6 Şubat 2013 Çarşamba

Açığı qış təlim məşq toplanışından razı qalmadım MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın xarici toplanışlarında olduğum müddətlərdə adəti üzrə bu dəfə də toplanışın son günlərini gözləyib komandanın sükanı arxasında olan baş məşqçini hazırlıq barədə ətarflı müsahibə vermək üçün sual “yağışı”na tutdum.
Karles Bakes indiyə qədər toplanışlarda görüşdüyüm sayca 4-cü məşqşi idi. Cənub klubunun tərcüməçisi Elvar Quliyev müsahibə almaq istədiyim günün səhəri Ankaraya, yeni transfer olunan əcnəbi futbolçular üçün viza açdırmaq səbəbi ilə yola düşəcəyindən gecə saatlarında Bakesin istirahət saatını pozmalı oldum. Avropa mədəniyyət ilə sakitcə, heç nə olmamış kimi müsahibəyə məmuniyyətlə razılıq verən ispan çalışdırıcı sonda cəsarətli cavabları ilə məni sözün əsl mənasında təəccübləndirdi. Yaxın oturun, siz də bəlkə təəccübləndiniz.





-Cənab Karles, ümumilikdə hazırlığı necə dəyərləndirirsiz?

- Açığı qış təlim məşq toplanışından razı qalmadım. Çünki hazırlığa çox az futbolçu ilə başladıq. Bizim planlarımıza bu formada hazırlıq daxil deyildi. Yalnız son həftədə demək olar ki, bütün heyətlə məşqlərimizi davam etdirdik. Üstəlik bəzi günlərdə milliyə cəlb olunan futbolçularda düşərgədən ayrıldı. Bütün bunları düşünəndə toplanışdan razı qalmadığımı deyə bilərəm.



-Futbolçuların fiziki hazırlığı necə, sizi razı salırmı?

-Ümumilkdə götürəndə fiziki hazırlıqdan razıyam. Sərəncamımda olan futbolçulara hazırlığın ilk iki həftəsində fiziki cəhətdən yükləmələr verildi, ağır məşqlər keçirildi. Üçüncü həftədə artıq yorğunluq öz sözünü deyirdi ki, bu da normaldır. Ona görə də 4-cü həftədə çalışacağıq tempi aşağı salaq və “ İnter”lə oyuna qədər futbolçular çox gümrah formada olsunlar.



-Keçirilən 5 yoxlama oyununu ümumən necə xarakterizə edərdiniz?

-Son iki matç bizim üçün daha önəmli idi. Çünki əvvəlki üç matçda ancaq fiziki hazırlığa önəm verirdik. Futbolçuların hansı səviyyədə yüklənməsini bilməyimiz üçün ilk üç matç bizə nəticə baxımından vacib deyildi. Elə oyunlar vardı ki, meydanda bəzi rotasiyalar edirdik. Bəzən Rahid Əmirquliyevi sağ, Adrian Pitsi isə sol cinah müdafiəçisi kimi yoxlayırdıq. Elə matç vardı Robert Alviji müdafiənin mərkəzində oynatdıq. Bunlar hamısı ona görə lazım idi ki, çempionat oyunlarında bəzən meydanda müəyyən dəyişiklərə əl atmağa məcbur olursan. Təkcə adını çəkdiyim futbolçular yox, digərlərini də belə onlara yad mövqedə oynatdıq. Son iki oyunda isə premyer-liqada oynamaq istədiyimiz tərzdə meydana çıxdıq.



-“Xəzər Lənkəran” son yoxlama oyunlarında topla daha çox oynasa da, ərazi üstünlüyünə sahib olsa da son nöqtəni qoyan tapılmır. Bu sizi qayğılandırırmı?

-Əlbəətdə qayğılandırır. Mən hələ 2012-ci ilin sonunda rəhbərliyə sərəncamımda görmək istədiyim futbolçuların siyahısını təqdim etmişəm. Hələ bu günə qədər hər gün deyirəm. Bizə hücumçu,killer kimi səhvləri bağışlamayıb rəqibi cəzalandıran,sizin dediyiniz son nöqtəni qoyan futbolçu lazımdır.



-Məndə olan məlumata görə, hansı ki, siz özünüz də bayaq bunu qeyd etdiniz, transfer siyahınızı dekabr ayından rəhbərliyə təqdim etmisiniz. Bu mənada qış transferini necə qiymətləndirirsiz?

