19 Şubat 2013 Salı

Orxan Sadıqlı: Doblasla müqayisədə zəif qapıçı deyiləm



“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasındakı çıxışlarını qiymətləndirib, Antonio Doblasla rəqabətdən danışıb, digər sualları cavablandırıb.



- Çempionatın autsayderlərindən biri üzərində qazandığınız qələbə haqda nə deyə bilərsiz?
- Autsayderlə oynasaq da, qazanılan üç xal çox qiymətli idi. Həm də “Turan” mübarizəsiz uduzmadı, sona qədər oynadı. Bizə asan olmadı. Gələcəkdə bu qələbə bizim ilk altılığa düşməyimizə kömək edə bilər.

- Çoxları gözləyirdi ki, “Turan”a qarşı qapını ispaniyalı Toni Doblas qoruyacaq...
- Karles Bakes mənim oynamağıma qərar verdi. Mənə yenidən özümü göstərmək və komandaya kömək etmək imkanı yaratmışdılar. Amma onların ümidlərini nə dərəcədə doğrultduğumu bilmirəm.

- Bəs siz öz oyununuzu necə qiymətləndirirsiz?
- Bütün komandalar az qala hər oyunda qol buraxırlar. Amma mən bunu özümüz üçün bəraət saymıram. “Turan”dan iki qol buraxmağımızı istəməzdim. Sadəcə, rəqib komandamızın səhvlərindən istifadə edib, iki qol vurdu.

- “İnter”ə uduzduğunuz oyunda Doblas o qədər də xoş təsir bağışlamadı...
- Baş məşqçimizin onunla bağlı qərarını müzakirə etməyəcəm. Çünki Bakes onu özü gətirib. Çətin ki, onu sadəcə ehtiyatda qalmaq üçün gətiriblər. Sadəcə, görünür hazırda yaxşı formada deyil və bu da baş məşqçini qane etmir. Sabah mən də səhv edə bilərəm və Doblas heyətə dönə bilər. Ümid edirəm ki, növbəti oyunda da çıxış edəcəm. Mən oynamaq istəyirəm və növbəti şansı gözləyirəm.

- Hesab etmirsiz ki, Doblasın daha yaxşı karyeraya malik olması, təcrübəsinin çoxluğu sizi arxa plana keçirir?
- Mən özümü Doblasla müqayisədə zəif qapıçı saymıram. Komandamıza kimin dəvət olunmasından asılı olmayaraq, rəqabət aparmağa hazıram.

- “Xəzər Lənkəran”ın ilk altılığa düşmək şanslarını necə qiymətləndirirsiz?
- Artıq biz ilk altılıqdayıq. Sadəcə, bunu rəsmiləşdirmək qalır. Bu mənada “Qəbələ” ilə oyun bizim üçün çox vacibdi. Əgər bu rəqibimizi məğlub etsək, hər şey rəsmiləşəcək. İnanıram ki, Qəbələdə uduzmarıq.