13 Mart 2013 Çarşamba

"Xəzər Lənkəran"a uzanan "əlləri" kəsəcəyimə söz verirəm" MÜSAHİBƏ




Bu mövsüm uğursuzluqla üzləşən və heç kimin gözləmədiyi halda ikinci “altılığ”a düşən “Xəzər Lənkəran” yenidən əvvəlki möhtəşəmliyini və əzəmətini qaytarmaq istəyir. Gələn mövsüm on illiyini “qızıl dubl”la qeyd etməyi planlaşdıran “Xəzər Lənkəran” rəhbərliyinin son günlər atdığı addımlar da bu niyyətin ciddiliyindən xəbər verir. Belə ki, məşhur Con Bencamin Toşakın komandaya baş məşqçi gətirilməsi və sabiq FİFA referisi Babək Quliyevin klubun idman direktoru vəsifəsinə təyin olunması “Xəzər Lənkəran” rəhbərliyinin gələn mövsümə ciddi hazırlaşdığını göstərir.


"Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev avrofutbol.com saytına müsahibəsində bu və digər sualları cavablandırıb. Sportal.az həmin müsahibəni təqdim edir:

- Hazırda komanda da durum necədir?
- Komandada durum çox pisdir. Əgərləri komanda birinci “altılığ”a düşə bilmirsə, durum necə olmalıdır? Bərbad.  Bu günkü (dünən-red) “Rəvan”la oyun bir daha göstərdi ki, bizdə böyük çatışmazlıqlar var. Bəzi insanlar və bəzi futbolçular burada qazandığı pulun qarşılığını verə bilmirlər. Və başa düşmürlər ki, pul qazananda da elə etmək lazımdır ki, qazandığın sənin zəhmətinin qarşılığı olsun.

- Sizcə komanda vəziyyətin yaxşılaşması üçün nələr dəyişilməlidir?
- “Xəzər Lənkəran” kimi komandada nizam-intizam yüksək səviyyədə olmalıdır. Gələn il on illiyini qeyd edəcək komandanın heyəti mütləq gücləndirilməlidir. Biz bu heyətlə gələn il çempionluğa oynaya bilmərik. 

- Con Toşakın “Xəzər Lənkəran”a baş məşqçi gətirilməsi heç də birmənalı qarşılanmadı. Belə fikirlər deyilir ki, Toşak kariyerasının eniş dövrünü yaşayır...
- Biz sabah komandaya Mourinyonu da gətirsək, bu birmənalı qarşılanmayacaq. Hər bir məşqçinin kariyerasında eniş və yükşəliş dövrləri olur. Bu təbiidir.  Bir neçə namizəd var idi, onların arasında ən gözəl variant Con Toşak idi. Yəni ölkəsində komandasını çempion etmiş və dəfələrlə kuboklar qazanmış bir məşqçidir. Yəni dünya futbolunda çəkisi olan bir məşqçidir- Con Toşak. Ona görə, seçimimizi edəndə Toşakın üstündə dayandıq. Mənə elə gəlir ki, Toşak “Xəzər Lənkəran”da yaxşı işlər görüb, komandanı irəli apara biləcək.

- “Xəzər Lənkəran”ın aşağı yaş komandalarında da ciddi problemlər var. Bildiyimiz qədər, siz də komandanın uşaq futbolu ilə bağlı vəziyyətlə tanış olmusunuz. Bu problemlər yoluna qoyuldumu?
- 15 gündür idman direktoru kimi işə başlamışam. Mən sehrbaz deyiləm ki, gələn kimi problemləri dərhal həll edim. Uşaq futbolunun vəziyyəti ilə yerindəcə tanış olmuşam. Lənkəran Şəhər Olimpiya Kompleksi qəzalı vəziyyətdədir. Bizim aşağı yaş qruplarında oynayan uşaqlar məşqdən sonra gedib, Olimpiya Kompleksin duşxanasından istifadə edirdilər. Hazırda bizdə o şərait yoxdur. Mən öz fikirlərimi və layihəmi klub prezidenti Mais müəllimə çatdırmışam. Həqiqətən biz uşaq futbolunda inkişafı istəyiriksə, yeni meydançalar, soyunub-geyinmə otaqları tikilməlidir. Yəni uşaqlara futbol oynamaq üçün hər bir şərait yaradılmalıdır. Mais müəllim də fikirlərimi musbət qarşıladı. İnşaallah gələcəkdə uşaq futbolunda gözəl nəticələr olacaq.  Yəni uşaq futbolunun inkişaf etməsi yönündə əlimizdən gələni etməyə çalışacağıq.