-Düz deyirsiniz dekabrda təqdim eləmişəm. Deyim ki, siyahımda olan 3 futbolçunu transfer edə bildik. Bunlar Alvaro Silva, Toni Doblas və Marin Orsuliçdir. Amma məni narahat edən digər məqam isə adı çəkilən futbolçuların düşərgəyə gec qoşulmasıdır. Yəni, daha tez transfer oluna bilərdilər. Düşünün, onlar ilk günlərdən bizimlə toplanışda olsaydılar bu nə qədər effektiv olardı. Amma transfer kimi yaxşı transferlərdir.



-“Xəzər Lənkəran”ın hücumçu axtarışı davam edir. Toplanış isə bitmək üzrədir…

-Bayaq dediyim kimi mən siyahımı təqdim etmişəm. Danışıqlar gedərkən məlum olub ki, hansı isə alınmır yaxud gecikmişik. Belə işlərdə tələsmək lazımdır. Nə qədər tez hərəkət etsən transfer etmək istədiyin futbolçuya o qədər də tez sahib olursan. Hücumçu məsələsində çox gecikmişik. İndi alınsa belə bu problemin həlli deyil. Komanda tam tərkibdə toplanışa başlasa idi biz bunun xeyrini yüksək formada görəcəkdik. Deyək ki, indi gəldi hücumçu. O, komanda yoldaşlarını tanımır, hansı futbolçunun nə kimi xarakterə, oyun tərzinə malik olduğunu bilmir. Üstəlik komandanın oyun üslubunu bilmir. Təbii ki, indi də istəyirəm transfer olsun. Amma yuxarıda dediklərim bizə və gələcək hücumçuya ilk vaxtlar çətinlik yaradacaq.



-Toni Doblas istənilən halda böyük transferdir. Lakin meydana bir də 21 yaşadək futbolçu buraxmalısınız ki, Orxan bu mənada yaş limitini doldururdu. Hər halda Doblasda ehtiyatda oturmağa gəlməyib. Bəs necə olacaq?

-Heç kim start heyətdə yerini qabaqcadan doldurmayıb. Qapıçıdan tutmuş hücumçuya qədər heyətdə olan hər bir futbolçu meydana çıxa bilər. Orxan Sadıqlı yaş limitinə görə bizə əlavə üstünlük yaradır. Lakin o yox, Toni qapıda qalsa bizim gənc futbolçularımız var. Belə də həmin gənclərə şans verəciyik. Bu gün onlarda bizimlə birgə toplanışdadır.



-Dediyiniz gənc futbolçular özlərini toplanış müddətində necə göstərdilər?

-Gənclərin toplanışlarda iştirak etməsi çox mütərəqqi addımdır. Lap məşqlərini bir kənara qoyaq, onların qidalanması belə çox önəmlidir. Biz məşqçilər korpusu olaraq onların yeməyinə qədər diqqət yetirirdik. Görək nə yeyirlər? Məsələn, görürsünüz ki, burada çeşid çoxdur. Amma onlar deyək ki, eyni, quru yeməklərə üstünlük verirdilər. Biz buna qədər diqqət yetirmişik. Onların təcrübəli futbolçularla birgə olması, təcrübəlilərdən çox şeyi öyrənmələri imkanın olması deməkdir. Sualınıza qayıdıram. Çalışırdılar, öyrənirdilər. Amma tənbəllikləri var. Bu günlər onların daha çox çalışmalı olduqları dönəmdir. Onlar düşünməlidirlər ki, lazım gəlsə otu dırnağımla eşib heyətə düşməliyəm. Məşqçiyə sübut etməliyəm ki, mən bura günüm xoş keçsin deyə yox, heyətə düşməyə layiq olduğumu sübut etməyə gəlmişəm.



-“ Xəzər Lənkəran” ilk 6-lığa düşməsə necə olacaq?

-Mən bunu düşünmürəm. Düşünməyə zamanım da yoxdur. Hazırda “İnter”lə oyunu, bu oyun bitəndən sonra “Turan”la oyunu, daha sonra “Qəbələ” və “Sumqayıt”la matçlarımızı düşünəcəyəm. İndi deyəcəklərim bu sualınıza aid deyil. Amma dolayısı ilə siz dediyiniz nəticə məsələsinə gedib çıxır. Biz futbolçudan çox şey istəyirik. Lakin özümüz də işimizə məsuliyyətlə və doğru olaraq yanaşmalıyıq. Əgər toplanışa nəzərdə tutduğumuz kimi, tam heyətlə başlasaydıq bütün məsuliyyət mənim üzərimdə olardı. Son transferlər toplanışın bitməsinə az qalmış düşərgəyə gəldi. Peşəkar yanaşmaq, çalışmaq lazımdır. Dediyim kimi olsa idi hər şey məsuliyyət yalnız mənim üzərimə düşəcəkdi.



