6 Şubat 2013 Çarşamba

Sanki 1 ildi “Xəzər Lənkəran”dayam - MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın xorvatiyalı yeni futbolçusu Marin Orsuliçin apasport.az saytına müsahibəsi


- “Xəzər Lənkəran”ın təklifi sizin üçün nə dərəcədə cəlbedici oldu?
- Əvvəla, mənim bir neçə təklifim vardı. Bunlar Çindən, Almaniyanın II liqasından idi və birini dəyərləndirməyi artıq hazırlaşırdım. Ancaq agentim mənə zəng edib dedi ki, sənin üçün daha yaxşı komandam var. Bu, həmişə Avropada oynamağı özünə hədəf seçən “Xəzər Lənkəran”dır. Mən internetdə baxdım və komanda xoşuma gəldi, məni cəlb elədi. Eyni zamanda mən “Xəzər Lənkəran”ı çoxdan tanıyırdım. Bu, Zaqreb “Dinamo”su ilə oynadığı dövrdən idi. Hətta Xorvatiyadakı həmin matçı stadiondan canlı izləmişəm. Onda əsas vaxtın 1:1 hesabı ilə bitdiyindən və “Dinamo”nun əlavə vaxtda 2 qol vurduğundan xəbərdaram. Lənkəran təmsilçisində çox yaxşı kollektivin içinə düşmüşəm. Mənə qarşı münasibət çox yaxşıdır. 10 gündür burdayam, elə bil 1 ildir bu komandanın şərəfini qoruyuram. Hər şey ürəyimcədir.

- Zaqreblilərə qarşı oynamış “Xəzər Lənkəran”ı indiki komanda ilə necə müqayisə edərdiniz?
- İndi nəsə demək çətindir. Çünki bu, hazırlıq dövrüdür və həm də oynadığımız yoldaşlıq görüşləridir. Bunları rəsmi oyunlarla müqayisə etmək çətindir. Ancaq mən deyərdim ki, indiki heyət o vaxtkı ilə bərabərdir. Hətta indiki bəlkə də güclüdür. Mənim düşüncəmə görə belədir.

- Həmin vaxt “Xəzər Lənkəran”ın oyunu yadınızda necə qalıb?
- Püşkatmadan sonra eşidəndə ki, Zaqreb “Dinamo”su “Xəzər Lənkəran”a qarşı oynayacaq, yüzdə yüz, problemsiz mərhələ keçəcəyini dedik. Ancaq stadionda atamla birgə matçı izləyəndən sonra bir-birimizə dedik ki, Azərbaycan komandasının belə oyun göstərəcəyini heç gözləməzdik. Fikirləşdik ki, çətin olacaq, hətta qüvvələr nisbətini bərabər saydıq. Lənkəran komandasının yalnız yaxşı təsir bağışladığını demək olar.

- Bəs vətəninizdə oynadığınız “İnter”inin heyətində Avstriyada “Xəzər Lənkəran”la yoxlama matçı yadınızda necə qalıb?
- Oyun elə də çox yadımda deyil. Çünki biz 3 gündən bir yoxlama oyununa çıxırdıq. Üstəlik, yoldaşlıq görüşü olduğu üçün elə də yadımda qalmayıb.

- Azərbaycanda bir sıra həmyerliləriniz oynayır. Onları tanıyırsınız, gəlməklə bağlı məsləhətləşmisiniz?
- Mən gəlməzdən öncə “Bakı”dakı həmyerlilərim Aleksandr Şoliç və Duje Bakoviçlə, eyni zamanda “Qəbələ”də oynayan braziliyalı Dodo ilə məsləhətləşmişdim. Sonuncu ilə Zaqreb təmsilçisində komanda yoldaşı olmuşuq və aramızda yaxşı münasibətlər olub. Onlardan indiki komandam, Azərbaycan liqası haqda məlumat aldım. Mənə yalnız xoş sözlər və özü də çempionatınızın Xorvatiyada düşünüldüyü kimi zəif olmadığını dedilər. Bildirdilər ki, Azərbaycanda 5-6 komanda çempionluq uğrunda mübarizə aparır, yaxşı stadionlar tikilib, hər şey inkişafa doğru gedir.

- Lənkəran klubunun Antalya hazırlığını necə dəyərləndirərdiniz?
- Gündə 2 dəfə məşq etdik. Məşqlər çox maraqlı keçdi. Komandamızın çempionatda “İnter”lı matça artıq hazır olduğunu düşünürəm. Bəlkə 10 gündən sonra lap yüksək səviyyədə olacağıq. Ancaq indidən komandamızın bu oyuna lazımı səviyyədə hazır olduğunu düşünürəm.

- Ucaboylu futbolçusunuz, 1,95 metr boya maliksiniz. Bu, meydanda sizə kömək olur, yoxsa problem yaradır?
- Mən həmişə hündür olmuşam və futbolçunun bəstəboyluğunun necə olduğunu bilmirəm. Bəstəboy olub, oynamağın fərqini deyə bilmərəm. Əsas odur ki, futbolçu üzərinə düşən işi görsün. Əgər sən bunun öhdəsindən məharətlə gəlirsənsə, futbolunun böyük, kiçik olmağı azarkeş üçün elə də önəm daşımır. Meydanda işini yaxşı görənə yaxşı futbolçu deyirlər.

- Sizin boyunuz futbolçudan daha çox basketbolçuya uyğun gəlir...
- Düşünürəm ki, basketbolçu kimi oyunum yaxşı alınmazdı. Mən basketbol oynamağı elə də bacarmıram. Çoxları mənə deyir ki, sən hündürboysan, əvvəl basketbol oynamısan. Ancaq elə deyil. Düşünmürəm ki, mən yaxşı basketbolçu olardım.

- Yoxlama oyununda qapıçı Orxan Sadıqlıya demisiniz ki, fasilədən sonra meydana çıxıb qol vuracaqsınız. Belə də oldu. Bu əminlik sizdə hardan idi?
- Bilmirəm, məndə belə hissiyyat vardı. Doğrudan da olmuşdu. Ola bilsin ki, bir çox qarşıdakı oyunlarda da elə şey deyim, ancaq alınmasın. Sadəcə, həmin gün məndə belə hissiyyat vardı. Meydanda olanda da özüm-özümə deyirdim ki, mən qol vuracağam. Həmin gün də alındı, çox gözəl vurdum. Bu qolu da Orxana həsr edirəm.