19 Mart 2013 Salı

Babək Quliyev: "Bəzi mətbuat orqanlar sensasiya axtarırlar"



Bu gün “Futbol+” qəzetində “Toşak Babək Quliyevin idarəçiliyini bəyənmədi”  başlıqlı yazı dərc olunub.


Yazıda qeyd edilib ki, “Xəzər Lənkəran”ın idman direktoru Babək Quliyev məşq zamanı ikitərfli oyunu idarə edib. Onun idarəçiliyini bəyənməyən baş məşqçi Con Toşak Babək bəyin ofsayd qərarından narazı qalaraq “bu, referinin son oyunu olacaq. Daha ona fiti etibar etməyin” - deyib.

Məsələyə aydınlıq gətirmək üçün məşqdə yaşanmış bu məqamla bağlı Quliyevin fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Babək bəy sualımızı gülüşlə qarşıladı və bunları dedi:

“Məşq xarakterli ikitərəfli oyun keçirtdik və idarəçiliyi öz üzərimə götürdüm. Epizodların birində Tounkara ofsayd vəziyyətinə düşdü və mən oyundankənar vəziyyət qeydə aldım. Toşak isə  məşq olduğu üçün belə epizodları saxlamamağımı istədi.

Qeyri-adi heç nə baş verməyib. Sadəcə bəzi mətbuat orqanlar sensasiya axtarırlar, buna isə ehtiyac yoxdur. Ona qalsa, bügünkü məşqdə Toşak özü mənə yaxınlaşaraq hakimlik etməyimi istədi. Əgər demişdisə ona fiti verməyin, bu gün niyə belə etdi? Qoy, bunu da yazsınlar”