- “Xəzər Lənkəran”ın aşağı yaş qruplarının komandaları da bu mövsüm çox zəif təsir bağışlayırlar. Bu komandaların məşqçi heyətinin dəyişdirilməsi gündəmdədirmi?
- Çox düzgün vurğulayirsiz. Bildiyiniz qədər komandanın gənclər inkişaf proqramının rəhbəri İlhan Akgül ay yarımdır ki, fəaliyyətə başlayıb. Onunla görüşmüşəm və gördüyü işlərlə tanış olmuşam. Onun işindən çox razıyam. Həqiqətən də ondan əvvəl “Xəzər Lənkəran”da bu yöndə iş getmirmiş. Düzgün iş aparılsa, bizim aşağı yaş qruplarından çoxlu istedadlı futbolçular yetişəcək. Xüsusu ilə də 11 və 13 yaş qruplarında istedadlı uşaqlar var. Bizim işimiz bir futbol adamı olaraq, işləməkdir. Bu komandada çalışıramsa, futbol biliyimi komandaya verəcəyəm. Bu birmənalıdır.

- Yaxın gələcəkdə “Xəzər Lənkəran”da uşaq futbolun inkişafı istiqamətində ciddi dəyişikliklər görə biləcəyikmi?
- Təkrar edirəm, mən gələn kimi uşaq futbolu ilə taniş oldum. Bizdə uşaq futbolunun vəziyyəti heç də ürəkaçan deyil. Buradan deyim ki, bizdə lazımı infrasturuktur var. Bu yalan olar. Bir qədər əvvəl vəziyyət daha pis olub. Ancaq İlhan hocanın gəlişindən sonra bir sıra probemlər yoluna qoyulması istiqamətində lazımı işlərə başlanılıb.  Baxın yaxşı meydançalar olmasa, oyunçuların soyunub-geyinmə otaqları olmasa, məşqdən sonra uşaqlar isti duş qəbul etməsi üçün şərait olmasa,  ürəkaçan nəticələrdə olmayacaq. Mənim təklif irəli sürmüşəm ki, normal infrastrukturla yanaşı, uşaqların qidalanmasını da təşkil eləmək lazımdır. Çünki, bəzi ailələrdə uşaqların normal qidalanmasına diqqət yetirmirlər. Bu da əsas şərtlərdən biridir. İnşaallah yaxın gələcəkdə bunu da reallaşdıracağıq.

- “Qəbələ” klubunun Uşaq Futbol Akademiyası Azərbaycanın bütün bölgələrinə seleksiyaçı məşqçiləri göndərərək, istedadlı uşaqları komandaya dəvət edirlər. Hətta Lənkərandan belə istedadlı uşaqları “Qəbələ”yə aparırlar. Bu təcrübədən “Xəzər Lənkəran”da yararlanacaqmı?
- “Qəbələ”nin uşaq futbolu ilə bağlı çox yaxşı bir məktəbi var. Bizim üçün çox mənfi bir haldır ki, “Qəbələ”nin futbol məktəbi gəlib Astaradan, Masallıdan və Lənkərandan istedadlı uşaqları “oğurlayıb” aparır. Ona görə ki, “Xəzər Lənkəran”da normal infrstruktur yoxdur. Çalışıb, bu infrasturukturu düzəltmək lazımdır ki, valideynlər uşaqlarını başqa yerə göndərməkdə maraqlı olmasın.  Müşahiələrimə görə, cənub zonasında çoxlu istedadlı uşaqları var. Və onları tapıb, komandaya cəlb etmək lazımdır.

