında da oynamışdır. Peşəkar karyerası boyu 158 oyunda meydana çıxan və 48 qola imza atan argentinalı futbolçumuz 188 sm boya malikdir . Hava toplarında əla oynayan təcrübəli Olquinin komandamızın hücum xəttini gücləndırəcəyi gözlənilir.

Yeni transferlərimizin hər birinə ““Xəzər Lənkəran”a xoş gəldin!” deyir və komandamızın gələcək oyunlarında onlara uğurlar arzulayırıq.

Rövşən Əsədov  /12cioyuncu.info/