“Xəzər Lənkəran”ın baş məşqçi əvəzi Emin Quliyevin azerisport.az saytına müsahibəsi
- “Rəvan”la kubok oyununun ilk hissəsi niyə alınmadı?
- Biz mümkün qədər tez qol vurmaq istəyirdik. Buna görə də həyacan var idi, çox şey alınmırdı. “Rəvan” isə əksinə erkən qol vurmağı bacardı. Yaxşı ki, ikinci hissədə özümüzə gələ bildik. Bu qələbə psixoloji cəhətdən bizim üçün çox vacib idi. İndi növbəti oyuna rahat hazırlaşa bilərik.
- Bakesin istefasından sonra komandanı meydana çıxarmaq çətin deyildi ki?
- Baş məşqçinin gedişindən sonra istənilən komandada problemlər olur.
- Niyə Bakesdə heç nə alınmadı?
- Bilmirəm. Ola bilsin ki, Bakes Azərbaycan futbolunu tam tanıya bilməmişdi. Həmkarlarım haqda danışmaq istəməzdim.
- Sizcə, “Xəzər Lənkəran”ı əcnəbi məşqçi çalışdırmalıdı, yoxsa yerli?
- Bu, rəhbərliyin işidi. “Xəzər Lənkəran”a yaxşı mütəxəssis lazımdı ki, komandanı çempionluğa daşıya bilsin. 2014-cü ildə bizi klubun 10 illiyi gözləyir. Belə bir yubileyi çempionluqla qeyd etmək çox vacibdi.
- Siz özünüz bu komandaya baş məşqçilik edə bilərsiz?
- Gələcəkdə hər şey ola bilər. Amma indi yox. Fikrimcə, indi “Xəzər Lənkəran”a daha təcrübəli bir mütəxəssis lazımdı. Mənim baş məşqçi olmağım hələ tezdi. Hələ öyrənməli çox şey var.
- Komandanın ilk altılığa düşmək şanslarını necə qiymətləndirirsiz?
- Təəssüf ki, artıq heç də hər şey bizim özümüzdən asılı deyil. Bizə “Sumqayıt” üzərində qələbə qazanmaq lazımdı. Biz öz işimizi görəcəyik. Qalanı necə olacaq, zaman göstərəcək. Təəssüf ki, çox xal itirdik və işimizi belə çətinləşdirdik.
- Altılığa düşə bilməsəz, necə olacaq?
- Bu, çox pis olacaq. Aydın məsələdi ki, ilk altılığa düşə bilməsə, komanda mövsümü boşa vermiş olacaq. Düzdü, kubokda şansımız qalır. Avropa Liqasına vəsiqə qazana bilərik.