- “Xəzər Lənkəran”ın ən zəif tərəflərindən biri transferlərlə bağlıdır. Daha dəqiq komandaya cəlb olunan əksər futbolçular umidləri doğrultmur. Komandada normal skaut sisteminin yaradılması istiqamətində hər hansı bir yenilik varmı? Yoxsa yeni transferlər məsələsinə yeni baş məşqçi özü baxacaq?
- Mən açıq danışmağı sevən bir adamam. Komandanın prezidenti Mais müəllim həqiqətən futbolu sevən bir adamdır. Komanda uduzanda Mais müəllim çox pis olur. Burada bəzi insanlar var ki, bu insandan sui-istifadə ediblər. İnşşaallah Toşak gəlir. Toşak dünya səviyyəli bir məşqçidir. Onunla bu barədə söhbətimiz olacaq. Əgərlər biz gələn çempion olmaq istəyiriksə, komandanın mütləq skaut sistemi olmalıdır. Səviyyəli futbolçular komandaya gəlməlidir.Bundan sonra skaut sisteminə və oyunçu seçiminə mütləq fikir veriləcək. Çempion olmağı qarşısına məqsəd qoymuş komandada bu işlər mütləq görülməlidir. Bir yerdə ki, iş düz getmir, oradan xeyir tapmaq olmaz, irəliləyişə nail olmaz olmaz.

- İndiyə kimi bir çox tənqidlər vardı ki, “Xəzər Lənkəran” rəhbərliyi peşəkar deyil. Sizdə komandada yeni işə başlamısınız. Sizcə hazırkı rəhbərliklə komanda vəziyyəti düzəltmək mümkündürmü? Söhbət klub prezidentindən getmir.
- Mən yenə deyirəm ki, “Xəzər Lənkəran”a gəlmişəmsə, bura öz biliyimi verəcəyəm. Burada üç gün işləyəcəyəm, beş gün işləyəcəyəmsə, futbol biliyimlə “Xəzər Lənkəran” üçün iş görəcəyəm. Bu birmənalıdır. Heç kim də elə düşünməsin ki, Babək Quliyevi hansısa yolla ələ almaq olar. Ya da yoldan çıxartmaq olar. Əgərləri mən “Xəzər Lənkəran”da çörək yeyirəmsə, birmənalı olaraq arxayın olsunlar ki, Babək Quliyev “Xəzər Lənkəran”ı satan deyil. Bunu bəzi-bəzi unsanlara deyirəm. Sualınıza gəldikdə isə, klub rəhbəri peşəkar olmaya bilər. Klub prezidenti Mais müəllim və klubun fəxri prezidenti Mübariz Mənsimov qəhrəman insanlardır. Bu qəhrəman insanlar qıraqdan qazandığı pulları Azərbaycan futbolu üçün xərcləyirlər. “Xəzər Lənkəran” Azərbaycanda yeganə klubdur ki, qıraqdan qazanılan pullarla maliyyələşir.  “Xəzər Lənkəran”ın bu günə düşməyində bəzi ünsürlərin də əli var. Onlar özləri yaxşı bilirlər ki, kimdən danışıram. Mən üzümü o ünsürlərə tutub deyirəm ki, onların “əllərini” komandadan kəsəcəyəm. Buna arxayın ola bilərlər. O əllər ki, “Xəzər Lənkəran”a uzanıb mən Babək Quliyev olaraq söz verirəm ki, o “əllər” kəsiləcək. Nə qədər “Xəzər Lənkəran”dayam o əllər komandanı dağıda bilməz. Buna əmin olsunlar.

