17 Şubat 2013 Pazar

"Kimsə mənim "lipa" olduğumu düşünürsə, üzümə desin" MÜSAHİBƏ



Elnur Cəfərov: "Messi də balacaboydu"

"Xəzər Lənkəran"ın gənc hücumçusu Elnur Cəfərovun Sportal.az saytına müsahibəsi


- Azərbaycan Premyer Liqasında ilk oyununa çıxdın. Özü də bu oyun lider “İnter”ə qarşı oldu. Nə hisslər keçirirdin?
- Bu, mənim üçün sadəcə fəxr hiss idi. Doğma komandamın heyətində Premyer Liqada debüt etmək çox xoş idi. Xüsusən bu oyunun “İnter”ə qarşı olması ciddi məsuliyyət idi. Belə bir komanda ilə oyunda debüt etmək olduqca həyəcanlı idi. 

- “Xəzər Lənkəran”ın tarixinə düşdün. Komandanın heyətində debüt edən ən gənc futbolçusan...
- Bu, sevindirici bir şeydir. Bunu sözlə təsvir etmək olmaz. Indi sadəcə gənc futbolçu kimi burda rekord qırmışam. Amma bundan sonra çalışacağam ki, komandam üçün xeyri olan rekordlar qırım.

- Elnur Cəfərov “Caspian Cup” turnirindəki çıxışı ilə tanındı. Orda daha inamlı çıxış edirdin...
- Premyer Liqa daha böyük turnirdir. Mən “Caspian Cup”da öz həmyaşıdlarıma, özümdən bir-iki yaş böyük futbolçulara qarşı mübarizə aparırdım. Amma Azərbaycan çempionatında tam preofessional futbolçulara qarşı oynadım. Tamam fərqli atmosferdi. Burda mübarizə aparmaq daha çətindir. Həmçinin ilk oyunum olduğu üçün həyəcan da öz sözünü dedi. Getdikcə bundan daha yaxşı oyun göstərəcəyimə inanıram. Burda oynamaq mənə çox şey öyrədir. Burdakı oyunçulardan özümə lazım olanları mənimsəyirəm.

- “İnter”lə oyunda “Xəzər Lənkəran” məğlub oldu. Komanda ilk “altılıq” yolunda çox şey itirdi. Sən nə düşünürsən bu barədə?
- Əlbəttə ki, biz “İnter”lə oyunda ancaq qələbə haqqında düşnürdük. Amma alınmadı. Doğma meydanda, belə vacib oyunda məğlub olmaq olduqca pis təsir edir. Əgər biz ilk “altılıq”da yer almasaq, bu bizim üçün, “Xəzər Lənkəran” camiəsi üçün tarixinin ən pis nəticəsi olaraq qalacaq. Əlimizdən gələni etməliyik ki, adımıza layiq oyun göstərək və nəticə qazanaq.

- Bilirsən ki, dünya futbolunda sənin kimi gənc yaşlarında yaxşı oyun göstərib, əsas heyətə düşən futbolçuların ətrafında "lipa" söz-söhbətləri gəzir...
- Əgər kimsə mənim "lipa" olduğumu düşünürsə, gəlsin üzümə desin mən də sübut edim ki, mən "lipa" deyiləm. Yaşım tam dəqiqdir. Heç kim bundan sonra narahat olmasın.

- Boyunun qısa olması hücumçu kimi sənə çətinlik yaratmır ki?
- Boyum normaldır. Məncə hələ bundan sonra da inkişaf edəcək. Dünya futbolunda elə hücumçular var ki, boyları çox balacadır, amma gözəl oyun göstərirlər. Məsələn, götürək Messini. Balacaboy olmasına baxmayaraq dünya futbolunun bir nömrəsidir.

- Elnur Cəfərov qarşısına nə məqsəd qoyub?
- Hələ ki, “Xəzər Lənkəran”a daha çox kömək etmək istəyirəm. Əgər bundan sonra da yenə meydana çıxsam, düşünürəm ki, daha yaxşı oyun göstərəcəyəm. İnşallah, uğur qazanarıq.

Elsevər MƏMMƏDOV