-“Inter”in baş məşqçisi Tsaxadze son üç yoxlama oyununuzu izləyib. Siz necə Antalyada toplanışda olan rəqiblərinizdən kimləri izlədiniz?

-“Qəbələ”nin “Styaua” ilə oyununu izlədim. “İnter”ində son yoxlama görüşünü izləmişəm. Mən rəqiblərin əvvəlki yoxlama oyunlarına baxmağa gərək duymadım. Çünki bütün komandalar ilk yoxlama oyunlarında bizim kimi müxtəlif dəyişikliklərə əl atırlar, baxışda olan futbolçuları sınayır, fiziki hazırlığı düşünürlər. Bu mənada əsas son oyunlardır ki, mən də belə etdim. Artıq qeydlərimi etmişəm.



-Xaraktercə çox yumşaq görünürsünüz. Sizcə baş məşçinin bu qədər mülayim olması ona işində mane olmurmu?

-Mən düşünürəm ki, insan göründüyü kimi olmalıdır. Publika xatinə sərt olmaq, yalandan qışqır-bağır salmaqla uzun müddət nəyəsə nail olmaq olmaz. Meydanda, məşq zamanı, soyunma otağında iradlarımı sərt şəkildə çatdırıram. Amma gərək olduğu zaman. Yəni elə yerlər var ki, kənardakılar oranı görmür və nələrin baş verdiyi barədə məlumatsızdırlar. Məhz o yerlərdə lazım olanda sərt oluram. Bu müddətdə mənə hansı isə futbolçu hörmətsizlik etməyib. Bilirsiniz baş məşqçi düzgün qərar verəndə, doğru addımları, taktikası ilə uğur qazananda ona lazım olan hörmət və sevgi yaranır. Futbolçu bütün bunları görəndə məşqçinin gücünü, ağlını görüb ona dəyər verir. Sizə bir misal çəkim. Mourinyonu hamı sərt məşqçi kimi tanıyır. Son bir ildə mətbuatın dediklərinə inansaq artıq nüfuzunu itirməyə başlayıb. Amma Del Boske mülayim insan olsa da soyunma otağına daxil olanda hamı ona dəyər verir, böyük hörmət qoyur. Buna səbəb onun mülayim olsa da dahiliyi, zəkası, qazandığı nəticələrdir.



-İlk “Böyük oyun”unuza qayıtmaq istəyirəm. Bu oyunun camiə üçün nə qədər önəmli olduğunuzu hiss edə bildinizmi?

-Matç bitən kimi yaşananları görəndə bir daha cənublu insanlar üçün “Neftçi” ilə, əzəli rəqiblə oyunun nə qədər önəmli olduğunu gördüm. Final fiti səslənən kimi insanların sevinci görəndə çox duyğulandım. Həqiqətən o gün özümü xoşbəxt saydım ki, bu qədər insana futbolçularımla birgə sevinc bəxş edə bildik. Mən o hissləri yenə yaşamaq istəyirəm. “İnter” qarşı, digər rəqiblərlə oyunda da bu hissləri onlara nəsib etmək istərdim. İnanın ki, bizim azarkeşlərə bu da azdır.



-Həmin ərəfədə, yəni “Neftçi” ilə matç öncəsi sizdən müsahibə almışdım. Orda belə bir ifadə işlətdiniz ki, həmkarım hər nə qədər əcnəbi məşqçilərlə yola getməsə belə düşünürəm qələbə qazansam məni gəlib təbrik edəcək. Bu baş verdimi?

-Futbol bir idman növüdür. Burda əlavə bir şey axtarmağa dəyməz. Biz sivil olaraq meydan sahibi kimi hər dəfə qonaq komandanın baş məşqçisinin qarşısına gedib ona “xoş gəldiniz” deyir, uğur arzulayırıq. Məğlub olanda belə sonda yenə əl verib görüşürük. Mən də belə etdim. Sualınıza gəldikdə matçdan sonra Hacıyev gəlib məni təbrik etmədi. Özüm gedib ona minnətdarlıq etdim, yaxşı oyuna görə təşəkkür etdim və gələcək oyunlarında uğurlar arzuladım. Lakin matçdan sonra niyə birlikdə mətbuat konfransına qatılmaq istəmədiyini anlaya bilmədim. Matç ərzində hər şey normal, dostluq səviyyəsində getmişdi, aramızda insident də yaşanmamışdı. Siz deyən kimi əcnəbi məşqçilərə qarşı aqressivliyi varsa onun da məşqçilər korpusunda artıq bir əcnəbi var və düşünürəm ki, bundan sonra Hacıyev əcnəbi məşqçilər haqqında aqressiv danışmaz.



Hüseyn Cəbrayıloğlu, Antalya.

MƏNBƏ: “Futbol+” qəzeti