5 Şubat 2013 Salı

Alvaro Silva: Mən böyük məşqçilərlə işləmişəm MÜSAHİBƏ




“Xəzər Lənkəran” klubunun yeni transferi, ispaniyalı müdafiəçi Alvaro Silvanın apasport.az saytına müsahibəsi


- “Xəzər Lənkəran”a gəlişiniz necə baş tutdu?
- İspaniyada “Xeres” komandasında oynayırdım, hər şey məni qane edirdi. Müntəzəm meydana çıxırdım. Sadəcə, keçən il legioner həyatı yaşadım və bu, çox xoşuma gəldi. Ölkələri, dünyanı tanımaq istədim. Başqa mədəniyyətləri, futbolu tanımaq maraq doğururdu. Elə bu anda təklif gəldi. Dedilər ki, Azərbaycan klubudur, səni heyətində görmək istəyir.

- Komandanın baş məşqçisi Karles Bakesin həmyerliniz olması seçiminizə təsir etdimi?
- Əlbəttə. Buna səbəbdən çox düşünmədən razılıq verdim.

- Bəs Azərbaycana gəlməyinizə əsas stimul nədir?
- Ölkənizin inkişafda olduğunu bilirdim. Elə futbolunuz da yüksələn xətlə gedir. Üstəlik, İspaniyadakı maliyyə böhranı məni başqa ölkəyə getməyə daha da həvəsləndirdi. Baş məşqçimin ispaniyalı olmağı seçimimə əsas təsir göstərən amillərdən idi. "Xəzər"də baxışda oldum. Gördüm ki, komanda yoldaşlarım və işçi heyətinin hamısı çox istiqanlıdırlar, məni yaxşı qarşıladılar. Baxışda olduğum müddətdə hiss etdim ki, bu komandanın bir parçası ola bilərəm. Buna görə də Lənkəran təmsilçisinə keçmək istədim.

- Vaxtilə “Malaqa”nın formasını geyinmisiz. O zamanlar nə vaxtsa Azərbaycanda oynayacağınızı təsəvvür edirdiniz?
- “Malaqa”da 3 il əsas komandada oynamışam və uşaq komandalarında olduğum 5-6 ili də nəzərə alsaq, bir futbolçu kimi orda yetişdiyimi deyə bilərəm. Mən böyük məşqçilərlə işləmişəm. Təbii ki, futbol oynayanda fikirləşirsən ki, 1 gün vaxt gələcək, ekzotik ölkədə forma geyə bilərsən. Düşünürdüm ki, mənim də vaxtım gələcək, belə maraqlı ölkələrdən təklifləri qəbul edəcəyəm. Həmin zaman gəldi və mən də burdayam.

- Antalya toplanışını necə dəyərləndirərdiniz?
- Yalnız yaxşı sözlər deyə bilərəm. Hazırlıq dövrü yaxşı keçdi. Həm də komanda yoldaşlarım çox mehribandır, münasibətlər əladır. Üstəlik, hər keçən gün münasibətlərimiz daha da yaxşılaşır. Komandanın daha yaxşı oyun nümayiş etdirməyi matçdan matça hiss olunur. Anlaşma, xətlər arasında əlaqə daha da yaxşılaşır. Baş məşqçinin iş prinsipi ilə də tanış oldum. Hələlik hər şey ürəyimcədir.

- “Xəzər Lənkəran”la İspaniya klublarının hazırlığı arasındakı hansı fərqlər var?
- Məncə, belə təlim-məşq toplanışları hər yerdə bir-birinə bənzəyir. Üstəlik, gəldiyim komandanın baş məşqçisi ispandır. Buna görə də İspaniyadakı hazırlıq prosesi ilə demək olar fərqlənmir. Azərbaycanın digər klublarının təlim-məşq toplanışlarının necə keçirdiklərini deyə bilmərəm. Ancaq burdakı hazırlığı İspaniyada fasilə dövründə keçdiklərimlə elə də fərqləndirməzdim. Üstəlik, keçən il “Petrolul”la da hazırlıq dövründə Antalyada oldum və elə bir dəyişiklik görmürəm.

- “Xəzər Lənkəran”da rumıniyalı futbolçular var. “Petrolul”da oynadığınızı nəzərə alsaq, tanıdıqlarının, əlaqədə olduğunuz futbolçular var idi?
- Yox.

- Ruslan Abışovun gedişindən sonra onun yerinə - müdafiənin mərkəzinə böyük ümidlərlə transfer olunan Alvaro Silvanın üzərinə böyük yük düşəcək. Bu etimadı doğrultmaqla bağlı nə düşünürsünüz?
- Bildiyimə görə, Ruslan milli komandanı üzvü olub. Deməli, bu, onun səviyyəli futbolçu olmasından xəbər verir. Özümü kiminləsə müqayisə etmək istəmirəm. Üzərimə düşən məsuliyyəti dərk edərəm və əlimdən gələni edəcəyəm ki, işimi yüksək səviyyədə görüm. Mənim işimə azarkeşlər qiymət verəcək və onlar da məni necə qarşılayacaqlar, nə deyəcəklərsə, o da olacaq.