2 Mayıs 2013 Perşembe

"Kuboku Lənkərana gətirəcəyik" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Adrian Pitin Sportal.azsaytına müsahibəsi


- Kubokun finalına adladınız. Baxmayaraq ki, səfərdə məğlub olmuşdunuz. Oyun haqqında nə deyərdin?
- Bəli, həmin oyun bizim üçün çox önəmli idi. Bakıdakı və Lənkərandakı oyunu müqayisə etsək, onu deyə bilərəm ki, azarkeşlərimiz bizə çox kömək etdi. Özünüz də gördünüz ki, stadiona nə qədər adam gəlmişdi. Bilirsiniz, bizim hər zaman azarkeşlərimizə ehtiyacımız var. Onlar həqiqətətn də bizə əlavə güc verir. Mən deyərdim ki, evdə oynamağımız və azarkeş amili bizi finala daşıdı.

- Finalda “Neftçi”yə rəqib olmağınız ürəyincə idi?
- Məncə, rəqibin kim olmağı elə də önəmli deyil. “Neftçi”, yaxud “Qarabağ”, fərqi yoxdur. Vacib olan bizim oyuna yaxşı hazırlaşmağımız və mübarizə apararaq kuboku Lənkərana gətirməyimizdir. Rəqibin kim olmasından asılı olmayaraq, hamımız bu oyunda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik.

- Səncə, kuboku Lənkərana gətirə biləcəksiniz?
- Bəli, gətirəcəyik və buna nail olmaq üçün də var-gücümüzlə mübarizə aparacağıq. Hesab edirəm ki, hər oyunda olduğu kimi, bu oyunda da şanslar bərabərdir.

- Həmin oyundan sonra azarkeşlərin meydana daxil olması sənə necə təsir etdi?
- Çox sevindirici hal idi. Onların necə xoşbəxt olduğunu, necə sevindiyini üzlərindən anlamaq olurdu. Təbii, ki azarkeşlərimizə belə sevinci yaşatdığımız üçün biz də xoşbəxt olduq və çalışacağıq ki, onları daha çox sevindirək.

- Düşünürsən ki, yenidən azarkeşlərinizin ürəyini qazana bilmisiz?
- Çempionatda işlərimiz heç də yaxşı getmədi. Uğursuz nəticələr aldıq. Hazırda çox xoşbəxtik ki, finala çıxmaqla azarkeşlərimizi sevindirə bildik.

- AZAL-la oyunda məğlub oldunuz. Səncə, səbəb nə idi?
- Bununla bəğlı sizə dəqiq səbəb deyə bilmərəm. Bəli, mən də razıyam ki, “Bakı”ya qalib gəlib finala vəsiqə qazananda bundan daha yaxşı oynamışdıq. Bəzən alınmır. Həm rəqib elə də zəif komanda deyildi. 

- Elnur Allahverdiyevin qırmızı vərəqə alması oyuna təsir etdi?
- Təbii ki, təsir edir. Rəqib 11 nəfər, siz 10 nəfər oynayırsınız. İstər psixoloji, istərsə də fiziki cəhətdən oyunumuza təsir edir. Hesab edirəm ki, bu ancaq bizim üçün belə deyil. Bütün klublar oyunda azlıqda qalanda onlara təsir edir. 

- Çoxları deyir ki Toşak kubokun finalını düşündüyü üçün “altılıq”dakı oyunlara əhəmiyyətsiz hesab edir.
- Mən bununla razılaşmıram. Bizim üçün bütün oyunlar vacibdir. 

- “Xəzər Lənkəran” kuboku qazana bilməsə, nə olacaq? Faciə sayılar?
- Hesab edirəm ki, belə şeyləri düşünmək lazım deyil. Biz hazırda ancaq qələbə haqqında düşünürük. Təbii ki, burada bəxt amili də vacibdir. Biz həmin oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik və ümid edirəm ki, bəxt də bizim tərəfimizdə olar. Bəxt amilini vurğulamağımın da səbəbi odur ki, oyunlarda hər şey ola bilir. Fərqi yoxdu, siz “Neftçi” ilə oynayırsınız, yoxsa “Kəpəz”lə, “Turan”la. Birdən oyunda elə gözlənilməz hadisələr olur ki, o, oyununuza təsir edir. 


Elsevər MƏMMƏDOV