- Bəlkə dediyinizi konkretləşdirəsiz. Dediyiniz həmin əllər klubun içindədir, yoxsa kənardandır?
- Əsasən  kənardandır. Hər bir insan çörək yediyi yerə hörmət etməlidir. Kimliyindən asılı olmayaraq. İstər rəhbər olsun, istər futbolçu olsun. Bir yerdən çörək yeyirəmsə, o yerə sadiq olmağa borcluyam. Yediyim çörəyə, hörmət etməliyəm. Baxın bizim futbolçulara. Əksəriyyəti harınlayıb. Qudurublar. Nizam-intizamları nə gündədir bunların. Niyə qazandıqları pula hörmət etmirlər. Sənin borcundur ki, yaxşı oynayasan və komandanın qalib gəlməsinə öz tövhəni verəsən.

- PFL prezidenti Ramin Musayev sizin təyinatınız barədə xoş sözlər deyib. Yəqin bu barədə məlumatlısız. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Xahiş edirəm növbəti suala keçəsiniz...

- Sizin “Xəzər Lənkəran”a idman direktoru təyin olunması klub rəhbərliyinin müstəqi olduğunu bir daha göstərdi.  Sizin təyinatınız “Xəzər Lənkəran” rəhbərliyinin müəyyən dairələrə verdiyi mesaj sayıla bilərmi?
- Gəlin belə danışaq, mən futbol adamıyam. Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi olmuşam. Vətənimi xaricdə layiqincə təmsil etmişəm. Mais Mənsimova çox minnətdarlıq edirəm ki,  heç kimdən qorxmayaraq, Babək Quliyevə belə təyinat verib. Bəzi media orqanlarında yazılıb ki, bu əzələ nümayişidir filan. Ancaq bunlara fikir vermk lazım deyil. Söhbət bundan gedir ki, Mais müəllim işləyən adamla çalışmaq istəyir. Mais Mənsimov deyir ki, “Xəzər Lənkəran” bu durumda olmalı deyil və bu vəziyyət mənə pis təsir edir. “Xəzər Lənkəran” azarkeşləri pis vəziyyətdə olmamalıdır. Bu boyda infrasturukturun, pulun qabağında komanda bu vəziyyətə düşməməliydi. Bu insan cibinin puluyla komandanı maliyyələşdirir. Hansı ki, bilir ki, xərclədiyi pul geri qayıtmayacaq. Və “Xəzər Lənkəran”ın bu vəziyyətə düşməsi ayıb bir şeydir. Mən azarkeşlərlə görüşmüşəm. Həqiqətən də “Xəzər Lənkəran” azarkeşi möhtəşəmdi. Azərbaycanda bir nömrədir. Belə bir azarkeşləri stadiondan küsdürmək və onları incitmək olmaz.  Bu qətiyyən yol verilməzdir.

- “Xəzər Lənkəran”ın avrokuboklara vəsiqə qazanması üçün yeganə ümidi Azərbaycan kubokuna qalıb. Sizcə komandanın indiki heyəti kuboku qazanmaq mümkündürmü? 
- Düzünə qalsa, bu heyətlə bizə kuboku qazanmaq çox çətin olacaq. Bu heyətlə çıxb deyək ki, biz Azərbaycan kubokunu qazanacağıq, yalan danışaram. Bizim əsas işimiz, gələn il on illiyə hazırlaşmaqdır. Toşakında indi komandaya dəvət olunması  bununla bağlıdır ki, gələn mövsümə yaxşı komanda formalaşdırsın. İndidən hansı yerlərdə boşluqlar varsa, həmin boşluqları doldurmaq üçün futbolçu axtarışlarına başlasın. Bu futbolun qaydasıdır. Biz Toşaki mayda da dəvər edə bilərdik. İyunda Toşak gəlsəydi, onun yeni komanda yaratmağa üç ay vaxtı qalırdı, indi isə 6 ay vaxtımız olacaq. Ona görə, “Xəzər Lənkəran” klubunda iş çoxdur. İşdən də qorxmaq lazım deyil. Azarkeşlərə üzümü tutub deyirəm ki, komandanın hazırda elə bir dövrüdür ki, azarkeş dəstəyinə ehtiyyacı var. “Yıxılana da balta çalan çox olar” deyiblər. Əgər azarkeşlərimiz də bizə balta vursalar, onda biz neynəyəcəyimiz bilmərik.